C.Cabbarlı adına İrəvan Azərbaycan Dövlət Dram Teatrının iki istedadlı aktyoru – Fərid Vəliyev və Anar Bulud bu gün teatrla vidalaşıblar.

Bu barədə sosial şəbəkədə məlumat paylaşılıb.

Feysbuk sosial şəbəkə  istifadəçilərindən bəziləri onların hər ikisinin öz ərizələri ilə işdən çıxmağa məcbur edildikləri, hətta teatrın direktoru İftixar Piriyevin əlindən baş götürüb qaçdıqları barədə də məlumatlar paylaşıblar.

FB istifadəçisi Turan Etibaroğlu isə belə yazır:

"İftixar Piriyev bu dünyada bilmirəm, o biri dünyada bu gün etdiklərinə görə CAVAB VERƏCƏK.
Bu gün istedadlı aktyorlar Anar Bulud, Fərid Vəliyev İrəvan Teatrından baş götürüb QAÇDILAR (öz ərizəsi ilə dözə bilməyib işdən çıxdılar)".

Qeyd edək ki, hər iki aktyor fb səhifələrində teatrdan getdikləri barədə yayılan xəbəri təsdiqləyiblər.

Aktyor Fərid Vəliyev bir neçə saat öncə fb-də  “Əlvida, C.Cabbarlı adına İrəvan Azərbaycan Dövlət Dram Teatrı! Hər şey üçün çox sağolun. Yolumuz bu qədər idi”, - deyə qeyd edib.

Anar Bulud isə sadəcə, “Əlvida teatr!” yazıb.

Daha sonra aktyor Anar Bulud KİV-ə bildirib ki, İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru İftixar Piriyev aktyorları məcbur edib ki, baş rejissor Sərvər Əliyevin işdən çıxarılması üçün imza atsınlar. 

Xatırladaq ki, İftixar Piriyev 1998-ci ildə Mədəniyyət Nazirliyi tərəfindən iki il müddətinə Tiflis Azərbaycan Dövlət Dram Teatrının bərpası ilə bağlı Gürcüstan Respublikasına ezam olunmuş, Gürcüstan Mədəniyyət Nazirliyinin müvafiq əmri il bərpa rəhbəri təyin olunmuşdur.

İftixar Piriyev 2000-ci il tarixindən İrəvan Dövlət Azərbaycan Dram Teatrına direktor vəzifəsinə təyin olunmuşdur.

16 oktyabr 2007-ci ildə Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi fəxri adı ilə təltif olunub.

9 may 2018-ci ildə, 10 may 2019-cu ildə və 7 may 2020-ci ildə Prezident Mükafatına layiq görülmüşdür.

İftixar Piriyev 23 ildir ki, C.Cabbarlı adına İrəvan Azərbaycan Dövlət Dram Teatrının direktorudur.

 Xatırladaq ki, İrəvan Dövlət Azərbaycan Dram Teatrının bəzi aktyorlarının əvvəllər də direktorla  bağlı qalmaqallı açıqlamaları olub. Bu barədə mətbuatda xəbərlər yayılıb.

Y.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN