Redaksiyamıza Göyçay şəhəri, H.Əliyev prospekti, ev 80 ünvanında yaşayan Məmmədova Şəlalə Firudin qızının daxili işlər naziri Vilayət Eyvazova ünvanlı müraciəti daxil olub.

Ş.Məmmədova yazır ki, övladı - 1992-ci il tarixdə anadan olan Məmmədov Elvin Elçin oğlu 6 aprel 2022-ci il tarixdə qondarma ittihamla saxlanılıb: “Belə ki, oğlum Elvin Məmmədov 6 aprel 2022-ci il tarixdə rayon sakini Nəriman adlı şəxsin evində olarkən Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həbs edilib. Hansı ki, oğlum Elvin Məmmədov özünə məxsus VAZ-2107 markalı avtomobili satmaq üçün Nəriman adlı şəxsin evinə gedib. Çünki pul lazım olduğu üçün oğlum avtomobilini satması barədə elan etmişdi. Nəriman adlı rayon sakini avtomobili almaq istəyib. Oğlum da həmin tarixdə avtomobili satmaq üçün Nərimanın evində olan zaman polislər tərəfindən həbs edilib”.

Ş.Məmmədova daha sonra yazır: “Həmin vaxt polislər Nəriman adlı şəxsin evindən çıxan 1 qram heroin tapıblar, ancaq onun oğluma heç bir aiddiyəti olmayıb. Hətta Nəriman adlı şəxs heroinin onun özünə aid olduğunu etiraf etsə də, polislər oğlumu qanunsuz olaraq həbs ediblər.

Hazırda Şəki Penitensiar Müəssisəsində saxlanılan oğlumun vəziyyəti çox ağırdır. Səhhəti barədə oğlum Şəki Penitensiar Müəssisəsindən özü zəng edərək bizə məlumat verib. Hətta oğlum səhhəti ilə əlaqədar yeriyə bilmədiyi üçün onu telefonla danışmağa kamera yoldaşları kömək edərək gətiriblər.

Mən bir ana kimi çox-çox narahatam ona görə ki, həm oğlum əsassız olaraq həbs edilib,  həm də səhhəti olduqca ağırdır, hər an dünyasını dəyişə bilər.

Onu da bildirmək istəyirəm ki, Elvin yeni ailə həyatı qurub, hazırda həyat yoldaşı da xəstədir”.

Ş.Məmmədova bildirir ki, bütün bunlar barədə Prezident İlham Əliyevə, Mehriban xanım Əliyevaya, Baş Prokuror Kamran Əliyevə, daxili işlər naziri Vilayət Eyvazova və Ombudsman Səbinə Əliyevaya şikayət ərizəsi ilə müraciət edib.

Hətta daxili işlər naziri Vilayət Eyvazovun 29 aprel 2022-ci il tarixdə Göyçay rayonunda keçirəcəyi qəbula yazılıb: “İnanıram ki, nazir Vilayət Eyvazov mənim müraciətimi nəzərə alıb 29 apreldə sakini olduğum Göyçay rayonunda məni qəbul edib dinləyəcək. Mən Azərbaycan qadını və bir ana olaraq Vilayət Eyvazovdan bir daha xahiş edirəm ki, 29 aprel 2022-ci il tarixdə məni Göyçayda qəbul edib dinləsin. Çünki həyat və sağlamlığından çox narahat olduğum oğlumun heç bir cinayət törətməyib və bunu təsdiq edən konkret, mötəbər sübutlar var”. 

 E.ŞİRİNOV

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN