Xəbər verildiyi kimi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında çoxillik səmərəli fəaliyyətinə görə Reza Deqati "Dostluq" ordeni ilə təltif edilib.

Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Prezidentin sərəncamından xəbər tutandan sonra Fransada yaşayan dünya şöhrətli azərbaycanlı fotojurnalist Reza Deqati ilə telefon əlaqəsi saxladıq. Onu "Dostluq" ordeni ilə təltif edilməsi, həm də 70 illik yubileyi münasibətilə təbrik etdik, möhkəm can sağlığı, yeni yaradıcılıq uğurları arzuladıq.

R.Deqati Azərbaycanın işğaldan azad edilmiş torpaqlarına səfəri haqqında danışaraq Vətən müharibəsində çəkdiyi fotoşəkillər, şahidi olduğu dəhşətli mənzərələr haqqında təəssüratlarını bölüşdü. R.Deqati bildirdi ki, Azərbaycanın tarixi və mədəni irsinə qarşı törədilən təcavüzləri öz fotoları ilə beynəlxalq ictimaiyyətə çatdıraraq, yaşanmış hadisələri, xalqımızın çəkdiyi ağrı-acını öz əsərlərində canlandırmağa müvəffəq olub.

Reza Deqati "Dostluq" ordeni ilə təltif olunmasını dövlət başçısının onun yaradıcılığına verilən yüksək qiymət kimi dəyərləndirdi və bundan sonra daha həvəslə çalışacağını qeyd etdi. Bu təltifi Prezident İlham Əliyevin timsalında bütün Azərbaycan xalqı, milləti adından gələn "Dostluq" kimi qəbul etdiyini deyən R.Deqati ona göstərilən düqqət üçün ölkə başçısına təşəkkürünü bildirdi.

Son illərdə Azərbaycanın sürətlə inkişaf etdiyini qeyd edən Reza Deqati ölkəmizin gələcəkdə daha böyük nailiyyətlər qazanacağına inandığını vurğuladı: "Vaxtilə ən böyük arzum Azərbaycanın işğal altında olan torpaqlarının azad olunduğunu görmək idi. Əmin idim ki, Azərbaycanın tarixi torpaqları işğaldan azad olunacaq. Çox şükürlər ki, arzum gerçəkləşdi, Prezident İlham Əliyevin qətiyyəti, iradəsi və Azərbaycan Ordusunun cəsurluğu, qəhrəmanlığı nəticəsində 44 günlük Vətən müharibəsi zəfərlə başa çatdı. Bu tarixi Qələbədən ruhlanaraq yeni bir kitab üzərində işləyirəm. Həm çəkdiyim fotoşəkillərdən, həm də xatirələrimdən bəhs edəcək kitabda ermənilər tərəfindən Azərbaycanın tarixi və mədəni irsinə qarşı törədilən təcavüzləri, 30 il ərzində yaşanmış hadisələri, xalqımızın çəkdiyi ağrı-acını, eyni zamanda müharibədən sonrakı dövrdə qısa müddətdə həyata keçirilən quruculuq işlərini, xalqımızın böyüklüyünü beynəlxalq ictimaiyyətə çatdırmaq istəyirəm".

Xatırladaq ki, Reza Deqati 1952-ci il 26 iyul tarixində Təbrizdə azərbaycanlı ailəsində dünyaya gəlib. İlk şəklini 14 yaşında çəkən Reza Deqati bu fotosunu məktəbdə fəaliyyət göstərən Pərvaz adlı jurnalda yayımlayıb. Daha sonra Tehran Dövlət Universitetində Memarlıq üzrə təhsilini davam etdirən Reza Deqati burada fotolar çəkib yaymağa davam edir. Öz fəaliyyətinə görə 22 yaşında şah rejimi tərəfindən 3 il müddətində həbs olunaraq 5 ay işgəncələrə məruz qalır. Həbsdən çıxdıqdan sonra memarlıq təhsilini yarımçıq qoyaraq fotoqraflığa başlayır. Fəaliyyətə İran İnqilabını çəkməklə başlayır. Tezliklə çəkdikləri şəkillər dünyanın bir yerində yayımlanır. Tezliklə o, Newsweek jurnalı ilə müqavilə imzalayır. 1979-cu il, 4 noyabr tarixində iranlı tələbələrin Tehranda ABŞ səfirliyində 66 amerikalı daxil olmaqla 99 nəfəri girov götürdükləri vaxt səfirlikdə olan tək jurnalist o olur. İnqilaba qədər olan hadisələri, eləcə də inqilab və inqilabdan sonra baş verən hadisələri qeyd alır. Lakin sonradan 1981-ci ildə özünə qarşı artan təzyiqlərdən sonra ölkəni tərk edərək Fransaya gedib. 1991-ci ildən etibarən Milli Coğrafiya Cəmiyyəti il əməkdaşlığa başlayır və cəmiyyətin bir çox layihələrini həyata keçirib. Onun çəkdiyi şəkillər 25 jurnalın üz qabığı olub. 1992-ci ildə öz həyat yoldaşı yazıçı Reyçel Diqqəti ilə birlikdə Parisdə Webistan Foto Agentliyinin əsasını qoyurlar.

1990-cı ildə o, fotojurnalist karyerasına ara verərək Əfqanıstanda Birləşmiş Millətlər Təşkilatının məsləhətçisi olaraq ölkənin şimal əyalətlərində yenidənqurma və yardım proqramında 9 ay fəaliyyət göstərir. 1996-cı ildə o, YUNİSEF və Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə əməkdaşlıq edərək Ruandada qaçqın şəhərciklərində şəkillər çəkməyə başlayır. Və bu şəkillər sonradan qarışıqlıq zamanı valideynlərini itirmiş övladlara öz valideynlərini və ya övladlarını itirmiş valideynlərə öz övladlarını tapmağa kömək olmuşdur. Konqo Demokratik Respublikasıdan olan 12 min uşağın şəklini çəkərək onları qaçqın şəhərciklərində nümayiş etdirmişdir. 1998-ci ildə Azərbaycanda qaçqın uşaqlar üçün məktəbin tikintisində iştirak etmişdir. 2001-ci ildə Əfqanıstandakı uşaq və qadınların təhsili məsələləri ilə məşğul olan AINA xeyriyyəçilik assosiasiyasının əsasını qoymuşdur. Bu assosiasiyanın tələbələrindən biri Məsud Hüseyni 2012-ci ildə Pulitser mükafatına layiq görülmüşdür. 2009-cu ildə assosiasiya tərəfindən təlimdə iştirak etmiş əfqanların sayı 1000 nəfəri keçdikdən sonra assosiasiya tamamilə azad olmuşdur. Hazırda bu məktəblərdə təlim görən əfqanlar Banqladeş, Çin, Fransa və digər ölkələrdə fotoqraf olaraq fəaliyyət göstərirlər.

Azərbaycanla bağlı fəaliyyəti

Tanınmış fotojurnalist Azərbaycana ilk dəfə 1987-ci ildə səfər edib. 1997-ci ildə isə bir neçə ay Azərbaycanda yaşayıb, ölkəni gəzərək sadə insanların gündəlik həyatını, məişətini, adət-ənənələrini fotolarda əbədiləşdirib. Reza Deqati 20 yanvar hadisələrini, o cümlədən də Xocalı soyqırımının şahidlərini, eləcə də şəhidlərini çəkməyə müvəffəq olub. Bundan başqa, müharibə gedən digər bölgələrdə Şuşa, Zəngilan, Cəbrayılda baş verən hadisələri də fotoaparatın yaddaşına köçürüb. Müharibədən sonra da məcburi köçkünlərlə görüşüb, onların da şəkillərini çəkib. Bundan sonra isə Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün bir çox avropa ölkələrində sərgilər təşkil edib, dəfələrlə ermənilərin hücumuna məruz qalıb. Qarabağda çəkdiyi fotoları Parisdə sərgiləyən Reza Deqatiyə qarşı Fransa mətbuatında onlarla yazı dərc olunub, özü hədələnib, sərgisi isə erməni hücumuna məruz qalıb. Reza Deqati isə öz növbəsində cırılan şəkilləri yeniləri ilə əvəz etməyib, ermənilərin növbəti əməlini necə varsa elə də nümayiş etdirib.

"Heç bir vəclə fotoları sərgidən yığışdıra bilməyən ermənilər bu dəfə sərgiyə gəlib həmin fotonu cırdılar. Təşkilatçılar isə mənə bildirdilər ki, şəkillər cırılıb, onları dəyişdirmək lazımdır. Mən söylədim ki, dəyişdirmək lazım deyil, necə var, eləcə də qalsın. Qoy, onların hərəkətini hamı görsün, hamı bilsin".

Reza Deqati Urmiya gölündə baş verən ekoloji fəlakətə qarşı da daima narahatlığını bildirib. O, Urmiya gölündəki vəziyyəti İran hökumətinin azərbaycanlılara qarşı yürütdüyü ayrı-seçkilik siyasətinin bir hissəsi olduğunu qeyd edib.

Həmçinin Parisdə Petit Palais-də "Alovun zərifliyi" adlı sərgi keçirmişdir. 2013-cü ildə isə Parisdə Reza Deqatinin "Azərbaycan. Tolerantlıq məkanı" sərgisi keçirilib. Həmin sərgi sonralar Moskvada, İsrailin müxtəlif şəhərlərində, eləcə də BMT-nin mənzil qərargahında, Avropa Parlamentində nümayiş olunub.

Xatirələri

"Bu günə qədər dünyanın 115 ölkəsində şəkil çəkmişəm. 1 milyondan çox fotonun müəllifiyəm. Onların hamısı mənə əzizdir. Necə demək olar ki, üç uşağım var, ancaq birini çox istəyirəm. Hamısını istəyərək, sevərək çəkmişəm. Bu fotoların hansına baxsan onun ayrı bir hekayəsi, nağılı var. Amma bütün bunlara baxmayaraq, çox təsiredici bir anı Qarabağda, Xocalıdan qaçan yaşlı qadının timsalında yaşadım. Faciədən 3 gün sonra oğlu və həyat yoldaşının cəsədini tapan, əllərini yuxarı qaldırıb ah-nalə edən qadının fotosu... Bütün dünya da bu əsərə məyus olmuşdu. Qadın qaça-qaça əllərini açaraq gəlir, amma görür ki, əzizləri həlak olub. O rəsmi Fransa, Amerika daxil olmaqla dünyanın bir çox ölkələrində sərgilədim, kitablarıma daxil etdim. Hətta Avropada buna görə ermənilərlə münaqişələrim də olub”.

"Xocalı soyqırımından sonra, 1992-ci il fevralın 28-də Bakıya gəldim. O zamankı “Azərbaycan” otelində dünyanın müxtəlif ölkələrindən nümayəndələr, jurnalistlər və Qarabağa yardım etmək üçün müxtəlif təşkilatların əməkdaşları toplanmışdılar. Hoteldə Fransadan gələn qonaqlara yaxınlaşdım. Onların “Sərhədsiz həkimlər” təşkilatının xətti ilə Qarabağa, amma azərbaycanlılara deyil, ermənilərə yardım aparacaqlarını öyrəndim. Mən özümü fransız kimi təqdim edərək, onlarla birgə getməyimi xahiş etdim.

Azərbaycanlı olduğumu onlara söyləmədim. Bu komanda ilə birlikdə Ağdama gəldim. Ora çatanda gördüm ki, Xocalıda törədilən erməni vəhşiliyindən canını qurtaranlar buraya axın ediblər. Həmin vaxt Beynəlxalq Qırmızı Xaç Komitəsi ermənilərlə danışıq aparırdı ki, azərbaycanlıların meyitlərini geri qaytarsınlar. Mən orada gətirilən meyitlərin, onların ailələrinin fotolarını çəkməyə başladım. Bu vaxt erməni əsgərlərindən biri cibindən çay qaşığını çıxararaq mənə göstərdi.

Soruşdum ki, bunu neynirsən? Cavab verdi ki, biz azərbaycanlıları əsir götürəndə bununla gözlərini çıxarırıq. Mən dünyanın heç bir yerində belə vəhşilik görməmişdim. Həqiqətən bizim meyitləri gətirəndə gördüm ki, gözü çıxarılıb. Mən həmin fotoları çəkib sərgilərimdə nümayiş etdirdim. Bu müharibə deyildi, əsl soyqırımı idi".

P.S.  Xatırladaq ki, Reza Deqati ilə ilk dəfə 2018-ci il aprelin 12-də Heydər Əliyev Mərkəzinin parkında "Bəşəriyyət. Vizual səyahətə dəvət" adlı fərdi sərgisinin açılışında tanış olduq. O vaxt "Təzadlar"a geniş müsahibə verən Reza Deqati dünyanın ən böyük mədəniyyət məkanlarından birində - Heydər Əliyev Mərkəzinin parkında sərgisinin açılmasından çox şad olduğunu və bu günün onun ömründə yadda qalan gün olacağını qeyd etmişdi...

Bugünkü telefon söhbətimizdə Reza Deqati bildirdi ki, son dörd ildəki fəaliyyəti ilə bağlı saytımıza müsahibə verəcək.

Elbar ŞİRİNOV

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN