"Qiymətləndirmələrin düzgün aparılmaması nəticəsində dövlət əmlakı qəpik-quruşla ayrı-ayrı vəzifəli şəxslərin özünə və ya himayə etdiyi şəxslərə keçib".
***
Bu günə qədər xeyli dövlət müəssisələri özəlləşdirilib və təəssüflər olsun ki, ilk özəlləşdirmə zamanı qiymətləndirilmələr düzgün aparılmayıb.
TEZADLAR.AZ xəbər verir ki, bunu Milli Məclisin deputatı, MCP lideri razi Nurullayev Parlamentdə "Qiymətləndirmə fəaliyyəti haqqında" qanun layihəsinin birinci oxunuşu zamanı bildirib.
Deputatın sözlərinə görə, qiymətləndirmələrin düzgün aparılmaması nəticəsində dövlət əmlakı qəpik-quruşla ayrı-ayrı vəzifəli şəxslərin özünə və ya himayə etdiyi şəxslərə keçib.
Razi Nurullayev vurğulayıb ki, nə zamansa bu şəxslər məhkəmə qarşısında cavab verməli olacaqlar.
"Dövlət büdcəsinə milyardlarla əskik vəsait ödənilib. Nə zamansa bu məsələlər ortaya çıxacaq və məhkəmələr qurulacaq. Çünki dövlətin malı dövlətin və xalqındır. Əgər dövlət malı bazar qiymətlərindən on, bəzən yüz dəfələrlə aşağı qiymətləndirilib pay-püşt edilibsə, bu məsələ onilliklər keçsə də gündəmə gələcək və müzakirəyə çıxarılacaq. Bu, şəxsən mənim üçün çox prinsipial məsələdir", - o, deyib.
"Adam təzyiq altındadır və çıxılmaz vəziyyətə düşür, az qalır ki, həyatına son qoysun. "
Nurullayev, həmçinin vətəndaşların girov qoyduğu əmlaklarının da çox ucuz dəyərləndirilməsi məsələsinə də toxunub.
"Ona görə də dövlət əmlakı bazar qiymətlərinə uyğun düzgün qiymətləndirilməlidir ki, qazanan dövlət büdcəsi olsun, ayrı-ayrı şəxslər yox.
Girov sahəsində olan qiymətləndirmə barədə də narahatlığımı dilə gətirmək və bu məsələnin təcili həllinə nail olmağı vacib sayıram. Elə olur ki, bir şəxsə, biznesmenə, yaxud da adi vətəndaşa təcili pul lazım olur. O, əmlakını girov qoyub pul götürür, yaxud məcburiyyət və təzyiq qarşısında daşınar və daşınmaz əmlakını girov qoymalı olur. Qiymətləndirilmə zamanı o əmlak bazar qiymətindən 30-40, bəzən 50 faiz ucuz dəyərləndirilir",- Razi Nurullayev diqqətə çatdırıb.
Deputat qeyd edib ki, məcburən ağır şərtlərlə pul götürməyə razılaşan sahibkar az qala intihar həddinə çatdırılır. 
"Ağır şərtlər və təzyiqlər altında olan şəxs, sahibkar, yaxud digər şəxs isə məcburiyyət qarşısında ağır şərtlərə razılaşır. Bu, mənəvi və dini baxımdan da qüsurlu yanaşmadır. Adam təzyiq altındadır və çıxılmaz vəziyyətə düşür, az qalır ki, həyatına son qoysun. Belə vəziyyətdən sui-istifadə yolverilməzdir və bu məsələ ciddi şəkildə qanunla tənzimlənməlidir. Gərək qanunu elə halda qəbul edək ki, boşluqlar sui-istifadəyə imkan yaratmasın. Keyfiyyətli qiymətləndirmənin aparılması üçün gərək qanuni boşluqlar olmasın və bu baxımdan bu qanuna deputat həmkarlarımdan ciddi yanaşmağı və diqqətlə oxumağı xahiş edirəm. Səsləndirdiyim narahatlıqlar barədə ətraflı məlumat verilməsini istərdim!", - R.Nurullayev çıxışında bildirib.
 
Y.MƏMMƏDLİ
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN