Vaxtı ilə aparıcı olmuş Günel Hümbətova 2015-ci ildə Firuz Soliyevlə ailə həyatı quraraq ABŞ-a köçmüşdü. Jozefina adlı bir qızları da olan cütlük, 8 illik birgə yaşayışdan sonra xoşbəxt olmadıqlarının fərqinə vararaq, boşanmaq qərarına gəliblər.

P.S. Şou-əhli hara, 8 il bir yerdə yaşamaq hara? Yəqin ki, onlar ABŞ-da yaşamasaydılar müğənni Rəqsanə İsmayılovanın qızı Aysun kimi, toydan 1 il sonra boşanardılar. Hələ zor adamlardır ki, 8 il bir yerdə yaşayıblar. Burada olsaydılar, normal şou-əhli kimi, 8 ildə 8 dəfə evlənib-boşanardılar, mən ölüm.

***

Xəbər verilir ki, model sevgilisini döyən Ziya Hüseynzadə, barəsində seçilən həbs qətimkan tədbiri ilə razılaşmayaraq, apellyasiya şikayəti verib.

P.S. İndi iş obyektiv araşdırmalıdır. Bilmək lazımdır ki, Ziya bəy sevgilisini model kimi döyüb, yoxsa öz arvadı kimi. Əgər model kimi döyübsə, onda günahkardır, modeli qorumaq lazım idi. Ona görə də, günahkar kimi cəzasını da almalıdır. Yox əgər, öz arvadı kimi döyübsə, onda günahsızdır. Məşədi İbadın sözü olmasın, arvad kişidən nə qədər çox kötək yesə, bir o qədər yaxşıdır. Bu prinsip isə şou-əhli üçün iki qat keçərlidir.

***

Sosial şəbəkələrdə “Günay_fardi” kimi tanınan blogger cütlüyün qalmaqallı şəkildə ayrılmasına Günay Mehdiyeva belə aydınlıq gətirib: “Dəfələrlə xəyanətlə üzləşmişəm. Lakin şəkillərimi və nömrələrimi yayaraq məni şantaj edir. Harada görünüb ki, bir insan həyat yoldaşının şəkillərini yaysın? Hansı kişiliyə aiddir?”.

P.S. Buyurun, bu da sənə şou-əhlinin ürəyiyumşaqlığı. Yazıq kişinin gör ürəyi nə qədər yumşaqdır ki, istəyir həyat yoldaşının bütün tərəflərini özü kimi başqaları da görsün. Bir də ki, maraqlıdır, Günay xanım ərdə ola-ola, açıq-saçıq şəkillərini sosial şəbəkələrdə özü yayanda yaxşıdır, keçmiş əri yayanda pis? Mən cütülüyün keçmiş ərində heç bir günah görmürəm. Kişinin oğlu bir az ürəyiyumşaqlıq edib dayna. Bununla da o, göstərmək istəyib ki, paxıl deyil, lazımsa Günayın gürünməyən tərəflərinə siz də baxın...

***

...Mətbuatdan aydın olur ki, Azərbaycanın Koreyadakı səfirliyində maliyyə məsələləri üzrə attaşe işləmiş Nəcib Osmanov, səfirlik işçilərinin kommunal və sığorta ödənişləri üçün ayrılmış 347 min dollar vəsaiti mərc, həmçinin qumar oyunlarına xərclədiyinə görə həbs edilərək, 6 il müddətinə azadlıqdan məhrum edilib.

P.S. Bu Nəcib Osmanov kimdirsə, çox nəcib iş tutub. Kişinin oğlu istəyib ki, koreyalılara Azərbaycanda papaq altda necə oyunbaz oğlanların olduğunu göstərsin. Sadəcə bir balaca bəxti gətirməyib və 347 min dolları qumarda batırıb. Amma Nəcib Osmanov bizim DSK-nın sədri, mahir oyunbaz Məzahir Pənahovu da özü ilə qumar oynamağa aparsaydı, indi milyonların sahibi idi. Adam tək yemək istəyəndə axırı belə olur da bə...

***

Sosial şəbəkələrdə yazılanlardan aydın olur ki, yaxın günlərdə FHN naziri Kəmaləddin Heydərov, Ədliyyə Naziri Fikrət Məmmədov və Elm və Təhsil Naziri Emin Əmrullayev yola salınacaq. Yəni ölkədəki işsizlərin sayı 3 nəfər də artacaq.

P.S. Çox ağır dərddir. Anadan olandan nazir işləyəsən və birdən-birə işsiz qalasan. O biri iki naziri qoyuram bir kənara. FHN naziri Kəmaləddin Heydərova isə çox yazığım gəlir. O adam gözünü açandan vəzifələrdə, o cümlədən ömrünün çox hissəsini FHN-nin naziri kimi keçirib. Həmişə də maaşla  dolanan adam olub. İndi nazir postunu tərk edəndən sonra yazıq necə dolanacaq? Fövqəlnazir adını qazanmış, bütün nəsil və nəcabəti üçün heç bir mal-mülk, sərvət, obyektlər, villalar saxlamayan, nazir işlədiyi bu uzun  müddətdə heç vaxt adı korrupsiya əməlində çəkilməmiş Kəmaləddin müəllimi, cüzi pensiya pulu ilə yaşamağa məhkum etmək istəyənlər, qoy tarix qarşısında cavab versinlər.

***

Millət vəkili Fazil Mustafa ötənn həftə keçirilən Milli Məclisin son iclasında dərmanların bahalığından danışarkən belə deyib: “Bir seçicim 100 manatlıq dərmanı 300 manata aldığını bildirir. Çünki buna məcburdur. Ölkədə dərman vasitələrinin qiyməti daim artmaqdadır”.

P.S. Fazil bəy, dərmanların qiyməti artmalıdır də... Əvvəla, ucuz dərmanpın şorbası... üzr istəyirəm, faydası olmaz. İkincisi isə, belə məsələni, hörmətli Fazil bəy, bu dərmanları monopoliyada saxlayan “Avromed” şirkətinin rəhbəri, deputat həmkarın Cavanşir Feyziyevdən soruş da bə... yeri gələndə heç Cavanşir bəyi də qınamalı deyil axı. Çünki 2021-ci ilin noyabrında Londonun Cinayətkarlıqla Mübarizə Agentliyi Feyziyevlər ailəsinin bank hesabında olan və hazırda dondurulmuş 15 milyon funt-sterlinqi (34.7 milyon AZN)  “çirkli pul” sayıb. Məhkəmə qərarı ilə müsadirə edilən 5.6 funt-strerlinq isə bu məbləğin bir hissəsidir. İndi deputat Cavanşir Feyziyev 100 manatlıq dərmanı 300 manata satmalıdır ki, əlindən çıxmış pulların yerini doldursun dəə... Ona görə də dərmanın baha olması təəccüb doğurmamalıdır.

***

Ukrayna ordusu müharibəni artıq Rusiyanın ərazisinə keçirib. Belə ki, Ukrayna ordusunun dəstəyi ilə, ruslardan ibarətə könüllü döyüşçülər Belqorodun 5 min əhalisi olan bir qəsəbəsini tam nəzarətə götürüblər.

P.S. Belə yerdə deyiblər e, nə tökərsən aşına, o da çıxar qaşığına. Daha bir atalar sözü də yerinə düşür, “Döymə taxta qapımı, döyərlər dəmir qapını”. İndi Rusiya əhalisi müharibəni öz dərilərində hiss edəcəklər. Bəlkə bundan sonra ayılıb Putinə qarşı ayağa qalxdılar. Hazırda isə rusların bir-birini qırması maraqlı mənzərədir. Necə deyərlər, “Qırılan sizdən olsun, ağlayan bizdən”. Amma biz ağlamırıq, tamaşa edirik ki, o boyda nəhəng imperiya gözümüzün qabağında necə çökür?

***

Meyxanaçı Namiq Qaraçuxurlu bir dəfə evlənib boşanandan, bir neçə il də Aygün Kazımova ilə yaşayıb-ayrılandan sonra, yenidən evlənib. İndi bu evliliyindən danışan N.Qaraçuxurlu belə açıqlama verib: “Evlənəndən sonra həyatım çox dəyişdi. Belə daha yaxşıdır. Çünki ona qədər fikirləşirsən ki, nə əldə etmişəm? Boş-boş şeylərə enerji sərf edib, pul xərcləyirsən...”

P.S. Yazıq Namiq, gör Aygün Kazımovaya nə qədər enerji sərf edib, pul xərcləyibsə, hələ də özünə gələ bilməyib. Bu barədə ad çəkməsə də yenə danışır. Allah Aygünün də xasiyyətini kəssin, yapışdığının şirəsini axıra qədər çəkməsə, buraxmır dəə... Namiq də ailə həyatının nə olduğunu yalnız indi-indi anlamağa başlayıb. Ax, ax, ax... Bu Aygün Kazımovaya mən nə deyim axı? Fikirləşməyib ki, bu Namiq özündən sonra başqasına da gərək ola bilər. Öz aramızdır, Namiq Aygündən hələ belə qurtara bilibsə, min şükür. Necə deyərlər, Allah xoşbəxt eləsin.

***

Müğənni Nadir Qafarzadə “Zaurla Günaydın” verilişində bağ evi aldığını bildirərək belə deyib: “Bağ mövsümü başlayıb. Orada sakitçilikdir. Adam şəhərə gəlmək istəmir. 15 gündür almışam, hovuzu da var. Mərdəkandadır, amma böyük deyil...”.

P.S. Ay alma yanaqlı, gül dodaqlı, maral gözlü Nadir Qafarzadə, bəs pandemiya dövründə efirlərdə ağlaş qurmuşdun ki, yeməyə heç nə yoxdur, acından ölürsən. Amma indi hovuzlu-zadlı bağ evi alırsan, özü də Mərdəkanda. Belə yerdə deyiblər e, get özüvə gəl, alə...

***

Yazıçı-kulturoloq Aydınxan Əbilov sosail şəbələrədə bəyan edib ki, toy və yas sahibləri əldə olunan gəlirdən vergi verməlidir.

P.S. Belə yerdə, haqlı bir sual yaranır: - Aydınxan bəy, sən ayının əmisi oğlusan, yoxsa bizim? Rəhmətliyin oğlu, toy və yas sahibləri heç gəlir əldə edə bilirlər ki? Sən bu cəmiyyətdə yaşamırsan bəyəm? Bilmirsən ki, yas mərasimlərində yığılan pullar şeyx Allahşükür Paşazadəyə, toylarda yığılan pullar isə şadlıq evlərinin sahiblərinə çatır? Toy sahibləri həmişə şadlıq evlərinin sahiblərinə borclu qalırlar. Sən deməlisən ki, toy və yas keçirilən yerlərin sahibləri əldə etdikləri gəlirdən vergi verməlidir. Sən niyə eşşəyi bir kənara qoyub, palanı döyürsən? Oğluna nə vaxtsa, toy edəndə görərsən ki, 5 manat da gəlir əldə edə bilməyəcəksən. Onda vergini kimin ödəyəcəyi ünvanı düz göstərəcəksən. Ağzın hələ isti yerdədir, Aydınxan bəy...

ELÇİN

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

elcin-mmmdli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN