Dinc sakinlər ən çox Donetsk və Luqanskda həlak olub...

Rusiyanın Ukraynaya genişmiqyaslı işğalı başlayandan bəri 9 mindən çox dinc sakin həlak olub, 16 minə yaxın insan yaralanıb.

Bu barədə BMT məlumat yayıb.

Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığının  yeni hesabatına əsasən, Rusiyanın 2022-ci ilin fevralında Ukraynaya genişmiqyaslı işğalı başlayandan bəri 9083 dinc sakin həlak olub, 15779 mülki şəxs isə yaralanıb.

Qeyd edilir ki, 18 iyun tarixinə ən çox mülki itki Donetsk və Luqansk vilayətlərində qeydə alınıb. Ukraynanın nəzarətində olan bu vilayətlərin ərazilərində 4105 nəfər həlak olub, 5861 nəfər yaralanıb. Rusiyanın müvəqqəti işğal etdiyi bu rayonların bir hissəsində 718 dinc sakin həlak olub, daha 2521 nəfər isə  yaralanıb.

 İyunun 1-dən iyunun 18-dək BMT Ukraynada 557 mülki itkini qeydə alıb. Onlardan 6-sı uşaq olmaqla 112 nəfər ölüb, 445-i yaralanıb.

Əlavə edilib ki,  hərbi əməliyyatların aparıldığı yerlərdən məlumat toplamaq çətin olduğu üçün real rəqəmlər daha yüksək ola bilər.

Həmçinin BMT-nin Qaçqınlar üzrə Agentliyinin son rəqəmlərinə görə, genişmiqyaslı müharibə başlayandan bəri 14 milyondan çox ukraynalı evlərini tərk etmək məcburiyyətində qalıb, onlardan səkkiz milyonu qonşu ölkələrə, o cümlədən Polşa, Macarıstan və Moldovaya qaçıb.

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN