Ölkəmizdə şəhid ailələrinə, eləcə də Qarabağ qazilərinə diqqət, qayğı dövlətin daim diqqət mərkəzindədir. Belə demək mümkünsə, dövlət müvafiq kateqoriyadan olan insanlar üçün əlindən gələni edir. Ölkə başçısının bu sahədəki siyasəti birmənalıdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərini müharibə veteranlarının, Qarabağ qazilərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması, hər cür qayğı ilə əhatə olunması təşkil edir.

Ancaq çox təəssüf ki, dövlət rəhbərliyinin xoşməramlı niyyətinə kölgə salan bəzi məmurlar da var. Nəticədə, işin icrasına nəzarət edən vəzifəli şəxslər bir sıra hallarda öz fəaliyyətsizlikləri ilə görülən müsbət işlərə kölgə sallmağa çalışırlar. Amma...

Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 30, mənzil 7-də kirayədə yaşayan 2-ci qrup Qarabağ müharibəsi əlili Alışov Tofiq Musa oğlu illərdir mənzil növbəsindədir. Amma... Əmması odur ki, T.Alışovdan sonra növbədə olanlar hansı yollarlasa ev almağa nail olublar. Lakin T.Alışov hələ də kirayədə yaşamaq məcburiyyətindədir. Məsələnin müəmmalı tərəfi odur ki, aidiyyəti qurumlar Qarabağ qazlərini evlə təmin edərkən daha çox nəyə önəm verirlər?! Niyə T.Alışanov kimi Qarabağ qazilərinin şikayəti rəsmi qurumlar üçün maraqlı deyil?!

Bu suallara cavab tapmasaq da, media olaraq uzun illərdir kirayədə yaşayan Qarabağ müharibəsi əlili Tofiq Alışovun aidiyyəti qurumlara müraciətini təqdim etmək imkanındayıq.

Qeyd etdiyimiz kimi, Tofiq Alışov hazırda kirayədə yaşayır. 1993-cü ildə Zəngilan rayonundan məcburi köçkün düşüb. 1991-ci ildə könüllü olaraq döyüşə yollanıb və 3 dəfə yaralanıb. Yaralanandan sonra 27 dəfə əməliyyat olunub, kəllə-beyin travması alıb, ürək əməliyyatları keçirib, əmək qabliyyətimi, demək olar ki tamamilə itirib. Ailəlidir, bir oğlu var.

Müraciətdə daha sonra deyilir:

“Kirayədə yaşadığımız mənzil birotaqlı olduğu üçün uzun illərdir ağır mənzil şəraitsizliyindən əziyyət çəkirik. Eyni zamanda, 1-ci qrup əlil olan, hərəkət qabliyyətini itirmiş 64 yaşlı qardaşım da bizim himayəmizdədir. Dəfələrlə mənzil problemi ilə bağlı aidiyyəti bütün dövlət orqanlarına müraciətlər göndərmişəm. Lakin problem öz həllini tapmyıb.

Bu isə o deməkdir ki, mən və ailə üzvlərim hələ də kirayədə yaşayırıq. Halbuki hazırda məcburi köçkünlər üçün Sumqayıt və digər şəhərlərdə inşa edilmiş evlərin şəhid ailələrinə və Qarabağ əlillərinə paylanılması ilə bağlı tapşırıq verilib.

İkinci qrup Qarabağ müharibəsi əlili kimi sizə müraciət edərək xahiş edirəm, ağır mənzil şəraitsizliyimi, mənzilimin olmamasını və Qarabağ döyüşlərində yaralandığımı nəzərə alasınız. Qarabağ əlili kimi imtiyazlı əsaslarla mənzillə təmin olunmağıma köməklik göstərəsiniz. Öncədən sizə minnətdarlığımı bildirirəm".

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyindən bildirilib ki, Tofiq Alışov məcburi köçkün olduğuna görə işğaldan azad edilmiş doğma yurd yerlərində aidiyyəti qurum tərəfindən evlə təminatı həyata keçiriləcək: "Bildiririk ki, şəhid ailələri və müharibə əlilləri qeydiyyatda olduqları şəhər və rayonlarda dövlət tərəfindən mənzil və ya fərdi evlə təmin olunurlar.

Tofiq Musa oğlu Alışov Sumqayıt şəhərində yaşasa da, keçmiş məcburi köçkün olaraq Zəngilan rayonunda qeydiyyatdadır. Qanunvericiliyə uyğun olaraq həmin rayonda, yəni işğaldan azad edilmiş doğma yurd yerlərində də ailənin aidiyyəti qurum tərəfindən evlə təminatı həyata keçiriləcək".

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən isə deyilib ki, məcburi köçkünlər üçün yaşayış evləri bundan sonra işğaldan azad edilmiş ərazilərdə tikiləcək: "Bildiririk ki, Dövlət Komitəsinin mənzil fondunda boş yaşayış sahələri yoxdur, eyni zamanda məcburi köçkünlər üçün yeni yaşayış sahələri inşa edilmir. Onlar üçün mənzillər bundan sonra yalnız işğaldan azad edilmiş ərazilərdə tikiləcək. Məcburi köçkünlərin öz daimi yaşayış yerlərinə mərhələli qaydada qayıdışı zamanı ilk növbədə ən ağır vəziyyətdə yaşayanlar yeni yaşayış sahələri ilə təmin olunacaqlar".

Bax, belə...

E.ŞİRİNOV

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN