(Yaxud, koronaya Avropadan baxış…)

 …Kovid-19 (koronavirus) haqqında ilk dəfə 2020-ci ildə yazdım. O vaxt düşünmürdüm ki, bu virusun mövcudluğu və təsiri illərlə davam edəcək, mən də yaşadığım İsveçrədə bu xəstəlik və onun fəsadları barədə silsilə yazılar yazmaq zorunda qalacam. Amma təəssüf... Artıq bir neçə ildir planetimiz “Covid-19” adli yeni tarixi bir dövr yaşayır. 2019-cu ildə Çində meydana çıxmış koronavirus Böyük Çin Səddini aşaraq 2020-ci ilin martında Avropaya da gəldi və bu, “Qoca qitə”nin həyatını iflic vəziyyətə saldı. Əlbəttə ki, məsələ Avropa ilə məhdudlaşmadı. Amerika kimi nəhəng də özünütəcridə keşdi. İnkişaf etmiş ölkələrin iqtisadiyyatı axsamağa başladı. Heç şübhəsiz ki, kiçik İsveçrə də istər-istəməz bu hadisələrin mərkəzində qaldı və bu vəziyyət hələ də davam etməkdədir.

 Onu da deyim ki, bu gün bəşəriyyəti yalnız Kovid-19 deyil, həmçinin kovidətrafı sindrom vəziyyəti də maraqlandırır, narahat edir. Artıq  dünyada xeyli insan uzun sürən koviddən əziyyət çəkir? Yəni, kovidin yaratdığı fəsadlardan - kovidətrafı sindromdan. Bəs kovidətrafı sindrom haqda bizə nə məlumdur? Pandemiya səngiməyə doğru gedirmi?

 İlk olaraq deyim ki, pandemiyanın 5-ci dalğası İsveçrədə də özünün pik həddinə çatdı. Belə ki, hökumət son günlərdə 29144 nəfərin yoluxduğunu, 141 nəfərin xəstəxanaya yerləşdirildiyini, 11 nəfərin öldüyünü xəbər verir. Bu rəqəmlərdən bəlli olur ki, ümumən gündəlik yoluxma hallarının göstəricisi yüksək olaraq qalır, ancaq Federal Səhiyyə İdarəsinin (OFSP./BAG) gəldiyi nəticəyə əsasən epidemiyanın inkişaf xətti enişə doğru gedir. Virusun hazırda “at oynadan” ştamı isə əsasən gənclər və əmək qabiliyyətli əhali arasında tüğyan edir. Bununla belə, xəstəxanalıq xəstələrin sayı artmır. İntensiv müalicə şöbələrində sabit olaraq təxminən 200 xəstə müalicə alır ki, bu da ümumi yerlərin 24 faizi qədərdir.

 Kovid -19-un uzun sürən təsirləri   

 İsveçrədə xəstələnən hər 5 nəfərdən birinin koviddən uzun müddət əziyyət çəkməsi mümkündür. Ekspertlərin rəyinə görə, pandemiyanın sonu uzaqda deyil. Ancaq onun nəticələri-təsirləri hələ çox hiss olunacaq. Belə ki, bu xəstəliyi keçirən insanların çoxu hələ də normal həyata, əvvəlki yaşayış tərzinə qayıda bilmir. Yoluxub sağalmış insanların çoxu əvvəlki əmək qabiliyyətini müəyyən qədər itirir. Söhbət uzunmüddətli koviddən və ya “kovidətrafı sindrom”dan gedir. Ötən çərşənbə axşamı İsveçrə səhiyyə nümayəndələrinin keçirdiyi brifinq də məhz bu məsləyə həsr edilmişdi.

***

 Dünya Səhiyyə Təşkilatının  (DST) təyin etdiyinə görə, uzanmüddətli kovid koronavirusa yoluxmadan sonrakı 3 ayda meydana çıxır, 2 aydan az olmayaraq davam edir. Və bu, başqa heç bir diaqnoz ilə izah edilə bilməz.  Əsas əlamətləri: yorğunluq, tənginəfəslik, dadbilmənin itirilməsi, yaddaşın və diqqətin cəmlənməsində yaranan problemlər, əzələ ağrıları, baş ağrıları.

 Bu əlamətlər daimi ola və ya zamanla gedib-gələ bilər. Hazırda kovidətrafı sindrom çox yayılmış hesab edilir. İsveçrənin Sürix vilayətində kovidə yoluxmuş 1500 nəfər üzərində aparılan müşahidələrə görə, bütün xəstələnlərin hər 4 nəfərindən 1-də yoluxmadan təsir qalır. Belə ki, bu xəstəliyə düçar olmuş hər 100 nəfərdən 25-i yoluxmadan 6 ay keçəndın sonra belə, hələ də sağalmış hesab edilmir. Hər 100 nəfərdən 3-ü isə daima xəstəlikdən qalan ağır əlamətlərdən əziyyət çəkir. Hətta 1 il ötdükdən sonra, xəstəliyi keçirənlərin 20 faizi xroniki yorğunluqdan, 10-15 faizi isə diqqətin cəmlənməsi, dadbilmə problemi və s. narahatlıqlar yaşayır.  

 Cenevrə Universiteti Hospitalının (HUG) nümayəndəsi Meysam Hemin qeydlərinə görə, bu xəstəliyi keçirmiş bir çox insanda onun əlamətləri 6 aydan 2 ilədək qalır. 1600 insan üzərində aparılmış müşahidələrin nəticələrinə görə, peyvəndlər kovidətrafı sindromu 36 faiz azaldır.

 Ümumiyyətlə, uzunmüddətli kovid səhiyyə, cəmiyyət, hətta iqtisadiyyat üçün böyük bəladır. Bir faktı qeyd etmək kifayətdir ki, 2021-ci ildə İsveçrədə kovidətrafı sindromla bağlı 1700 nəfər əlilliyə görə sığorta şirkətlərinə müraciət edib.

 Uzunmüddərli kovidin əhalidə yaratdığı sağlamlıq probleminin həlli üçün indi İsveçrədə 2 işçi qrup fəaliyyət göstərir. Bu qrupların tərkibinə xəstəlikdən sonra bərpa üçün ekspertlər, tədqiqatçılar, müalicə təşkilatlarının nümayəndələri, İsveçrə Həkimlər Federasiyası, sığorta şirkətləri və s. daxildir. Məqsəd, uzun sürən kovidlə əlaqədar Milli reyestrin yaradılmasını təmin etməkdir.      

 Bu günlər İsveçrədə pandemiya ilə əlaqədar tətbiq olunmuş bütün qadağaların ləğvi məsələsi müazkirə edilir. Federal Şura 17 fevral tarixdən qadağaların (bura maska taxmaq da daxildir) tam və ya mərhələli şəkildə aradan qaldırılmasını təklif edir. Hələ 2 il öncə heç kim təsəvvür etmirdi ki, elm-texnikanın belə inkişaf etdiyi bir zamanda –XXI əsrin əvvəlində bəşəriyyət bu cür qlobal tibbi problemlə – kovid-19-la üzləşə bilər. Təəssüf ki, bu bəlanın haradan peyda olması fərziyyələrinin sırasında kovidin insan əli ilə yaradılması versiyası da mövcuddur. Bu pandemiya həm də bəşəriyyət – insanlıq üçün bir sınaq rolunu oynadı. Kimin ekstremal vəziyyətlərə daha dayanıqlı, hazırlıqlı olması ortaya çıxdı. Bu gün dünyanın inkişaf etmiş ölkələrində, Avropada, Amerikada pandemiya ilə əlaqədar qadağaların ləğv olunması üçün etiraz aksiyaları, yürüşlər, nümayişlər keçirilir. İnsanlar – etirazçılar öz ölkələrinin iqtisadiyyatına, səhiyyə və sığorta sistemlərinə güvənirlər.

***

 Bəs bizdə-Azərbaycanda vəziyyət necədir? Azərbaycanın da qarşılaşdığı qlobal problemləri həll etmək üçün potensialı varmı? Əlbəttə ki, var. Dünyanın bir çox ölkələrindən (eləcə də qonşularından) fərqli olaraq Azərbaycanın imkanları yetərincədir. Belə vəziyyətlərdə yaxşı, qənaətbəxş göstəricilərə nail olmaq üçün sadəcə ölkədə həqiqi, faydalı islahatlar həyata keşirilməlidir. Elm sahəsi Ramiz Mehdiyevlərdən, İqtisadiyyat Rövnəqlərdən, idarəetmə Əli Həsənovlardan təmizlənməlidir… Gənc, eləcə də vətəninə, onun dəyərlərinə, qayğılarına yaxşı bələd olan mütəxəssislərə yer verilməli, imkanlar tanınmalıdır. Gənclər kiminsə qohumu, yaxını olduğu üçün yox, öz sahəsinin həqiqi bilicisi olduğu üçün irəli çəkilməlidir. Ölkədə yeni istehsal sahələri, iş yerləri yaradılmalı, sırorta (xüsusən də tibbi sığorta) məsələləri qaydaya salınmalıdır. Azərbaycanın yaxşı kadr potensialının olduğuna şübhəm yoxdur. Əgər belə olmasaydı, bu gün Almaniyada 1500-dək azərbaycanlı həkim çalışmazdı. Təbii ki, bunlar ölkə Prezidenti İlham Əliyevin xaricdə təhsil alan gənclərə diqqətinin bəhrəsi sayıla bilər.

 Tam əminliklə demək olar ki, Azərbaycan dünyanın aparıcı ölkələri sırasında yer almağa layiq və qadirdir. Bunun üçün bütün imkanlara – coğrafi mövqedən təbii sərvətlərə, kadr potensialına, siyasi iradəyədək hər şeyə malikdir. Əgər belə olmasaydı indiki çətin dönəmdə - pandemiyanın tüğyan etdiyi bir vaxtda 44 günə Vətən Müharibəsi aparıb qalib gələ, ərazilərini işğaldan azad edə bilməzdi...

İlham Rəsul,

Arau, İsveçrə

(«Təzadlar»ın xüsusi müxbiri)

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN