İyunun 6-dan Bakı-Naxçıvan və əks istiqamətə uçan təyyarələrə biletin qiyməti 10 manat artıb, yəni 60 manat olub.

Bu bahalaşma isə sərnişinlərin narazılığına səbəb olub.

Bildirilir ki, Naxçıvandakı iqtisadi çətinliklə əlaqədar əksər ailələr artıq neçə illərdir Bakıya köçməyə məcbur olublar. Onlar qohumlarına baş çəkmək üçün Naxçıvana, yaxud da qohumları onları görmək üçün Bakıya getməli olur.

Şikayətçilər deyir ki, təyyarə biletinə 10 manatlıq artım demək olar əksər naxçıvanlıların büdcəsinə mənfi təsir edib.

Şərur rayonundan olan şikayətçi Eldəniz Nəcəfov bildirir ki, yaxınlarının xeyir-şər məclislərində iştirak etmək üçün ildə ən azı iki dəfə ailəvi Bakıya getməli olurlar: "Biz böyük tayfayıq. İşsizlikdən əksəriyyət ailəvi Bakıya köçüb. Onları görmək, yaxud xeyir-şərlərində iştirak etmək üçün hər il iki dəfə ailəlikcə Bakıya getməli oluruq. Yaxud da əksinə, onlar gəlməli olur. Hər dəfə bir ailədən 4-5 nəfər gedib, qayıtmalı olur. Qiymət artımını nəzərə alsaq, hər dəfə gedib-gəlmək üçün 100 manata yaxın artıq pul ödəməli olacağıq. Bu da ildə 200 manat edir. Naxçıvanda onsuz da işsizlikdi, dolanışıq yoxdu. Bu bizim maddi vəziyyəti daha da ağırlaşdıracaq. Naxçıvan blokadadadır, bu nəzərə alınmalıdır".

Bakıda yaşayan digər naxçıvanlı şikayətçi Rəşid Qasımov isə deyir ki, biletlərin bahalanması onların da ailə büdcəsinə ziyan vuracaq: "İşsizlikdən köçüb gəlmişik bura. El-obamızdan rəsmən didərgin düşmüşük. Ən azı bayramlarda valideynlərimizi yoluxmaq üçün ailəvi Naxçıvana getməli olururuq. Arada xeyir-şər üçün də getmək məcburiyyətində qalırlar. 10 manat deyəndə gözə kiçik görünür. Ancaq bu, bizim üçün böyük məbləğdir. Bu qiymət artımı ilə bəzi vəzifə sahibləri bizim son qəpiklərimizə də göz tikmiş olur".

Qeyd edək ki, Bakı-Naxçıvan-Bakı aviareyslərin qiyməti əslində 70 manatdır. Naxçıvanın blokada şəraitində olduğunu nəzərə alaraq, indiyə kimi bu pulun 20 manatını güzəşt olaraq dövlət ödəyirdi. İyunun 6-da isə, baş nazir Əli Əsədov qərar imzalayaraq, bu güzəşti 10 manata endirib. Bu səbəbdən sərnişinlər biletlər üçün 50 manat yerinə 60 ödəməli olacaqlar.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN