Amil Ağalar, Azərbaycan KP Ağdam şəhər təşkilatının 1-ci katibi

Ömrümün yaddaşlarda qalan mühüm hissəsi tələbəlik illəridir. 1960-cı ildə Çingiz İldırım adına Politexnik İnstitutunun Sənaye və mülki tikinti fakültəsinə qəbul olub, 1965-ci ildə ali təhsilimi başa vurdum. O vaxt ali məktəbi bitirən tələbələrə iş yeri üçün təyinat verilirdi.

Mənim də taleyimə İndiki Texnikanın Tikintidə Tətbiqi Tresti qismət oldu. Trestdə tikinti üzrə mühəndis vəzifəsinə təyin edildim. Bir gün sənaye tikinti naziri Məmmədəli Abbasov qaydası üzrə testə gələrək oteldə işlərin gedişi  ilə maraqlandı. Sonra nazir məndən burada nə vaxtdan işlədiyimi soruşdu. Dedim iki ildir burada çalışıram. Mənə göstəriş verdi ki, sabah saat 9:00-da yanımda olarsan. Sonradan öyrəndim ki, işimdən razı qaldığına görə mənim istehsalatda işləməyimi istəyib. Mənim Sumqayıt şəhərində DSK-3-də 103 nömrəli tikinti idarəsində baş mühəndis vəzifəsinə təyin olunmağım barədə əmr verildi. Nazirin bir sözü yaxşı yadımdadır ki, dedi, ayıq-sayıq ol, sənə saxta sənədlərə imza etdirməsinlər. Sumqayıt şəhərində 8-ci mikrorayonda quraşdırma evlər tikməyə başladıq. 8-ci mikrorayonda onlarla 5 mərtəbəli evlər tikdik. Sonra məni Abşeron rayonunda yüksək mərtəbəli panel evlərin tikintisinə göndərdilər. İşlərin qızğın vaxtında məni nazirliyə dəvət etdilər. Nazir Məmmədəli Abbasov məni qəbul etdi. Məndən soruşdu ki, ağdamlısan? Cavab verdim ki, bəli. Dedi ki, orada dəzgah tərtibatı zavodu tikirik, kimi göndəririk, işləyə bilmir, səni oraya təyin etmək istəyirəm, get, tikintiyə rəhbərlik elə. Düzü, çətin vəziyyətdə qaldım. Bir qədər fikirləşdikdən sonra dedim, baş üstə! 1969-cu ilin yay ayları idi. Mən Ağdam şəhərindəki 33 nömrəli tikinti idarəsində baş mühəndis vəzifəsində çalışırdım. Zavodun tikintisinin maliyyə işində direktor Məmməd Niftəliyev müəyyən saxtakarlıqlara yol verirdi. Mən də bir baş mühəndis kimi həmin saxtakarlıqların qarşısını almağa çalışırdım. İdarə rəisi Təyyar Novruzov sifarişçi ilə nədənsə düz dolanmırdılar. O vaxt Ağdam rayonunun birinci katibi Həsən Əliyev mənim 33 nömrəli tikinti idarəsinin rəisi vəzifəsinə təyin olunmağım barədə məktub tərtib etdi. Bakı şəhərində 4 nömrəsi trestdə idarənin nömrəsini dəyişməklə 4 nömrəli tikinti idarəsinə rəis, daha sonra isə Sənaye Tikinti Nazirliyində şöbə rəisi vəzifəsinə təyin edildim. İlk başladığım iş Dəzgah Tərtibatı Zavodu oldu. Zavodun smeta dəyəri o zamankı qiymətlə 1,2 milyon manat idi. Xidməti qulluq üzrə 3 mərtəbəli bina, 530 nəfərlik yeməkxana, anbarlar və s. obyektlərin tikintisinə başlanılmışdı. Zavodun əsas hissəsi 144 metr x 144 metr məsafədə dəmir-beton konstruksiyadan ibarət idi. Hələ binanın özül hissəsinə yeni başlanmışdı. 2000 nəfərlik işçi qüvvəsi tələb edən zavodun tikintisi Mərkəzi Komitənin qərarı ilə nəzarətə götürüldü.  Sanki bəxtimdən idi, istər Sumqayıtda, istərsə də Abşeronda tikdiyim obyektlər, nədənsə, nəzarətə götürülürdü. Dəzgah Tərtibatı Zavodunun tikintisinin gedişi ayda bir dəfə Azərbaycan SSR Ali Soveti sədrinin birinci müavini Həsən Seyidovun iştirakı ilə geniş müzakirə olunurdu. Yaranmış vəziyyəti nəzərə alaraq ilk gündən obyektdə işlərin gedişini xususi cədvəllə idarə olunmasına keçdim. Aylıq nəzarət və tələbkarlığa uyğun olaraq uzadılmış iş gününə keçdim. Xüsusi nəzarət qarşısında dayanan məsuliyyət bizi məcbur etdi ki, keyfiyyət və kəmiyyəti təmin etməklə zavodu tezliklə istismara verək. Mənim yaxşı  yadımdadır, növbəti kollegiyada ulu öndər Heydər Əliyevin tələbkarlığı ilə seçilən məlum bir şəxsiyyət olaraq növbəti tədbirdə belə bir kəlmə işlətdi: siz onun boyuna baxın, bir qarış boyu var, amma işi ondan öyrənin. Bu sözlər məni daha yaxşı işləməyə həvəsləndirdi.

Biz tələb olunan tikinti materiallarını Mərkəzi Komitənin qrafiki üzrə vaqonla alırdıq. Bütün bunlara baxmayaraq, idarəmiz Xankəndidəki 9 nömrəli trestin tabeçiliyinə verildikdən sonra trestin rəhbəri Sergey Qriqoryanın göstərişi ilə növbəti vaqonlar gələrkən ikisinin Su-44-ə, beşinin isə Xankəndiyə  ayrıldığını Mərkəzi Komitəyə məlumat verdiyim üçün artıq trestin rəhbərliyi mənimlə düz yola getmədi.

Dəzgah Tərtibatı Zavodunun tikintisi ilə eyni zamanda Ağdam rayonunda tikinti tresti üçün yeni texniki sənədlər almışdım. 250 maşın üçün qaraj, dəmir-beton zavodu, digər köməkçi obyektlər üçün 11 metrlik şveller sifariş vermişdim. Ancaq Sergey Qriqoryan Ağdam Dəmir Yolunun yaxınlığında tikilən obyekti dayandırıb Əsgəran rayonuna köçürtdü. O vavt Xankəndinin birinci katibi Boris Gevorkov idi. O, Mərkəzi Komitə ilə danışdıqdan sonra Ağrdam rayonu üçün nəzərdə tutulan oyektləri Xankəndiyə yönəltdilər. Belə olan halda, bu barədə mən Ağdam rayonunun birinci katibi Telman Orucova müraciət etdim. Onun bu məsələyə müdaxilə etməsini istədim. Lakin Telman Orucov heç bir kömək etmədi. Bir sözlə, ermənilər istədiklərini edirdilər və onların qarşısını alan yox idi.

Mən Dəzgah Tərtibatı Zavodunu tikib təhvil verəndən sonra 9 nömrəli trestlə vidalaşdım. Sonra Ağdam şəhərində bir ilə respublikada ikinci olan 600 işçi qüvvəsi tələb edən Xalçaçılıq fabriki tikdim. Daha sonra tikdiyim Üzümçülər evi heç bir ölkədə tikilməyən layihə əsasında idi. Şellidə tikilən müalicə binası 900 kvadratmetr sahəni əhatə edirdi. Bu binaya 600 min manat vəsait xərclənmişdi. Tikintidə istifadə olunan xarici kafel, metlax, oboy və tavan materialları insanın zövqünü oxşayırdı. Zövqlə tikilmiş “Aqroprom”un ikimərtəbəli binası da Ağdam şəhərinə yaraşıq verən tikililərdən idi. Mədəniyyət evinin yenilənmiş layihə əsasında təmiri də başa çatmaq üzrə idi...

Mən Ağdamda üç şərab emalı zavodu tikərkən ağlıma gəlməzdi ki, bu obyektlərin taleyi acınacaqlı olacaq. KP MK-nın 22-ci qurultayı adına sovxozda tikdiyim camaşırxana, məktəblər, Mərzili kəndində 1 May adına soxvozda 2000 başlıq iribuynuzlu mal-qara üçün tikdiyim ferma, Ergidə qoyunçuluq ferması üçün 3000 başlıq təsərrüfat tikilisi heç vaxt yadımdan çıxası deyil. O vaxtdan artıq 40il keçir. Qarabağ sovxozunda tikdiyim orta məktəbin özünəməxsus layihə gözəlliyi vardı. 8 nömrəli TTSM üçün idarə işçilərinə tikdiyim 16 mənzilli iki yaşayış evini tikib 32 aliləyə, 3 və 4 mənzilli yaşayış evlərini təhvil verərkən nə hisslər keçirdiyimi bu gün təsəvvür edə bilmirəm. 8 nömrəli TTSM-in binası qarşısında tikdiyim ikimərtəbəli mağaza və yeməkxana idarənin işçilərinə xidmət edirdi.

Əhmədavar yolunda tikdiyim Şampan zavodu artıq xarici ölkələrə müqavilə əsasında hazır məhsul ixracına başlamışdı.

1990-cı illərdən başlayaraq əhalinin yaşayış səviyyəsinin daha da yaxşılaşdırılması məqsədilə çoxsaylı yaşayış evləri tikirdik ki, bu da bədnam qonşularımız gözünə ox olub batdı. Ona görə də ermənilər 204 minə əhalisi olan Ağdam şəhərini, ona yaxın qəsəbə və kəndlərimizi tarmar edərək, on minlərlə insanımızı qətlə yetirdilər, bir milyona yaxın soydaşımızı doğma el-obalarından didərgin saldılar. Halbuku vaxtilə Azərbaycan dövləti ermənilərə Qarabağda sığınacaq verdi, dövlət vəsaiti hesabına onlara yaşayış üçün hər cür şərait yaratdı...

İndi bir qarabağlı, ağdamlı, şuşalı kimi çox heyfsilənirəm ki, mən əbədiyyətə qovuşandan sonra övladlarım, nəvə-nəticələrim dağılmış Ağdam şəhərinə baxarkən izi qalmamış zavodları, yaşayış evlərini, tarixi abidələri görməyəndə nə fikirləşəcəklər? Bəs onlar nə ilə fəxr edəcəklər? Axı onların ata-babalarının tikdiklərindən əsər-əlamət qalmayıb. Halbuki mən tikmişdim ki, izim qalsın... Mən Ağdamda yaşayıb işləyərkən 3 yerdə yaşayış evim olub. Axundov küçəsində tikdirdiyim üçmərtəbəli yaşayış evimin 4000 kvadratmetr sahəsi olmaqla, mansarlı evimin 3-cü mərtəbəsində 40 nəfərlik banket zalı, iki yataq otağı, 4 tərəfində  eyvan, bilyard otağı vardı.

Ağdamın işğalından sonra əvvəlcə Bərdədə, sonra isə Bakıda sığınacaq yeri tapdıq. Nəvələrim darkeşlikdən ikimərtəbəli yataqda yatırlar. Dərs hazırlığı üçün yer tapmırlar. Ali təhsilli kadr kimi sadaladığım gördüyüm işlərin əks olunduğu 47 illik əmək kitabçam əsasında aldığım təqaüd 320 manatdır. Özümün 81 yaşım var. Aldığım təqaüd bazar iqtisadiyyatının tələblərinə cavab vermir. Ancaq mən yenə də nikbinliyimi saxlayıram. Azərbaycanın Ermənistan tərəfindən cəlb olunduğu və cəmi 44 gün davam edən müharibə - İkinci Qarabağ müharibəsi başa çatdı. Azərbaycan Ordusu şanlı Qələbə qazanaraq 30 il davam edən işğala son qoydu, ərazi bütövlüyünü bərpa etdi. Son 300 ildə ilk dəfə idi ki, Azərbaycanın işğal altında qalan əraziləri igid sərkərdəmizin – dövlətimizin başçısının rəhbərliyi ilə geri qaytarıldı. Bu qələbə ilə Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycanın yeni tarixinə qızıl hərflərlə yazılacaq sətirlərin müəllifi oldu.

30 illik erməni işğalından azad olan Qarabağda genişmiqyaslı bərpa-quruculuq işlərinin aparılması hər birimizin qəlbini fərəhləndirir. Bu gün ölkəmizin siyasi və iqtisadi potensialı Qarabağda işğaldan azad edilmiş ərazilərin tam dirçəlişinə yönəlib. Artıq Şuşa, Ağdam, Füzuli, Cəbrayıl şəhərlərinin baş planları təqdim olunub, digər şəhərlərdə də bu iş sürətlə davam etdirilir. Dövlət başçısının iştirakı ilə Şuşa, Ağdam, Füzuli, Cəbrayıl rayonlarının ərazilərində salınacaq yaşayış binalarının təməli qoyulub. Ərazilərin çoxsahəli potensialına uyğun olaraq, bölgədə iqtisadi fəaliyyətin tezliklə bərpası diqqət mərkəzindədir. Konkret olaraq sənaye zonalarının, istehsal sahələrinin yaradılması və fəaliyyətinin təşkili, həmçinin bölgəyə investisiyaların cəlb edilməsi istiqamətində addımlar atılıb. Ağdam Sənaye Parkının, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının təməli qoyulub, buraya potensial rezident və investorların cəlb edilməsi istiqamətində sahibkarlarla və dövlət qurumları ilə müvafiq iş aparılır.

Qazanılmış tarixi zəfərin kökündə cənab İlham Əliyevin uzun illər ərzində böyük fədakarlıqla gördüyü çoxşaxəli işlər durduğu kimi, azad olunmuş ərazilərin dirçəldilməsi və bu yerlərə qayıdışın təmin edilməsi də dövlət başçısının böyük əzmkarlığı, qətiyyəti və güclü siyasi iradəsinə əsaslanır.

Əminəm ki, tezliklə Ağdam şəhəri, Şuşa və digər bölgələrimiz yenidən dirçələcək, o yerlərdə həyat yenidən bərpa olunacaq. Qarabağ camaatının zəhmətsevər, yorulmaq bilməyən, yaradıcı  olduqlarına qətiyyətlə inanıram. Mən bütün xalqımızı dövlətimizin ətrafında sıx birləşərək, quruculuq işlərinə, ölkəmizin abadlaşdırılmasına dəvət edirəm.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN