Cəbrayıl rayonunun Böyük Mərcanlı kənd sakini, hazırda Biləsuvar rayon ərazisində yerləşən 3 saylı Cəbrayıl qəsəbəsində yaşayan Məmmədova Elmira Əliş qızı içtimailəşdirilməsi üçün növbəti dəfə KİV-lərə videomüraciət ünvanlayıb.

Videomüraciətdə bir çox cəbrayıllılar adından yenidən ölkə başçısına üz tutaraq icra başçısı Kamal Həsənovun barəsində narazılıqlarını dilə gətiriblər.

Həmçinin, dəfələrlə müraciət etmələrinə baxmayaraq, qəsəbədəki natəmizliklərin, işsizliyin hələ də aradan qaldırılmamasından bəhs ediblər. Bundan əlavə, saxta diplomlu şəxslərin də Cəbrayıl RİH-də mühüm vəzifələrdə çalışdıqları vurğulanıb.

E.Məmmədova daha sonra bildirir: "Bir zamanlar rüşvətxorluğa və yeyintiyə görə işindən azad olunan Qoşqar Məmmədov keçmiş komitə sədri Əli Həsənovun tapşırığı ilə Kamal Həsənov tərəfindən Böyük Mərcanlı kənd icra nümayəndəsinin müavini vəzifəsinə təyin edilib.

Mənzil Kommunal İstismar Sahəsinin rəisi Xocavənd, "Azərxalça"nın Cəbrayıl filialının müdiri Şuşa sakinləridir ki, onlar da icra başçısı Kamal Həsənovun kimlərəsə "jesti", yaxud kimlərinsə, nəzərə aldığı xahişidir. Bundan əlavə, bəzi icra nümayəndələri, həmçinin icra nümayəndəsi müavinləri var ki, el arasında "diplom bazarı" kimi tanınan keçmiş Gəncə Müəllimlər İnstitutunun və o institutun indiki davamçısı Gəncə Dövlət Universitetinin "məzunları"dır. Qeyd edək ki, Cəbrayıl rayonunun bir çox kəndlərinin, qəsəbələrinin icra nümayəndələri, həmçinin onların müavinləri arasında hətta bir ilə, il yarıma diplom sahibi olanları da var. Təbii ki, Cəbrayıl RİH də bundan xəbərsiz deyil. Amma bütün bunları bilə-bilə həmin şəxslərə nə səbəbə, hansı maraqları naminə vəzifə "bağışlanıb"? Çox müəmmalıdır”.

Cəbrayıl sakinlərinin dediyinə görə, Elman Rüstəmovun "xüsusi dəstəyi" ilə Cəbrayıl rayonuna başçı təyin edilən Kamal Həsənov ətrafına uzaq-yaxın qohum-əqrəbasını və münasibəti yaxşı olan şəxsləri toplayıb.

Qeyd edirlər ki, Kamal Həsənov yalnız öz ətrafının aclığını, susuzluğunu, problemlərini düşünür və həlli üçün istədiyi qərarları verir. Digər sakinləri isə, o, ümumiyyətlə, qəbul etmir, yaxud da söz verir, ciddi yanaşmadığı üçün sonra o sözü də unudur.

İcra başçısının bu davranışlarından gileylənən sakinlər adından videomüraciət hazırlayıb, KİV-lərə göndərən Elmira Məmmədova ölkə başçısından Cəbrayıl sakinlərini bəzi yerli məmurların caynağından qurtarmasını xahiş edib.

Mövzuya qayıdacağıq.

Müraciətlə bağlı Cəbrayıl RİH-dən münasibət öyrənmək cəhdimiz alınmadı. Odur ki, məsələ ilə əlaqədar maraqlı tərəflərin mövqeyini dərc etməyə hazırıq.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN