booked.net booked.net  

Son iki əsrdə elmi - texniki tərəqqi, sənayeləşmənin inkişafı gətirdiyi qazanc və komfortlu yaşamla barabər, ətraf mühitə, iqlimə qəddarca zərbə vurdu, o cümlədən iqtisadi rəqabətlər, müharibələr də ekologiyaya təsirsiz qalmadı.

Araşdırmalara görə, 2024-cü ilin may ayı 1850-ci illərə təsadüf edən ardıcıl 12-ci ən isti ay kimi qeydə alınıb. 2023-cü ilin iyunundan 2024-cü ilin mayına qədər temperatur 1850-1900-cü illərin eyni dövründən 1,63 ° C yüksək olub... Budur, təbiət ona verdiyimizi, yaxud vurduğumuz ziyanı özümüzə qaytarır və bu baxımdan, dünyada həyəcan təbili çalınır.

Bəs son 200 ildə insanların ətraf mühitə olan laqeydliyi hansı kataklizmlərə yol açdı?

Sirr deyil ki, neft və qazdan yanacaq kimi istifadə atmosferdə külli miqdarda istixana qazlarının (xüsusilə metan və azot oksidi) cəmləşməsinə, nəticədə qlobal istiləşməyə səbəb olub. Bir tərəfdən Antarktida və Qrenlandiyada buzlaqlar əriyir, okeanlarda suyun səviyyəsi yüksəlir, digər tərəfdən dağıdıcı qasırğalar, quraqlıq, daşqınlar kənd təsərrüfatına ziyan vurur - insanları ərzaq böhranı ilə üz -üzə qoyur.

a

Son 40 ildə ekstremal hava və iqlim hadisələri Avropa İttifaqı ölkələrində 487 milyard avrodan çox maliyyə itkisinə gətirib çıxarıb. 1980-2020-ci illər arasında Aİ-də 138.000-dən çox insan bu hadisələr səbəbindən həyatını itirib. Çay daşqınlarının iqtisadi ziyanı ildə orta hesabla 5 milyard avrodan çoxdur. Meşə yanğınları isə hər il təxminən 2 milyard avro iqtisadi ziyana səbəb olur. Enerji istehsalı və istifadəsi Aİ-nin istixana qazı emissiyalarının 75%-ni təşkil edir. Aİ isə 450 milyondan çox əhaliyə ev sahibliyi edir - bu isə kiçik rəqəm deyil və hər gün “ümumi evimizin” iqliminə təsir edir. Avropa iqlim qanununa görə, Aİ ölkələri 2030-cu ilə qədər istixana qazı emissiyalarını ən azı 55% azaltmalıdır. Qlobal miqyasda 2024-cü ildə “xalis sıfır öhdəliklər”in yüksəlişi müşahidə olunur, yəni bu gün əksər ölkələrin “xalis sıfır karbon hədəfi”nə nail olmaq üzrə qlobal öhdəliyi var, lakin hədəf tarixi əsasən 2030-cu il arasında dəyişir, əlbəttə, ölkədən asılı olaraq 2060-cı ilədək.

Azərbaycanın iqlim dəyişikliklərinə verdiyi töhfə

Ölkəmiz BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına 1995-ci ildə qoşulub. Qlobal iqlim dəyişmələrinə qarşı mübarizəyə qoşulmaqla 2030-cu ilə qədər istixana qazlarının miqdarını 35 faiz, 2050-ci ilə qədər isə 40%  azaldılmasını hədəfləyir və bu istiqamətdə həyata keçirdiyi layihələrlə inamlı addımlarla irəliləyir. SOCAR-ın COP 28-də metan tullantılarının sıfıra endirilməsi ilə bağlı könüllü öhdəlik götürməsini isə xüsusi qeyd etmək lazımdır.

Məlumdur ki, Prezident İlham Əliyev 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Sərəncam imzalayıb. Həmçinin işğaldan azad edilmiş ərazilərimizi və Naxçıvan MR-nı “Yaşıl enerji” zonası elan edib və azad edilmiş ərazilərin 2050-ci ilədək “Netto sıfır emissiya” zonasına çevrilməsi nəzərdə tutulur.

Hazırda həmin ərazilərdə ümumi gücü 636 KVt olan Arximed qurğusu, 200-dən çox fərdi yaşayış evində günəş kollektoru, 250-dən çox evdə günəş paneli, ictimai və sosial binalarda ümumi gücü 1 000 kVt-dan çox olan günəş enerjisi sistemləri qurulub. Ekspertlərin sözlərinə görə, ölkənin 7 200 MVt-dan çox günəş, 2 000 MVt-adək külək enerjisi üzrə potensialı var. Bu ilin noyabrında isə Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP 29 keçiriləcək. Bu tədbirin  ölkəmizdə keçirilməsi Azərbaycanın neft-qaz ölkəsi olmaqla yanaşı, yaşıl iqtisadiyyata da önəm verdiyinin göstəricisidir. 

Prezident İlham Əliyev COP 29-un ölkəmizdə keçirilməsi ilə əlaqədar müşavirədə dünyaya “Azərbaycan neft-qaz ölkəsi kimi bu sahədə də özünü göstərəcəkdir və dünyada hər kəs bir daha görəcək ki, bizim gündəliyimiz yaşıl enerji ilə bağlıdır. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli hazırda bizim enerji siyasətimizin prioritetidir. Bu, reallıqdır və bütün dünya bunu bir daha görəcək” mesajını da verdi.

***

Bəli, yaşıl texnoloji yenilik və ətraf mühitin tənzimlənməsi, davamlı inkişaf və sıfır emissiya yolunda iki sütundur.  Bu baxımdan, 1992-ci ildə BMT-nin təşəbbüsü ilə Rio-de-Janeyro şəhərində keçirilmiş beynəlxalq konfransda “Dayanıqlı inkişaf” konsepsiyası qəbul edilmişdir. Lakin tarixə nəzər saldıqda bu ideyanın hələ  XVIII əsrin əvvəlində irəli sürüldüyünün şahidi oluruq. Davamlılıq ideyası, harada baş verməsindən asılı olmayaraq, böhran və qıtlıq dövründə ortaya çıxır. 1713-cü ildə Hans Karl fon Karlovitsin alman dilində nəşr etdirdiyi “Meşə iqtisadiyyatı” kitabında dayanıqlı inkişafdan bəhs edib. Hans, mədən sənayesinin taxta tədarükünə cavabdeh şəxs idi. O zaman mədənçıxarma və filizəritmə bütün meşələri məhv etdi. 

Müəllif kitabında gələcəkdə ağacın çörək qədər həyatımızda önəmli yer tutacağını vurğulamış və həm meşəçiliyin inkişafının, həm də ağac emal edərkən balansın saxlanmasının vacibliyini diqqətə çatdırmışdır. O meşə təsərrüfatında dayanıqlı inkişaf konsepsiyasını ilk dəfə aydın şəkildə ifadə etmişdir. Və məhz onun uzaqgörən “iqtisadiyyatımızı elə təşkil etməliyik ki, qıtlıq problemindən əziyyət çəkməyək” ideyası 1987-ci ildə “Brundtland Komissiyası” adı ilə tanınan Ətraf Mühit və İnkişaf üzrə Beynəlxalq Komissiyanın məruzəsində öz əksini tapmışdır.

Və bugün istixana qazlarının, o cümlədən karbon qazının həddindən artıq yığılması nəticəsində baş verən iqlim dəyişikliyinin qarşısını almaq üçün ağaclar köməyimizə çatır. Yalnız meşələr fotosintez etmək qabiliyyəti sayəsində karbon qazını tutub saxlayır və bu şəkildə iqlim dəyişikliyini azaldaraq ləngidir.

Bu mənada, meşə ərazilərinin artırılması da qlobal iqlim problemi ilə mübarizədə öndə duran vəzifələrdəndir və bunu gözardı etmək olmaz.

Xatırladım ki, Azərbaycanın təqribən 12% ərazisi meşə örtüyüdür, qonşu Gürcüstanda isə bu rəqəm 40%-ə yaxındır. Halbuki 200 il öncə ərazilərimizin 35%-i meşə sahəsi idi. Ermənistan 30 illik işğal dövründə Qarabağda, Şərqi Zəngəzurda adı “Qırmızı kitab”a düşən nadir ağacların da yer aldığı 246 min hektar meşə sahəmizi “yaşıl soyqırıma” məruz qoyub. Son illər işğaldan azad edilmiş ərazilərdə davamlı şəkildə meşəbərpa işləri aparılır. Eyni zamanda, Ekologiya və Təbii Sərvətlər Nazirliyi uzun illərdir ki, ölkə ərazisində yaşıllaşdırmanın aparılmasına xüsusi önəm verir - davamlı ağacəkmə aksiyaları keçirir. Təsadüfi deyil ki, bu sahəyə böyük önəm verən nazir Muxtar Babayev Prezident İlham Əliyevin sərəncamı ilə  COP 29-un prezidenti təyin edilib.  

m

Azərbaycanın iqlim dəyişmələrinə verə biləcək töhfələrdən biri isə işğaldan azad olunmuş ərazilərimizin tez bir zamanda minalardan təmizlənməsi ola bilər, hansı ki, təxminən 12 faizi - ilkin qiymətləndirmələrə görə, 1,5 milyon mina və naməlum sayda partlamamış hərbi sursatlarla çirkləndirilib.

Bu baxımdan, dünya dövlətlərinin bizdən iqlim dəyişmələri ilə bağlı məlum gözləntiləri varsa, biz də onlardan ümumi işimizə dəstək verərək Ermənistanı minaların dəqiq xəritəsini verməyə məcbur etməsini istərdik.

Qeyd edim ki, may ayında “Minaların ətraf mühitə təsirinin azaldılması – Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması” mövzusunda keçirilən beynəlxalq konfransda Prezident İlham Əliyev  çıxışı zamanı bildirib ki, mina partlayışları insanların həyatına təhlükə yaratmaqla, ümumiyyətlə, yaşamaq hüququnu sual altına qoymaqla bərabər ətraf mühitə də böyük ziyan vurur.

“Belə ki, partlayışlar zamanı yaranan plastik tullantılar ekoloji fəsadlara səbəb olaraq torpaqların strukturuna mənfi təsir göstərir. Uzun müddət torpağın içində qalan minalar zərərli kimyəvi reaksiyalara gətirib çıxarır. Minalara görə istifadə olunmayan torpaqlar təbii eroziyaya və aşınmaya məruz qalır”.

Yaponiya təcrübəsi və biz

Son illərdə "Gündoğan ölkə" quraşdırılmış bərpa olunan enerji potensialına görə aparıcı ölkələrdən biridir və günəş enerjisi ən böyük bərpa olunan enerji mənbəyi kimi hidroenergetikanı ötüb. 2015-ci ildə Yaponiya hökuməti günəş enerjisindən əldə edilən elektrik enerjisinin alış qiymətini azaldıb. Günəş fotovoltaik modullarının orta satış qiymətinin də azalması ilə bu, günəş enerjisi xərclərinin uzunmüddətli azalması ilə nəticələnib. Dağlıq ada ölkəsi quruda məhdud sahəyə malik olduğundan, üzən günəş panellərindən ilk istifadə edənlərdəndir. Dəniz külək stansiyaları bazarı da üzən turbinlərə əsaslanacaq. 2040-cı ilədək təxminən 30-45 giqavat dəniz külək enerjisi quraşdırmağı da planlaşdırırlar. Külək enerjisi hazırda Yaponiyada az miqdarda enerji təchizatı istehsal edir, lakin dəniz külək enerjisindən elektrik enerjisi istehsalının daha da artacağı gözlənilir və bərpa olunan enerjinin payı üzrə hədəfini 2030-cu ilə qədər 38 faizə çatdırıb. Ölkə 2050-ci ilə qədər tamamilə karbon neytral olmaq niyyətindədir. Eyni zamanda, Yaponiya tullantıdan enerjiyə çevrilən zavodlarda istifadə olunan tullantıların faizinə görə, dünyada liderlik edir, bərk məişət tullantılarının 74,2 faizini enerji bərpa sistemlərində yandırır.

Diqqətə çatdıraq ki, Azərbaycanda il ərzində 200 milyon kvt/saata qədər elektrik enerjisi hasil etmək gücünə malik Bakı bərk məişət tullantılarının yandırılması zavodu mövcuddur. Zavod, Prezidentin 2006-cı il 28 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı” çərçivəsində inşa olunub. Aİ-nin ətraf mühitin mühafizəsi sahəsində ən sərt normativlərinə tam cavab verir. Ötən il isə Energetika Nazirliyi ilə Asiya İnkişaf Bankı arasında əməkdaşlıq çərçivəsində  “Üzən günəş panelləri sisteminin inkişafına dair bilik mübadiləsi və texniki yardım dəstəyi” pilot layihəsi həyata keçirildi və Böyükşor gölündə 100 kVt gücə malik fotovoltaik sistem quraşdırıldı, yəni bu sahədə də təcrübəsi var. Çox təəssüf ki, üzən günəş panellərin quruda olan panellərdən daha baha başa gəldiyi bildirildi...

Azərbaycan yaşıl enerjiyə keçidin təmin edilməsi üçün alternativ və bərpa olunan enerji mənbələrindən istifadəni intensivləşdirmək məqsədilə bu sahədə ixtisaslaşmış şirkətlərlə də fəal əməkdaşlıq qurur. Ötən il oktyabrın 26-da 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının açılış mərasimi oldu. Qaradağ GES Xəzər regionunda və MDB məkanında ən böyük günəş elektrik stansiyasıdır. Stansiya 262 milyon ABŞ dolları dəyərində xarici sərmayə hesabına tikilib, həmçinin ölkəmizdə xarici investisiya cəlb edilməklə reallaşdırılan sənaye miqyaslı ilk günəş elektrik stansiyasıdır.

Stansiyada hər il 500 milyon kilovat-saat elektrik enerjisi istehsal edilməklə 110 milyon kubmetr həcmində təbii qaza qənaət ediləcək. Eyni zamanda, atmosferə atılan karbon emissiyası 200 min ton azaldılacaq. 550 hektar ərazini əhatə edən elektrik stansiyada 570 min günəş paneli quraşdırılıb. Bu stansiyanın şəbəkəyə qoşulması üçün 330 kilovoltluq yarımstansiya tikilib.

Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (BOEMDA) direktor müavini Kamran Hüseynov Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Bakı Enerji Forumunun “Davamlı Enerji: Xəzər regionunda Yaşıl Enerji Potensialı” plenar müzakirəsində çıxışı zamanı 2027-ci ilə qədər 2000 MVt gücündə icra olunan, o cümlədən 4 iyunda təməli qoyulan 1000 MVt gücündə yaşıl enerji layihələri barədə danışıb. Vurğulayıb ki, dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilən bu layihələr bərpa olunan enerji üzrə qoyuluş gücü payının ən azı 30 %-ə çatdırılması hədəfini daha da yaxınlaşdırır.

Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti arasında 200 MVt-lıq Batareya Enerji Saxlanc Sistemi (BESS) layihəsi ilə bağlı İcra Müqaviləsi və 200 MVt-lıq quruda külək enerjisi layihəsi üzrə Çərçivə Müqaviləsi də imzalanıb.

İyunun 4-də Energetika Nazirliyi və ”Azərenerji” ASC ilə Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında 445 MVt gücündə Biləsuvar, 315 MVt gücündə Neftçala günəş elektrik stansiyaları və 240 MVt gücündə Abşeron-Qaradağ külək elektrik stansiyası layihələri üzrə “İnvestisiya müqaviləsinə Əlavə”, Buxarestdə “Xəzər-Avropa Birliyi Yaşıl Enerji Dəhlizi” layihəsi çərçivəsində Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanın enerji şirkətləri arasında keçirilən görüşdə Birgə Müəssisənin yaradılması haqqında Anlaşma Memorandumu, Azərbaycanın Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi və “WindEurope” Avropa Külək Enerjisi Assosiasiyası  arasında külək enerjisi sahəsində əməkdaşlığa dair” Anlaşma Memorandumu imzalanıb. Bu, görülən işlərin yalnız bir hissəsidir, həm də sonuncusu deyil və hazırda Azərbaycan iqlim dəyişiklikləri ilə bağlı önləyici tədbirlər baxımından bir çox inkişaf etmiş ölkələr üçün flaqmandır.

SONDA:  Bəli, Azərbaycan artıq "yaşıl enerji" istehsalına meydan olmaqdadır. Lakin bu enerjinin maya dəyəri də gərək ənənəvi elektrik enerjisindən xeyli aşağı olmalı, rentabelliyi önə çəkilməlidir. Bu isə günəş və külək enerjisini istehsal edən panel və generatorların kənardan alınmasını deyil, Azərbaycanda istehsalını diqtə edir. Azərbaycan ilk növbədə bu dayanıqlı və uzunömürlü istehsala-zavodlara iddialı olmalıdır...

*** 

...Nəhayət, COP 29-un Azərbaycanda keçirilməsi ölkəmizin bu yöndə apardığı ekoloji siyasətə, eyni zamanda dünya arenasında tutduğu yüksək liderlik mövqeyinə hörmətin, inamın bariz nümunəsidir.  Bəli,  Azərbaycan Vətən savaşından kecmiş ölkə olaraq iqlim “savaşı”na da  biganə qalmayıb, hansı ki, bu “savaş”dan da qalib çıxacağımıza əminik!

Yasəmən MƏMMƏDLİ

Yazı “Azərbaycan Dəmir Yolları” QSC və Azərbaycan Mətbuat Şurasının kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında keçirdiyi iqlim təşəbbüsləri müsabiqəsinə təqdim olunur.

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler


IMAGE
RAMİZ ƏSGƏR İTKİSİ...
çərşənbə, 22 Mayis 2024
By Elman ELDAROĞLU

Tezadlar Arxiv

İDMAN