İstehsal edilmiş məhsulların üzərindəki etiketlərdə qoyun əti yazılsa da, istehsal zamanı müəssisədə qoyun əti aşkar olunmayıb

Sosial şəbəkələrdə vətəndaşların zay kolbasa və sosiska məhsulları ilə bağlı paylaşımlarına tez-tez rast gəlirik. Yeyilməz halda olan bu məhsullardan şikayətlər artsa da, demək olar ki, ölkənin kolbasa və sosis bazarında bir nəzarətsizlik hökm sürür. Nəticədə, insanların sağlamlığına qənim kəsilən bu cür ət və ət məhsulları market və supermarketlərdə əhaliyə sırınır. Bu məhsulların istifadəsi hətta bəzən müalicəsi mümkün olmayan ağır xəstəliklərə səbəb ola bilir.

Odur ki, Qida Təhlükəsizliyi Agentliyi ölkədə qida təhlükəsizliyinin təmin edilməsi və əhalinin sağlamlığının qorunması istiqamətində nəzarət tədbirlərini davam etdirir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsinin məlumatına görə, Bakının Nizami rayonunun Keşlə qəsəbəsi, Sabir küçəsi, ev 8A ünvanında “Al-Sana” MMC-yə məxsus kolbasa və sosiska məhsullarının istehsalı müəssisəsində keçirilmiş yoxlama zamanı bir sıra nöqsanlar aşkar edilib.

Belə ki, yoxlama zamanı xammalların saxlanıldığı soyuducu və dondurucu anbarın, dəhlizin döşəməsinin tamlığının pozulduğu, istehsal edilmiş məhsulların üzərindəki etiketlərdə kərə yağı və qoyun əti yazılsa da, istehsal zamanı bitki və bitki spred yağından istifadə edildiyi məlum olub. Eyni zamanda, müəssisədə qoyun əti aşkar olunmayıb, qoyun ətinin alınmasını təsdiq edən sənədlər və minimum keyfiyyət və təhlükəsizliyini təsdiq edən müvafiq müşayiətedici sənədlər təqdim edilməyib.

Müəssisənin hazır məhsul anbarına keçirilən baxış zamanı məhsulların müəyyən qisminin üzərində məhsulun istehsal və son istifadə tarixlərinin qeyd edilmədiyi, bəzilərində isə taraların üzərində yazılmış tarixlə məhsulun üzərində qeyd edilmiş tarix arasında uyğunsuzluq müəyyən edilib. Müayinələrin aparılması üçün müəssisədə istehsal edilmiş bişmiş, hisə verilmiş, yarım hisə verilmiş kolbasa məhsullarından və sosiskalardan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub.

Müəssisədə istehsal olunan hazır məhsullardan götürülmüş sınaq nümunəsinin laborator müayinəsi nəticəsində uyğunsuzluqlar aşkar edilib. Araşdırmalar davam etdirilir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN