Sağlamlıq insan üçün ən böyük sərvətdir...

Həmçinin bu sərvətə sahib olmaq  da ən böyük xöşbəxtlikdir ki, ondan heç kəs məhrum olmaq istəməz. Lakin zaman-zaman hər bir insan müxtəlif səbəblərdən xəstəliklərlə üz-üzə qalır.  Son illər ekoloji vəziyyət, pandemiya  bu problemlərin  sayını daha da artırıb.

Xəstəlik qapımızı döydükdə öncə ümid yerimiz olan həkimə müraciət edirik, daha sonra aptekə  - aldığımız dava-dərmanın, tibbi ləvazimatın sağlam həyatımıza yenidən qovuşduracağı ümidi ilə…

Və bu da heç kəsə sirr deyil ki, apteklərimizdə keyfiyyətinə görə bizi heç də qane etməyən bir çox dərman preparatları var. Bəzən görürük ki, özümüz, yaxınlarımız, tanışlarımız  belə dərmanlardan uzun müddət istifadə etsək də heç bir müalicəvi effekti olmur və bu zaman daha yeni adda dərman axtarışına çıxılır. Həkimlər reseptlərin sayını artırır, apteklər də bolluca dərmanlarını satır. Pullarımız da həmin keyfiyyətsiz dərmanları, tibbi ləvazimatı ölkəyə gətirənlərin, satanların cibinə axır.  

***

Bu dəfəki problem isə keyfiyyətsiz dərman, şpris, “sistem” köçürmək üçün venaya taxılan“kəpənək” məsələsi deyil.

Redaksiyamıza zəng vuran şikayətçi körpə övladına  “sistem” (venadaxili infuziya) köçürmək üçün (bayram günlərində) Xətai rayonu ərazisində yerləşən apteklərdən birindən lazım olan infuziya dəstini aldığını bildirir .

Və “sistem” köçürülməsinə hazırlıq ərəfəsində tibb bacısı və ailə gördüklərindən  şok olurlar -  “şnur”un içərisində qəhvəyi rəngdə quruyub qalmış çöküntü. “Şnur”un həmin hissəsini tərpədəndə içərisindəki qurumuş naməlum şabalıdı -qara kütlə parçalanıb dərmanın içərisinə düşür. Daha sonra həmin şəxs aptekə gedərək yeni infuziya dəsti alır. Həmin dəsti isə aptek özündə saxlayır.

Şikayətçi həmin infuziya dəstinin (dəstlərinin), ümumiyyətlə steril olmasından, içərisindəki mənşəyi bilinməyən quruyub qalmış çöküntünün nədən ibarət olduğundan şübhəli qaldığını bildirir. Və bu infuziya dəstlərinin konkret olaraq hansı ölkədə hazırlandığı, kimlər tərəfindən ölkəyə gətirildiyi və istehsalçı şirkətə nə dərəcədə güvənilən olduğu ilə maraqlanırdı.

“Əgər “medsestra” vaxtında həmin çöküntünü görməsəydi Allah bilir ki, uşağa hansı xəstəlik yoluxacaqdı. Və ümumiyyətlə, ətraf apteklərin çoxunda, ancaq bu “şnur”lardan olduğu üçün məcbur olub eyni marka adı altında satılanlardan almaq məcburiyyətində qaldıq. Necə ola bilər ki, birbaşa insan venasına yeridiləcək dərmanların içərisindən axacağı belə “şnur”larda hansısa zir-zibil ola bilər. Ümumiyyətlə, bu “şnur”lar sterildimi? Bizə buna görə kim cavab verəcək? Özümüzün, övladlarımızın, nəhayət hər birimizin sağlamlığı təhlükə altındadır.  Bu, dəhşətdir”, - deyə şikayətçi qeyd edir.

Döğrudan da həmin infuziya dəstinin fotosuna baxanda bunun nə dərəcədə dəhşətli və ciddi fakt olduğunu biz də gördük... Kimlərdir sağlamlığımızla oynayan, kimdir keyfiyyətsiz tibbi ləvazimatları, dərmanları apteklərimizə belə vicdan rahatlığı ilə göndərən? Bu sualların cavabı bizi də çox maraqlandırır.   

Qeyd edək ki, həmin infuziya dəstlərinin üzərində istehsalçı ölkənin Almaniya , qablaşdırmanın isə Çinə (PRC) aid olduğu qeyd edilib. Həmin dəstlər çox ucuz qiymətə, təqribən 60 qəpiyə satılır.

Şikayətçi, həmçinin həmin  dəstlərin “şnur”larında, həm də əzik yerlər olduğunu bildirir.

Yəqin ki, məsələ ilə bağlı aidiyyəti qurumlar hərəkətə keçəcəklər.

Çünki bu, heç də diqqətdən kənar qalacaq kiçik məsələ deyil.

Mövzunu diqqətdə saxlayacağıq. 

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN