Bu gün Milli Qəhrəman Mübariz Ağakərim oğlu İbrahimovun şəhadətə qovuşduğu gündür.

Bu münasibətlə Mübariz İbrahimovun ata yurdu olan Əliabad kəndində anım mərasimi keçirilib. Anım mərasimində rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri, şəhid anaları, sakinlər və digər qonaqlar iştirak ediblər.

Mərasimdə çıxış edənlər bildiriblər ki, Mübariz İbrahimovun şəhadətindən 12 il ötür. Qəhrəmanımızın ata ocağı illərdir müqəddəs ziyarətgaha çevrilib, insanlar Mübarizin ev-muzeyini dərin ehtiramla ziyarət edirlər.

Qeyd olunub ki, Mübariz 1988-ci il fevralın 7-də Biləsuvarın Əliabad kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətini Daxili Qoşunların “N” saylı hərbi hissəsinin xüsusi təyinatlı bölüyündə keçib. Həqiqi hərbi xidmətini 2007-ci ildə başa vurub. Amma düşmənə qarşı qəlbində boğub saxlaya bilmədiyi intiqam hissi 2009-cu ilin avqust ayında yenidən onu gizirlik məktəbinə gətirib. Öz arzusu ilə cəbhə bölgəsindəki hərbi hissələrdən birində xidmətə başlayıb. 2010-cu il iyunun 18-də gecə saat 23 radələrində gizir Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçərək, müxtəlif təxribatlar törədən Ermənistan silahlı qüvvələrinin mövqelərinə hücum edib. O, qısa zaman ərzində düşmənin çox sayda əsgər və zabitini məhv edib. Sonra isə düşmənin silahlarını özünə qarşı istifadə edərək, 5 saat döyüşüb. Ermənistan ordusu çox çətinliklə, yalnız səhər saatlarında Mübariz İbrahimovun qarşısını ala bilib. Mübariz müqəddəs amalı uğrunda şəhadətə qovuşub. Lakin Mübarizin, onun kimi qəhrəmanlarımızın qanları yerdə qalmadı. Şanlı Azərbaycan Ordusu müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində xalqımızın Zəfər tarixini yazdı, işğal altındakı torpaqlarımızı düşməndən azad etdi.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN