Yevlax rayonunun Xaldan kənd sakini, 1992-ci il təvəllüdlü II Qarabağ müharibəsi iştirakçısı Pərvin Tamiz oğlu Əzizov veteran statusu ala bilmir. Redaksiyamıza müraciət edən qazinin bildirdiyinə görə, aidiyyəti dövlət qurumları tərəfindən nə qəbul edilir, nə də şikayəti dinlənilir.

Qeyd edək ki, II Qarabağ savaşında Cəbrayıl, Qubadlı və Zəngilan istiqamətlərində döyüşən Pərvin Əzizov işğaldan azad edilən həmin rayonlara görə ölkə başçısı İlham Əliyev tərəfindən medallarla da təltif olunub. Heç bir yerdən gəliri və dolanışığı olmadığı üçün j, Prezidentin veteranlara ayırdığı təqaüdü almaq istəyir. Ancaq döydüyü qapıları üzünə açan yoxdur: “Anlamıram, Yexlax xəstəxanasında aşbaz işləyən, yaxud Müdafiə Nazirliyində kompüter qarşısında oturan qadın hansı döyüşdə olub? Hətta hərbi hissələrdə işləyən qadınlar belə bu təqaüdü alıb. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax Rayon Şöbəsinə gedirəm, məni DOST Agentliyinə yönləndirirlər. DOST Agentliyi də həmçinin...

Qurumların ötür-ötür oyunundan daha yorulmuşam. Növbəti dəfə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax Rayon Şöbəsindən mənə bildirildi ki, xidmət etdiyim quruma yaxınlaşmalıyam. Halbuki mən o qurumun yerləşdiyi ünvanı tanımıram. Bir sözlə, şikayətimə baxan yoxdur. Mənim kimi Yevlaxda bu vəziyyətdə olan başqa müharibə iştirakçıları da var ki, hamısına eyni “nağılı” oxuyurlar. Çiyərində, qolunda qəlpə gəzdirənlər var ki, onlara qazilik deyil, veteranlıq statusu verililib”.

P.Əzizovun sözlərinə görə, hər dəfə aidiyyəti qurumlara üz tutanda fərqli bəhanələr eşidir. Son ümidi kimi Yevlax Rayon İcra Hakimiyyətinə də üz tutan qaziyə qeydiyyata alındığı və müraciətinin nəzarətə götürüldüyü deyilib.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax Rayon Şöbəsi ilə əlaqə yaratmaq cəhdlərimiz alınmadı.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən isə bildirildi ki, P.Əzizov veteranlıq statusu ilə bağlı Müdafiə Nazirliyinə müraciət etməlidir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN