Mən Milli Qəhrəman, polkovnik-leytenant Şirin Mirzəyevi müstəqil Azərbaycanın gəlmiş getmiş ən böyük sərkərdəsi hesab edirəm. Bundan başqa, həm də düşünürəm ki, Ağdamda doğulub böyüyən hər kəsin ona bir minnətdarlıq borcu var. Münaqişənin ilk illərində torpaqlar yerli camaatın yaratdığı özünümüdafiə batalyonları ilə müdafiə olunarkən, bu adam Bakıda işini, ailəsini, rəvan həyatını bir kənara qoyub, Ağdama gəlib. Ordu quruculuğunda fəal iştirak edib. Gəlməyə də bilərdi. Düzdür, sonralar Bakıdan Qarabağa saysız-hesabsız könüllülər yollanacaq, torpaq uğrunda şəhid olacaqdı. Amma hələlik 1991-ci il idi və Şirin Mirzəyev Bakıdan çox uzaqlarda baş verən münaqişəyə çoxları kimi laqeyd yanaşa bilərdi... Laqeyd qalmadı və bizim uğrumuzda şəhid oldu...