Sabirabad rayonunun mərkəzindən 40 kilometr məsafədə yerləşən Hacıbəbir kəndinin əsas yolu bərbad vəziyyətdədir.

On iki kəndi birləşdirən bu yol 2016-cı ildə asfaltlanıb, amma iki-üç il ərzində yenə yararsız hala düşüb.

Hacıbəbir kənd sakini Ə.Məmmədov deyir ki, problemləri mövsümə görə dəyişir: “Qışda palçıqdan, yayda isə toz dumanından hərəkət etmək çətin olur”.

Kənd sakininin sözlərinə görə, əhali hər il vəsait toplayıb yolu təmir etdirir, ancaq yay mövsümü rahat olur: “Elə ki, yağışlar yağır, yolu su yuyub aparır”.

Ə.Məmmədovun sözlərinə görə, yol bərbad olduğundan taksilər bir kilometr yolu xəstəxanaya 10 manata aparır: “Kəndə təcili yardım maşını gəlib çıxınana qədər xəstənin halı iki-üç dəfə dəyişir”.

Yolun bərbad vəziyyətdə olması daha çox məktəblilərə çətinlik yaradır. Qış aylarında məktəbə gediş-gəliş daha da çətinləşir. Kimin maşını var, uşağını dərsə aparır, olmayanlar dərsdən qalır. Kənd camaatı yolların avtomobillərini sıradan çıxarmasından da gileylidir: “Avtomobillərin vəziyyətindən danışmağa dəyməz. Ehtiyat hissələri almaqdan bezmişik”.

Hacıbəbir kəndinin daha bir sakini X.Məmmədov deyir ki, üç-dörd ildən bir gəlirlər, təmir adı ilə “yola verib” çıxıb gedirlər: “Bazara, dükana belə, kənddən 3 km məsafədə olduğu üçün gedib-gələ bilmirik”.

Sakinlər dəfələrlə müvafiq qurumlara müraciət ediblər, lakin heç bir tədbir görülməyib.

Problemlə bağlı yerli bələdiyyə sədri Qeyrət Şükürov bildirib ki, Hacıbəbir kəndinin daxili yollarının hazırkı vəziyyəti onları da narahat edir: “Kəndarası yolların əsaslı təmiri istiqamətində layihə planı hazırlanır və yaxın zamanda həm Hacıbəbir kəndinin, həm də bələdiyyənin ərazisində olan digər kəndlərin yollarında əsaslı təmir işləri aparılacaq”.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN