Vətən müharibəsinə könüllü qoşularaq Füzulidən Şuşa istiqamətinədək döyüşən Cəlilabad rayonundan olan 27 yaşlı Babək Cəfərli əlillik dərəcəsi ala bilmir.

“Döyüşdə yaralandım və kəllə-beyin travması aldım. Lakin indiyə qədər əlillik dərəcəsi ala bilmirəm”, - deyə B.Cəfərli bildirib. Onun sözlərinə görə, ötən il dekabrın 28-də əlillik dərəcəsinin təyin olunması üçün lazımi sənədləri aidiyyəti quruma təqdim edib: “Qanunvericilikdə göstərilir ki, 15 iş günü müddətində əlilliklə bağlı müraciətə cavab verilməlidir. Ancaq buna baxmayaraq, 92 gündən sonra - aprelin 6-da mənə “imtina” cavabı gəlib.

Mən Aprel döyüşlərində də iştirak eləmişəm. Vətən müharibəsində oktyabrın 6-da yaralanmışam. Kəllə-beyin travması, beyin silkələnməsi və onurğamdan zədə almışam. Füzuli, Biləsuvar Rayon Mərkəzi Xəstəxanalarında, Bakı və Gəncə şəhərlərində xəstəxada müalicə almışam. Mənə qoyulan diaqnozla əlillik dərəcəsi alanlar olsa da, mən əlillik ala bilmirəm...”.

Qazi bildirib ki, səhhətində problemlər olduğuna görə işləyə də bilmir: “Mənim kimi digər cəbhədə döyüşən yoldaşlarım var. İş üçün müraciət edəndə də bizə deyirlər ki, “Maştağada yatmısınız, sizə iş verə bilmərik”.

Məsələ ilə bağlı ƏƏSMN-in Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tural Qurbanov bunları bildirib: “Vətən müharibəsi iştirakçısı Cəfərli Babək Əzimxan oğlu bu il martın 11-də Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində əyani müayinə edilib. Onun sağlamlıq vəziyyətinin müayinəsi zamanı əlilliyə əsas verən əlamətlərin olmadığı müəyyən edilib. Bu səbəbdən əlillik təyinatından imtina edilib”.

Onu da qeyd edək ki, Babək Cəfərli Vətən müharibəsində göstərdiyi şücaətə görə “Cəsur döyüşçü” medalı ilə təltif olunub.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN