Ədəbiyyatsevər, mütaliə həvəskarı kimi son günlərdə oxuyub tamamladığım kitablardan biri “Səninlə sənsiz” adlanır. Kitabın müəllifi dostum, şair-publisist, AYB-nin üzvü Yusif Millətoğludur. Kitab mərhum dostumuz Qələndər Əkbər oğlu Xıdırova həsr edilib - 40 illik müəllimliyi, ağır atletika üzrə məşqçiliyi, 7 dəfə Azərbaycan çempionu, SSRİ idman ustası kimi tariximizdə yer almış, Birinci Qarabağ müharibəsi qazisi və ən başlıcası səmimi insan kimi yaddaşlarımızda işıqlı xatirələri ilə yaşayan dostumuza. Bəli, hər an ürəyimiz şirin söhbətləri üçün darıxan, gözümüz axtaran, səsini eşitmək istədiyimiz, 11 aydır sıramızda olmadığının ağırlığını, acılığını hiss etdiyimiz dostumuza...

Xaraktercə möhkəm insan olsam da, etiraf edim ki, “Səninlə sənsiz”i ilk dəfə kövrək bir ovqatla  əlimə almışdım. Kitab ilk cümlələrindən, necə deyərlər, məni tutdu və hələ də oxuduqlarımın təsiri altındayam. Elegiya təsiri bağışlayan kitab deyərdim ki, hər səhifəsində məni Qələndərli günlərimizə qaytardı. 30 ildir ayrı düşdüyümüz kəndimizlə bağlı acılı-şirinli xatirələrimi oyatdı. Qələndər müəllimi tanıdığım uşaqlıq illərimdən onun vəfatına qədərki illər xəyalımdan keçdi. Onunla oturub-durduğum məqamları xatırladım. Bir daha yəqin etdim ki, həqiqətən də Qələndər müəllim qəlbimizdə, könlümüzdə, ürəyimizdədir. Ona görə də düşünürəm ki, Yusif Millətoğlu kitaba çox gözəl ad seçib. Qələndər müəllimin bizimlə olduğunu müəllif oxucusuna “Ön söz”ündə belə təqdim edib: “Bu kitabın adına gəldikdə, qısaca “Səninlə sənsiz” adlandırmağımla bağlı onu deyə bilərəm ki, Qələndər Əkbər oğlu Xıdırov elə bir insan idi ki, münasibətdə olduğu, oturub-durduğu, dostluq etdiyi hər bir insanın qəlbində yaşayır. O, bizimlədir, fiziki yoxluğu ilə bizimlədir... Təbii ki, ailə üzvlərinin də, övlad və nəvələrinin də eləcə. Onunla onsuzuq - deyə kitabın adını Qələndər müəllimə bütün Qələndərsevərlərin adından müraciət kimi “Səninlə sənsiz” adlandırmışam”.

img-20240623-wa0009

“Səninlə sənsiz” ürəyimizdə əbədi göynərti kimi yoxluqlarını hiss etdiyimiz kəndimizdən olan şəhid və itkinlərimizi birbəbir yadıma saldı. 1988-ci ildən kəndimizin müdafiəsi üçün əlindən gələni əsirgəməyən mərhum qardaşım Baxşeyişi, Qələndər Xıdırovu, Tahir Əliyevi, Firdovsi müəllimi və onlarca digər qəhrəman oğulları bir daha xatırlatdı mənə.  Səmimi sözümdür, bu kitabın hər sətri, hər abzası bəlkə də illərdir ki, yaddaşımızdan perik düşən, Bəxtiyar Vahabzadə demişkən, mürgülü xatirələri oyadır, yada salır. Uşaqlıqdan idmanla bağlı olan, məşhurlaşan Qələndər müəllimlə  kitabın hər səhifəsini qatladıqca sanki Mərzilidə olurdum. Bəlkə də bu kitabın “Ön sözü”ndə məni kövrəldən də, məni bu kiçik məqaləni yazmağa da təhrik edən elə həmin məqamlar oldu.

 img-20240623-wa0005

Müəllifin poetik cəhətdən güclü olmasa da, amma ilk misralarından səmimi təsir bağışlayan, çox xatirələri yada salan şeirinin bir neçə bəndini təqdim edirəm:

Bir vaxt düşmənlərə meydan oxuyan

İllərdir Tahirdən bir səs çıxmadı...

Hamı ürəyini qoru desə də,

Qələndər Xıdırov sözə baxmadı...

 

Taleyin, qismətin adına yazıb

30 il köçkünlük yaşıyan olduq.

Budamı fələyin acı bir oyunu-

Neçə dost itkisi daşıyan olduq.

 

Kimlər sarılmışdı bir vaxt silaha,

Neçə eloğlumuz igidlik edib.

İndi sıramızda Firdovsi yoxdu,

İndi o sıradan Baxşeyiş gedib.

 

Deyirəm yaxşı ki, dostlardan mənə

Şirin xatirələr yadigar qalıb.

“Qələndər” imzalı neçə məktub var,

Baxanda dostumu yadıma salıb...

Bir müdrik kəlamda deyilir ki, müharibə igidi, qəzəb müdriki, ehtiyac isə dostu sınağa çəkir. “Səninlə sənsiz”də oxuyuruq ki, 1988-ci ildən Qarabağda baş verən hadisələr Qələndər müəllimin layiqli bir vətən oğlu olduğunu, qazi olaraq səngərlərdə sübut edib. Qəzəbini də o, hər bir məqamda cilovlamağı bacarırdı. Qələndər müəllim dostlarına  və hamıya münasibətdə, Yusif Millətoğlunun yazdığı kimi, ürək açıqlığı qədər də əli açıq idi...

img-20240623-wa0007

Yusif Millətoğlu Qələndər müəllimə aid yazılarının birini “O Mərzilidə özünü, özündə Mərzilini görürdü” adlandırıb. O, kitabdakı həmin yazıda hər birimizin yurda dönmək istəyimizi, arzumuzu bir şeirdə də ifadə edib. Həmin şeirin son iki bəndində müəllif yazır:

Yovşanlı çölləri unudammıram,

“Şühralı” əl çatan ucalıq yerim.  

Qismət et, İlahi, olsun Mərzili

Gəncliyim itibdi... qocalıq yerim.

 

Nə olar, arzumu çin eylə bir gün,

Məni Mərzilimə yetir, İlahi!

Məni Mərzilinin öz qucağında

Bir məzar eyləyib bitir, İlahi!

Yusif Millətoğlu Qələndər müəllimin Mərziliyə dönmək həsrətini, yanğısını yada salaraq “Səninlə sənsiz”in oxucularına kəndimizi belə xatırladır:

Qızılı payızın toylar çağıdı,

Düşübdü yenə də yadıma kəndim.

Hər kəlməm, hər sözüm demə, ağıdı,

Qalıb düşmənimə, yadıma kəndim.

Qələndər Xıdırov haqqında keçmiş zamanda danışmaq çox ağırdır. Nə etmək olar, müdriklərimiz demişkən, “bir ucu olumlu olduğu kimi, bir ucu da ölümlü”dür bu dünya. Ancaq fiziki yoxluğunda da Qələndər müəllimi xöşbəxt hesab etmək olar. Ona görə ki, onu tanıyanların hamısı onu sevgi ilə, rəhmətlə anır və xatırlayır.

img-20240623-wa0008

Yusif Millətoğlu “Səninlə sənsiz”də Qələndər müəllimin qəfil olan vəfatının özünəməxsus şəkildə izahını verir. O, əsrin sonlarından Qarabağda baş verən hadisələri, 1993-cü ildən köçkünlük həyatımızı Qələndər müəllimin ürəyini sıxan məngənə ilə müqayisə edir. Mənə görə, bu hal hər bir köçkünün, eləcə də Yusif Millətoğlunun yaşadığı reallıqdır ki, o, “Qərib duyğuların məngənəsində” adlı şeirin son bəndində yazır:

Başımı itirib başsız qalmışam,

Başıma salmağa daşsız qalmışam.

Yusifəm, nə vaxtdır qərib olmuşam

Qərib duyğuların məngənəsində.

“Səninlə sənsiz”dən aldığım təəssüratım imkan verər ki, daha geniş məqalələr yaza bilərəm. Çünki kitabda Qələndər Xıdırov haqqında o qədər ürəkdən gələn sadə və səmimi, mənə olduqca doğma olan  fikirlərə rast gəldim ki, elə bildim bunları mən yazmışam. Hesab edirəm ki, bu kitabın oxucusu olacaq hər bir Qələndərsevər bu cür düşünəcək. Bu isə, açığı Yusif Millətoğlunun yazıçı qələminin böyük uğuru hesab edilməlidir.

Mən sözümü müəllifin “Son söz”dəki bir fikri ilə tamamlamaq istəyirəm: “Bir avropalının sözüdür, deyib ki, bədbinlik əhval-ruhiyyədir, nikbinlik-iradə. Bu müdrik kəlama istinad edərək deyə bilərəm ki, mərhum Qələndər Xıdırov ruhən nikbin insan idi. Seçdiyi peşəsi də iradə, dözüm, səbr tələb edirdi. Görünür, Tanrı o nikbinliyi verməklə onu erkən yaşlarından idmanı, özü də idmanın ən ağır növünü seçməyə yönəltmişdi...”.

Sıralarımızda hər an yoxluğunu hiss etdiyimiz məşhur idmançı, unudulmaz dost, gözəl insan Qələndər Əkbər oğluna Allahdan rəhmət və məzarını nurlu etməsini diləyirəm!

Fikrət ƏLİYEV,

Birinci Qarabağ müharibəsi qazisi

fikret-aliyev

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN