İran Ədliyyə Başçısı Qulamhüseyin Muhsin Ejei bir çox şəhərlərdə qız şagirdlərin təhsil aldığı məktəblərdə baş verən zəhərlənmə hadisələri ilə bağlı müəyyən ediləcək günahkarların "edam"la mühakimə ediləcəyini bildirib.

Tezadlar.az xəbər verir ki, İran Ədliyyəsinə bağlı Mizan Xəbər Agentliyinin məlumatına görə, Ejei bütün ölkədə narahatlıq yaradan qız şagirdlərin təhsil aldığı məktəblərdə baş verən zəhərlənmə hadisələri ilə bağlı açıqlamalar verib.

Ejei "Bu iş “yer üzündə fitnə-fəsad törətmək” cinayətlərindən biridir. Bu işin günahkarları müəyyən edilib tutulduqda, şübhəsiz ki, qanunda yer alan “yer üzündə fitnə-fəsad törətmək” cinayətini törətdiklərinə görə mühakimə olunacaqlar” deyib.

İran rəsmisi xüsusilə cinayətkarların və onların işbirlikçilərinin qanunda ən ağır cəza ilə edamını dərhal izləyəcəklərini vurğulayıb.

İran Cinayət Məcəlləsinin 286-cı maddəsinə əsasən, “yer üzündə fitnə-fəsad törətmək” cinayətini törədənlər ölüm cəzası ilə mühakimə olunur.

İran lideri Əli Xamneyi bu gün verdiyi açıqlamada zəhərlənmə hadisələri ilə bağlı hakimiyyət orqanlarına "ciddi tədbir görülməsini və günahkarların ən ağır cəza ilə cəzalandırılmasını" tapşırıb.

Qeyd edək ki, İranda 2022-ci il noyabrın 30-dan etibarən məktəblərdə kütləvi zəhərlənmə halları diqqət çəkir. Qum, Loristan, Tehran, Ərdəbil, Kirmanşah, Simnan, Mazenderan, Çeharmahal və Bəxtiyari, Elburz və Rezevi Xorasan əyalətlərində təxminən 100 gündə 1000-dən çox tələbənin zəhərləndiyi bildirilir. Şagirdlərdə tənəffüs çətinliyi, ürəkbulanma, baş ağrısı və ətraflarda uyuşma kimi simptomlar müşahidə olunur.

Prezident İbrahim Rəisi martın 1-də daxili işlər naziri Əhməd Vahidi, kəşfiyyat naziri İsmail Hatib və səhiyyə naziri Bəhram Aynullahi zəhərlənmə ilə bağlı şübhəli hadisələri araşdırmaq üçün təyin edib.

Rejim əleyhdarlarının iddialarına görə, İran administrasiyası daxilində qadınların rəhbərlik etdiyi Mahsa Emini nümayişlərinin qisasını almaq istəyən bəzi radikal qruplar var.

Tehran administrasiyasına yaxın mənbələr isə hadisənin arxasında xalqı administrasiyaya qarşı qızışdırmaq məqsədi daşıyan rejim əleyhdarı ünsürlərin dayandığını iddia edir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN