“XƏSTƏXANAYA RƏSMİ QAYDADA 8 MİNDƏN ÇOX PUL ÖDƏDİK”

“Location” gücə klubunda baş verən partlayışdan iki həftədən çox ötüb.

Aprelin 3-ü gecə saat 3-də baş verən partlayışda 30-dan çox insan xəsarət alıb və bir neçə nəfər də həyatını itirib. Hadisə ilə bağlı üç nəfər həbs edilib.

Xəsarət alanlar arasında bloger Aysel Şükürova da vardı.

Bloğer "instagram" səhifəsində müalicə olunduğu xətəxanaya rəsmi şəkildə 8 mindən artıq pul ödədiklərini, indiyədək "Location" gecə klubunun sahiblərinin onun vəziyyəti ilə maraqlanmadıqlarını, mənəvi dəstək belə vermədiklərini və hazırda keçirdiyi həyacana görə ev şəraitində psixoloq müalicəsi aldığını bildirib. Və Aysel Şükürova onun halı ilə maraqlanmayan gecə klubunun sahibini məhkəməyə verdiklərini açıqlayıb.

Xatırladaq ki, Aysel Şükürova Bakı Lift İdarəsinin sabiq baş direktoru Qüdrət Şükürovun qızıdır.  Bir zamanlar atasının ona 400 min manatlıq toy etməsi ilə medianın gündəminə gəlmişdi.

 Qeyd edək ki, ekspert İlkin İbrahimov KİV-ə verdiyi açıqlamada gecə klubunda xəsarət alanlara, həyatını itirənlərə verilə biləcək kompensasiya məsələsinə aydınlıq gətirib. O bildirib ki, hadisə ilə bağlı bir neçə istiqamətdə ödəniş edilə bilər.

 “Klubda baş verən partlayışla bağlı sığorta kompensasiyası verilə bilər. Deyilənə görə, həmin klubda daşınmaz əmlakın icbari sığortası var. Burada bir neçə istiqamət üzrə sığorta kompensasiyası verilməlidir. Bunlar da biri daşınmaz əmlakın istismarı ilə bağlı icbari olan mülki məsuliyyət sığortasıdır. Bu sığorta əsasında orada avtomobil və insanlara dəyən ziyan, ölümlə bağlı ödəniş olunur. Həmçinin partlayış nəticəsində binaya da ziyan dəyibsə, eyni sığorta növü ilə kompensasiya verilir. Bundan əlavə, orada bildiyimiz kimi, ölən də olub. Ölümlə əlaqədar isə peşə xəstəlikləri və bədbəxt hadisələrlə bağlı icbari sığorta var. Belə ki, iş zamanı ölüm yaxud xəsarət varsa, həmin şəxsə kompensasiya ödənilir.”

 Ekspertin sözlərinə görə, ancaq bütün bu kompensasiyalar araşdırmalardan sonra təyin ediləcək.

“Araşdırmanın nəticəsi ilə bağlı Fövqəladə Hallar Nazirliyinin İstintaq İdarəsi arayış verəcək. Sığorta şirkətləri həmin arayışa çox diqqət edirlər. Həmin sənədlər əsasında sığorta ödənişinin edilib-edilməyəcəyi müəyyən olunur”.

Yəqin ki, tezliklə  “Location” gücə klubu ilə bağlı araşdırmalar yekunlaşacaq və kompensasiya ödənilməsi məsələsinə də aydınlıq gətiriləcək. Lakin hər bir halda, obyekt sahibi xəsarət alanlara - zərər çəkənlərə görə maddi və mənəvi məsuliyyət daşıyır.   

 

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN