Redaksiyamıza səhiyyənin, eləcə də xəstəxanaların vəziyyətindən, həkimlərin müalicə və müayinə üsullarından mütəmadi olaraq istər yazılı, istərsə də elektron şikayətlər, narazılıqlar daxil olur. Lakin səhiyyə sahəsində islahatlar aparılmasına baxmayaraq, bu problemlər öz həllini tapmır.
Bədən şəkilləndirməsi əməliyyatı üçün həkim Səkinə Xudiyevaya müraciət edən Təhminə Zeynalova da əməliyyatın uğursuz olmasından şikayətçidir: "Ötən il oktyabr ayının 14-də Sabunçu rayonundakı Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimlərin Plastik və Rekonstruktiv Cərrahiyyə klinikasında əməliyyat olunmuşam. Həkimi internet vasitəsilə tapmışam, qüsursuz əl işlərini paylaşırdı. Həm də həkim bütün günü efirlərə çıxır. Mən də güvənib müraciət eləmişəm. Piylər olduğu kimi yerində qalıb. Həkim 6 aydan sonra korreksiya edəcəyini demişdi, lakin yanına getdikdə mənə “Get, dərman iç, idman elə, arıqla”, dedi".
Şikayətçi əməliyyat yaralarının sağalması üçün həkimə müraciət edəndə həkimin ona hər hansı müalicə üsulu demədiyini qeyd edib: "Yaralarıma infeksiya düşmüşdü. Yaram açıq qalıb, çirk verir. Getmişik ki, bu, bir xətadır olub, heç müalicə də demədi ki, nə ilə sağaldım. Bunun üçün də başqa hakimlərdən ayrı müalicə almışam".
T.Zeynalova bununla bağlı bir çox quruma şikayət etdiyini də bildirib: "Baş həkim Ayaz Məmmədovun yanında oldum, o, məlumatsız olduğunu, Səkinə Xudiyeva ilə danışdıqdan sonra mənimlə əlaqə saxlayacağını dedi. Sonradan baş həkim dedi ki, Səkinə Xudiyeva deyir ki, mənə nazir də desə, yenidən əməliyyat etməyəcəm. Baş həkimin səs yazısı da var. Bilmirəm, bu həkim kimə, nəyə arxayındır? Başqa həkimlərin yanında olmuşam, onlar əməliyyatın uğursuz olduğunu, işin düzgün icra olunmadığını dedilər".
Həkimin xəstədən düzgün yerinə yetirmədiyi əməliyyata görə 2500 manat aldığını iddia edən şikayətçi yenidən əməliyyat olunmasını, ya da əməliyyata xərclədiyi məbləğin geri verilməsini istəyir: "Özüm təklif etmişəm ki, narkoz, xəstəxananın ödənişini mən edim, yenidən əməliyyat olunum. Deyir ki, yox, etməyəcəyəm, gedin idman edin, arıqlayın. Deyir, sənin problemin mədəndədir, bağırsağındadır, hər orqanın müayinəsi üçün özəl klinikalarda 200 manatdan çox ödəyib müayinə olunmuşam. Heç bir şey çıxmayıb. Qaraciyərdə, öddə, dalaqda heç bir problem yoxdur, şişkinliyi bu orqanlar yaratmır. İnsanlığımı göstərib yenidən əməliyyat təklif etmişəm, deyir ki, yenidən əməliyyat etsəm, sən əməliyyat masasından durmayacaqsan. Başqa hakimlər də əməliyyatı boynuna götürmür. Həm də bu, mənə baha başa gəlir. Tələbim odur ki, müəyyən xərcləri ödəməklə əməliyyatı yenidən etsin".
Məsələ ilə bağlı həkim Səkinə Xudiyeva isə əməliyyatın uğurlu keçdiyini bildirib: "Əgər əməliyyat səhv olunubsa, indi necə normal şəkildə hərəkət edə bilər?! Əməliyyatımızda mikrob, açılma, yara-xora yoxdur. Müayinələr zamanı hər şey normal idi. İndi bu qadın nə istəyir, vallah, bilmirəm. Qadına mən necə şəkil, necə bədən verdiyim göz qabağındadır".
Həkim şikayətçini daha ucuz əməliyyat etdiyini qeyd edib: "Xanım özü bilir ki, mən onu kiminsə xahişi ilə, həmin insanın xətrinə əməliyyat etmişəm. Bir həkimin sənə olan bu boyda hörmətini necə yerə vura bilərsən? Xəstəyə 3 əməliyyat - liposaksiya, popofillinq, abdomioplastika əməliyyat olunub. Sual verirəm, həmin qiymətə o əməliyyatlar, xüsusilə, mənim əməliyyatım kimi əməliyyat etmək mümkündür? Söhbət neçə minlik əməliyyatdan gedir".
S.Xudiyeva çapıqların yaranmasının xəstənin dərisindən asılı olduğunu vurğulayıb: "Bu mövzu məni çox incidir. Çox haqsızlıq var. Əgər mən savadsız həkim olsaydım, o istədiyi kimi göbəkdən yuxarı hissəni liposaksiya eləsəydi, indi onun yarası nə vəziyyətdə olardı. Əgər bu olunsaydı, o zaman həmin yara sağalmaya bilər. Çünki qidalanma pozular. Bilərəkdən onun göbəkdən yuxarı hissəsində piyləri saxlamışam. Çünki aşağı nahiyə qidalanmalıdır. Xəstə bir ildən sonra korreksiya əməliyyatına gəlməlidir, göbəkdən yuxarı nahiyə liposaksiya olunmalıdır. Sadəcə olaraq, onlar çox narahat insanlardır. Əməliyyatın 3-cü günündə yaxınları gəlmişdilər ki, xəstə halsızdır, ağrıları var. 3 əməliyyat keçirmiş adamda əməliyyatdan sonra ağrılar və halsızlıq normaldır. Plastik əməliyyat belə bir şeydir, mənim qolumda çapıq var, düzəldə bilsəm, bir neçə ölkədə belə onu düzəldərəm. Əgər dəri çata, çapığa meyillidirsə, normal nəticə verə bilmirsə, o demək deyil ki, Səkinə Xudiyeva normal əməliyyat etmir. Bədən quruluşunu düzəltmişəm, bel-kürək incəltmişəm, qəşəng forma vermişəm, şəkillər də var əlində, qadın bədəni yaratmışam, amma çapıq onun dərisindən asılıdır, mənim edəcəyim bir şey deyil. Təklifim odur ki, bir-iki mütəxəssisə getsin. O zaman biləcək ki, mən dediyim düzdür".
E.ŞİRİNOV