Müdriklər deyib ki, “müəllim” sözü yox, müəllimlik müqəddəsdir. O da məlumdur ki, bu bəşəri əhəmiyyətli peşə olan müəllimliyə ruhən bağlı olan, hər bir məqamda bu peşəyə nüfuz və hörmət gətirən, onu urvatlandıran əhatəli savada, “ürəyimi uşaqlara verirəm” (Makarenko) düşüncəsi ilə ömrünü xalqının gələcəyi olan nəslin yolunda şərəflə şam etməyi bacaran müəllimlərdir. O müəllimlər ki, onlar haqqında Makedoniyalı İsgəndər “Valideynlərim məni göydən yerə endirib, müəllimlərim isə məni yerdən göyə qaldırıb” deyib. O müəllimlər ki, böyük türk kişisi Mustafa Kamal Atatürk “Bir cəmiyyətin millətə çevirilməsi üçün müəllimə ehtiyacı vardır” deyir. Almaniyalı O.Bismark “Bütün müharibələri generallar və onların orduları deyil, müəllimlər qazanır”, İngiltərənin Baş Naziri olmuş U.Çörçill isə “Məktəb müəllimi baş nazirdən çox gücə malikdir” deyir...

Bu gün Azərbaycanda fəxrlə yuxarıdakı fikirləri aid etdiyim müəllimlərdən biri də Ağdam rayonu 68 nömrəli köçkün tam orta məktəbinin çoğrafiya müəllimi və eyni zamanda tədris işləri üzrə direktor müavini Məmmədov Allahverdi Nəsib oğludur. O, 1977-ci ildən başlayan pedaqoji fəaliyyətinin nəticəsi olaraq bu gün çəkdiyi zəhmətin, peşəsinə olan sevgisinin uğurlu nəticəsi olaraq “Tərəqqi” medalına  layiq görülmüş və “Əməkdar müəllim” adını daşıyır. Əlbəttə, təlim-tərbiyə işində yeniliyə can atmaqla fasiləsiz yaradıcı əmək öz bəhrəsini verməli idi. Saysız-hesabsız mükafatlar, tərifnamələr, təltiflər, haqqında olan çəkilişlər, yazılan məqalələr... fəxr edilməli bir müəllimin - Allahverdi Nəsib oğlunun təhsil işində sərf etdiyi ömrünün layiqli bəhrəsi olmalı idi.

Bəli, Allahverdi müəllim layiqli vətəndaş olmaqla yanaşı, maraqlı və zəngin bioqrafiyaya malikdir. O, 1959-cu ilin baharında Qarabağın ağır ellərindən olan Mərzili kəndində anadan olmuşdur. Onun birinci sinfə getməsinin də (1965) maraqlı tarixçəsi vardır. Belə ki, atası Nəsib kişi Qarabağın tanınmış tərəkəmələrindən olduğu üçün məktəbə əlçatanlq mümkün deyildi. Allahverdi yaşı çatmasa da, dayısı uşaqları - Səfər və İbrahimlə birlikdə inadkarlıqla məktəbə getməsini valideynlərindən  tələb edirdi . Ancaq o zaman yaşının çatmaması hər kəsi çətin seçim qarşısında qoyurdu. Bu zaman Mərzili kənd orta məktəbində müəllim işləyən qohumlarından mərhum Xalıqverdi Rəhimovun və Nəsib Şirinovun işə qarışması maneəni aradan qaldırır və dayıları İngilisin, İnqilabın və İdrisin  himayəsində Allahverdi birinci sinfə gedərək orta təhsil almağa başlayır. Dayılarının həyat yoldaşları da onu övladlarından seçməz və sevgi ilə qayğısını çəkərdilər, yaxşı oxuması üçün,  necə deyərlər, dəridən-qabıqdan çıxardılar.

On il ərzində Allahverdi  yay tətillərini Dəlidağda keçirər və anası Şamaxı xanımın nəvazişi ilə əhatələnərdi. Allahverdi üç ay Dəlidağın təmiz havasını udar, sərin bulaqlarından içər, çaylarında çimər, quzeylərindəki qarın paklığını müşahidə edər, güney çəmənliklərində dincələr və şən bir uşaqlıq dövrünü yaşayardı. Belə bir mühitdə böyüyən, yaşayan Allahverdi sentyabr ayının 1-də  məktəbinə dönər, dərslərinə başlayar  və “zəif oxumağa  haqqı olmazdı”. Məktəbə, təhsilə dərin bir bir maraqla valideynlərinin ona verdikləri cibxərcliyinin  də çoxunu kitab almağa sərf edərdi. Allahverdinin son zəng ərəfəsində 2 mindən çox kitaba malik olan kitabxanası vardı. Kitaba, mütaliyəyə həvəsi bəlkə də, onun uşaqlıqdan poeziya həvəskarı olması ilə bağlı idi...

Beləliklə, əla qiymətlərlə oxuyan Allahverdi 1975-ci ildə Mərzili kənd orta məktəbinin məzunu oldu və məqsədi Azərbaycan İncəsənət İnstitutunda təhsil almaq idi. Ancaq Bakıda anasının yaxın qohumu, professor Misir Rəhimovla (Böyükxanlı) rastlaşması və onun kəndimizin gələcəyinə hesablanmış məsləhət və tövsiyəsi Allahverdinin yolunu BDU-ya yönəltdi. Kəndimizdə çoğrafiya müəllimlərinə ehtiyac olduğunu bilən və bu gün də xeyirxahlığını unutmadığı mərhum riyaziyyat elmləri doktoru, professor Misir Rəhimovun (Böyükxanlı) məsləhəti ilə Allahverdi BDU-nun geoloji coğrafiya faküıtəsinə daxil olur. Allahverdi o zamandan Misir müəllimi rəhmət duaları ilə yad etməklə bərabər, o zaman ali təhsili ilə bağlı yaşadığı maraqlı həyat epizodunu fərəhlə xatırlamaqdadır.

***                                                                           

1977-ci ildə Allahverdi Nəsib oğlu II kursda oxuduğu zaman qiyabi  şöbəyə keçəsi olur. Buna səbəb o zaman atasının işlədiyi Xocavənd rayonunun Qarakənd kəndindəki fermada 30 nəfərədək məktəbyaşlı azərbaycanlı uşaqların təhsildən kənarda qalması idi. Məktəbin hədsiz dərəcədə uzaq olması, həmin uşaqların təhsilə cəlb edilməsi üçün internat tipli məktəbin yaradılmaması bu uşaqların məktəbə cəlb edilməsini mümkünsüz edirdi. Rayon rəhbərliyinin və ata-anasının xahişi ilə Allahverdi 1977-ci ildə həmin uşaqları təhsilə cəlb edə bildi. Qısa vaxtda məktəb tikildi, sinif otaqları yaradıldı. İbtidai tipli olan və iki növbə işləyən bu məktəbdə 34 nəfər uşaq oxumağa başladı. IV sinifdən sonra isə valideynləri həmin uşaqları Mərzili kənd orta məktəbinə göndərirdilər. Bu gün həmin uşaqların çoxu Azərbaycanda və dünyanın müxtəlif ölkələrində elm, təhsil və iqtisadiyyatın müxtəlif sahələrində çalışmaqdadırlar. 

Allahverdi Məmmədov hərbi xidmətini 1979-cu ildə başa vurduqdan sonra əvvəlki işinə dönür. 1982-ci ildə isə Mərzili kənd orta məktəbinə coğrafiya ixtisası üzrə müəllim təyin edilir. Bu o zaman idi ki, artıq çox nüfuzlu məktəb direktoru Bayram Bayramovun fədakarlığı sayəsində kənddə internat tipli məktəb yaradılmışdı. Valideynləri fermada işləyən uşaqlar da hər cür təminatı olan həmin məktəbə cəlb edilmiş və ferma məktəbinə ehtiyac qalmamışdı.

Daim yeniliyə can atan, dərslərinə yaradıcı yanaşan Allahverdi müəllimin adı çox keçmədi ki, rayonun qabaqçıl müəllimlərinin adı ilə bir sırada çəkilməyə başlandı. O, 1982-ci ildə Ağdam rayonu üzrə coğrafiya olimpiadası komissiyasının üzvü, 1986-cı ildə həmin komissiyanın sədri və eyni zamanda zona komissiyasının 5 nəfərlik üzvlərindən biri seçildi. Bütün bunlar gənc müəllimə yüksək etimadın göstəricisi idi. Bu etimadı layiqincə doğruldan Allahverdi müəllimin əməyini məktəb və rayon təhsil şöbəsi də dəfələrlə fəxri fərmanlarla, diplomlarla, Təhsil Nazirliyi isə “Baş müəllim” adına layiq görməklə qiymətləndirmişdir. Ardınca - 1991-1992-ci tədris ilində isə Ağdam rayonu üzrə “İlin ən yaxşı müəllimi” seçilmiş və bir il ərzində hər ay 100 manat pulla mükafatlandırılmışdır. 1993-cü ildən başlayan köçkünlük dövründən sonra, 2004-cü ildə isə Allahverdi müəllim “Sabah” Beynəlxalq Xalq Humanitar Təşkilatının Qarabağ zonası üzrə təhsil şöbə müdiri seçilmişdir...

1992-ci ildə Xudu Məmmədov adına Mərzili kənd orta məktəbində kadr dəyişikliyi zamanı kimya elmləri üzrə fəlsəfə doktoru Hüseynalı Hüseynov məktəbin direktoru, Allahverdi Nəsib oğlu isə tədris işləri üzrə direktor müavini seçilmişdir. Hər iki ziyalımız 1994-cü ildən Ağdam rayonu 68 nömrəli köçkün tam orta məktəbində eyni vəzifələri şərəflə daşımaqdadırlar. Bundan sonrakı fəaliyyəti zamanı da Allahverdi müəllim zəhmətinin layiqli qiymətini almışdır. Azərbaycan Respublikasının Prezidenti  Allahverdi müəllimi  Ali mükafatla - “Tərəqqi” medalı ilə təltif etmişdir (03.10.2006). 2018-ci ildə ölkə Prezidenti İlham Əliyevin 4 oktyabr 2018-ci il tarixli sərəncamı ilə Allahverdi müəllim “Əməkdar müəllim” fəxri adına layiq görülmüşdür. Həmin ilin noyabr ayında isə Allahverdi müəllimə daha bir etimad göstərilmiş və o, Azərbaycan müəllimlərinin XV Qurultayına nümayəndə seçilmişdir.

Allahverdi müəllim bu günə qədər dərs dediyi şagirdlər və rəhbərlik etdiyi pedaqoji kollektiv tərəfindən də həmişə sevilmişdir. Bu səmimi sevginin sirri onun tələbkar olduğu qədər də ədalətli olmasındadır.

Allahverdi müəllimin dövri mətbuat səhifələrində təhsilimizlə, ictimai-siyasi məsələlərlə bağlı müntəzəm məqalələrlə çıxışlarına görə o, 2018-ci ildə “Qızıl qələm” media mükafatına layiq görülmüşdür. Onun özü  haqqında  isə “Azərbaycan ziyalıları”, “Ağdamın körkəmli ziyalıları” kitablarında, eləcə də müxtəlif qəzet və jurnallarda onlarla geniş həcmli məqalələr, şeirlər çap olunmuşdur. Onun haqqında olan şeirlərin bir bəndində deyilir:

El-oba danışır yaxşılığından,

Ziyalı, el qədrini bilən adamdır.

Götürüb yaxşılıq dəsmalı ilə

Aradan pisliyi silən adamdır.

Allahverdi müəllim haqqında olan yazı müəlliflərinin hamısı onun köçkünlük dövründə təmənnasız olaraq ali məktəblərə hazırlaşdırdığı  və bu gün müxtəlif peşə və vəzifələrdə çalışanları xatırladırlar...

Qeyd edim ki, köçkünlük həyatının ilk vaxtlarında (1993-1994) Allahverdi müəllim Ucar rayonu Ramal kənd orta məktəbində müəllim işləmişdir. Bu qısa müddətdə də Allahverdi müəllim Ramal kəndinin və məktəbin pedaqoji kollektivinin dərin hörmətini qazanmışdır. Özü də həmin kəndin insanlarını həmişə xoş xatirələrlə yada salmaqdadır.

***

Allahverdi müəllim çoxuşaqlı ailədə böyüyüb. Qardaşları -Vəkil, Vəzir, Vaqif, bacıları - Ballı, Güllü, Bəsti, Qızbəs, Bənövşə. Özü isə üç övlad atasıdır - iki qız və bir oğul. Qızları - Yeganə və Rəbiyyə müəllim, oğlu Elnur isə yüksək ixtisaslı maliyyə işçisidir. Allahverdi müəllimin həyat yoldaşı Tərlan xanım da təhsil sahəsində çalışır. Allahverdi müəllimi gələcəyə bağlayan nəvələri - Ayaz, Aysu, Əvəz, Əli, Sərfinaz, Səid, Uğur, Ləman və Cəsurdur. Ayazın  44 günlük Vətən müharibəsinin qazilərindən biri kimi sinəsini “Cəbrayılın azad edilməsi” və “Qubadlının azad edilməsi uğrunda” medalları bəzəyir. Aysu babasının yolunu davam etdirməkdədir - ali təhsilini Pedaqoji Univerisitetin Ağcabədi filialında, coğrafiya-tarix fakültəsində almaqdadır.

Bir kəlamda deyilir ki, bahar fəsli olan dünyada yaşamağa dəyər. Mən də çəkinmədən deyə bilərəm ki, Allahverdi müəllim kimi ziyalıların, insanların olduğu bir mühitdə, kənddə, şəhərdə  yaşamağa və işlədiyi kollektivdə işləməyə dəyər.

İnanmıram ki, elə bir peşə, sənət sahibləri olsun ki, başqalarının müəllimlər qədər taleyi olmağı bacarsın. Təbii ki, “Ən pis tale heç kimin taleyi olmamaqdır...” (A.Eynşteyn). Bəlkə də Allahverdi müəllim bu günə qədər minlərlə insanın taleyi olmağı bacarıb və bu müqəddəs missiyasını davam etdirməkdədir.

Hər il aprel ayının 28-də Allahverdi müəllimin əzizləri, dostları onun ad günü təbrikinə toplaşırlar. Mən də indidən Allahverdi müəllimi təbrik edir və ona həmişə hər yerdə fərəhin yükün olsun deyirəm.

Yusif Millətoğlu,

şair-publisist, AYB-nin üzvü

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN