"Azərbaycanda ümumi investisiya iqlimi yaxşılaşmaqda davam edir, hərçənd mühüm problemlər qalmaqdadır", - ABŞ administrasiyasının cümə axşamı açıqladığı illik hesabatında bildirilir.

Məlumata görə, "İnvestisiya mühiti haqqında bəyanatlar" adlı hesabat Dövlət Departamenti tərəfindən hazırlanıb. Məqsəd Amerika şirkətlərinə dünyada investisiya mühiti haqqında aktual informasiyadan istifadə edərək əsaslandırılmış işgüzar qərarlar qəbul etməyə kömək etməkdir. Hesabatda təqdim olunan 160-dan çox ölkə arasında Azərbaycan da var. 

"Sənəddə investisiya şəraitinin yaxşılaşdırıldığı, həmçinin biznesə əngəl olan maneələrin qaldığı sahələr təqdim olunub", - Dövlət Departamentinin rəsmisi Ned Prays mətbuat üçün brifinqdə bildirib.

"Hesabat təkcə bazar şərtlərini əhatə etmir, həm də hökumətlərin beynəlxalq əmək standartlarına necə əməl etdiyini, biznesin məsuliyyətli aparılmasını necə təmin etdiyini, korrupsiya ilə necə mübarizə apardığını qiymətləndirir ".

Bu ilin hesabatlarında Ukrayna və Rusiyanın adları keçmir. "Bizim Ukraynaya dair müvafiq məlumatların toplanması üçün imkanımız olmayıb. Əlbəttə ki, Rusiyanın Ukraynaya hücumu Rusiyada bazar konyukturasında kəskin dəyişikliklərə gətirib çıxarıb", - N.Prays vurğulayıb.

Azərbaycana gəlincə, hesabatda deyilir ki, hökumət xarici investisiyaları cəlb etməyə, öz iqtisadiyyatını şaxələndirmək üçün islahatlar aparmağa və özəl sektorun artımını stimullaşdırmağa çalışıb. Lakin Azərbaycan iqtisadiyyatı əvvəlkitək neft və qaz hasilatından  çox asılıdır ki,  ixrac gəlirlərinin, təxminən  88 faizi və dövlət büdcəsinin yarıdan çoxu bunun payına düşür.

"2021-ci ildə Azərbaycan iqtisadiyyatı illik hesablamada 5,6 faiz artıb (2020-ci ildə 4,3 faiz azalma olub). Neft- qaz sektoru pandemiyadan sonra bərpa olunaraq 1,7 faiz, qeyri-neft-qaz sektoru isə 7,2 faiz artıb", - hesabatda deyilir.

Neft-qaz sektoru tarixən xarici sərmayələrin ən böyük payını cəlb etdiyi halda, Azərbaycan hökuməti iqtisadiyyatın şaxələndirilməsi üçün dörd qeyri-neft sektorunu seçib: kənd təsərrüfatı, turizm, informasiya və kommunikasiya texnologiyaları və nəqliyyat/logistika.

Son illər işgüzar mühitin yaxşılaşdırılması və bütövlükdə iqtisadiyyatda islahatlar üçün həyata keçirilən tədbirlər sırasına izafi biznes-lisenziyaların aradan qaldırılması, lisenziya səlahiyyətlərinin ASAN dövlət xidmətləri mərkəzlərinə verilməsi, gömrük prosedurlarının sadələşdirilməsi, bəzi biznes yoxlamalarının dayandırılması və vergi rejimində islahatlar daxildir.

Hesabata əsasən, işgüzar mühitin yaxşılaşdırılması üzrə ciddi səylərə baxmayaraq, şaxələndirilmiş və rəqabətqabiliyyətli özəl sektorun yaradılması üçün zəruri olan struktur islahatları əvvəlkitək geridə qalır, korrupsiya isə Azərbaycanda fəaliyyət göstərən şirkətlər üçün ciddi problem olaraq qalır.

İqtisadiyyatda dövlətlə bağlı holdinq şirkətlərin kiçik qrupu üstünlük təşkil edir, əqli mülkiyyət hüquqlarının müdafiəsi yaxşılaşır, lakin yetərli deyil, məhkəmə şəffaflığı isə yoxdur.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN