Bu gün onun doğum günüdür. Həm də yubileyidir-60 yaşı tamam olur. Bu yaxınlarda onun haqqında “QARA TORPAQLA ÖZ DİLİNDƏ DANIŞAN ÜZÜ AĞ ADAM...” başlıqlı məqalə də yazmışdım. Bu yazıdan sonra vaxtilə ünsiyyətdə olduğu media ailəsinin üzvləri Teyyubun barəsində bəzi mətləbləri soruşdular, uğurları barədə eşidəndə çox sevindilər.

Ötən yazıda qeyd etdiyim kimi, onun haqqında yetərincə məlumatlıyam. Biz eyni rayonun iki qonşu kəndinin sakinləriyik... 1990-91-ci illərdə mən “Azərbaycan” qəzetində işləyirdim. O isə Azərbaycan Dövlət İqtisad Universitetini bitirib rəsmi orqanlarda işləməkdən imtina etdi, azad sahibkarlıqla məşğul olmağa başladı. Mətbuat sahəsində təchizat məsələlərinə dəstək verirdi. SSRİ dağılandan sonra Azərbaycanda süni kağız və bəzi çap məhsullarında istifadə edilən xammal qıtlığı yarananda qəzetlərimizin ümid yeri Teyyub Abdullayev olmuşdu...

***

O vaxt Sovet ittifaqı hələ dağılmasa da, dağılacağı artıq hər kəsə bəlli idi. Xüsusən də Azərbaycanın Qarabağ bölgəsində yaşayanlara. Ona görə ki, Azərbaycanda, eləcə də Qarabağda Sovet ordu hissələri yerləşsə də, bu bölgədə yaşayan Azərbaycanın azərbaycanlı vətəndaşları Azərbaycanın erməni vətəndaşlarının silahlı hücumuna məruz qalırdı. Və Sovet (sonra rus) hərbçilərinin gözü qarşısında kəndlərimiz yandırılırdı, insanlar öldürülürdü, girov götürülürdü, öz dogma yurdundan didərgin salınırdı. Və təkrar edirəm, Sovet hərb maşını isə 1828-ci ildə Qarabağa köçürülmüş, sığınacaq verilmiş ermənilərin tərəfini tuturdu...

***

...Mən Teyyub Abdullayevi belə bir vaxtda tanıdım. Kiçik sahibkarlıqla məşğul olurdu. Şəxsi maşını olduğundan Ağdama tez-tez gedərdi. Günlərin birində rayona tez-tez gedişinin məqsədini soruşdum. Məlum oldu ki, hər həftənin istirahət günlərində valideynləri yaşayan İsmayılbəyli kəndinə gedir. Dedim, birlikdə gedək. Razılaşdıq.

Artıq Ağdam və ətraf kəndlərdə ermənilərin qanunsuz əməllərinin sorağı Bakıda da eşidilirdi. Amma Moskva bu hoqqaları guya eşitmirdi, görmürdü. Bu səbəbdən adına “cəbhə xətti” desək, bu ərazilərdə könüllülərdən ibarət özünümüdafiə dəstələri yaradılmışdı. Ağdamda polkovnik Şirin Mirzəyevin, Allahverdi Bağırovun, “Qatır Məmmədin” və digərlərinin. Belə özünümüdafiə batalyonları həm də kəndlərdə yaranmışdı.

***

Biz Teyyubla yola çıxdıq... O, maşınının yük yerini könüllülər üçün ərzaq və əlcək, isti geyimlərlə doldurmuşdu. Ağdamda bəzi hərbi qərargahlarda olub bu sovqatları paylayırdıq. Dəfələrlə isə Mərzilidə (ən təhlükəli ərazilərdən idi, ermənilər yaşayan Qarakəndin alt hissəsində) yaradılmış hərbi kazarmada könüllülərə ərzaq və digər yardımlar aparırdıq. Təbii ki, bu səfərlər daha çox könüllülərə mənəvi dayaq mahiyyətli idi. Postlarda olurduq, döyüşçülərlə görüşürdük, müsahibələr alırdıq... Və ən vacibi, bunlar yuxarıdan deyilən hansısa tapşırıq və göstərişlə edilmirdi...

***

1992-93-cü illərdə Teyyubla qarış-qarış gəzdiyimiz ərazilər işğal olundu, bu ərazilərdə yaşayanlar köçkünlük həyatı yaşamalı oldular. Amma yaşamaq üçün iş yeri, qazanc ünvanı lazım idi... Teyyub Abdullayevin sahibkarlıq sahəsində, xüsusən də əkinlə bağlı təcrübəsi az deyildi. O, bu yolu seçdi, yüzlərlə ailələrə həm iş yeri yaratdı, həm də ailələrini dolandırmaq yolunu-meydanını yaratdı.

Bu gün Teyyub Abdullayev Azərbaycanda ən qabaqcıl əkin texnologiyasından istifadə edən bir iş adamıdır. Ən vacibi, Azərbaycanın ərzaq təhlükəsizliynə öz töhfəsini verərək ildə təkcə 8 min ton soğan istehsalçısıdır. Bu gün Azərbaycanda çoxsaylı fermerlər var ki, Teyyub Abdullayevin qabaqcıl əkin təcrübəsindən bəhrələnir.

***

...Bu gün onun ad günüdür. Çoxları onu həm də mətbuat adamı kimi tanıyır. Bunun da səbəbi var: onun əkin sahəsində taxıl sünbülləri kağız üzərindəki söz düzümü kimi o qədər yaraşıqlı görünür ki... Bir dəfə söhbətimizdə də dedim ki, peşəkar qələm-söz adamı olmasanız da, peşəkar əkin təcrübəli iş adamısınız. Sən torpağa dən əkirsən, biz də kağız üzərinə söz... Hər ikisinin vəhdətində-cəmində həyatın bir fəlsəfəsi yatır. O da insanlara və insanlığa xidmətdir!

***

...Bu gün onun doğum günü və yubileyidir. 60 yaşı tamam olur. O, bu 60 ilin 30 ilini hamımız kimi yurd həsrətinə, torpaq nisgilinə qurban vermiş oldu... Amma bu 30 ilin də öz mənası var. Ən azından, əvvəlki 30 illə bundan sonrakı 30 illərin qədrini bilmək üçün bir müqayisə-istinad nöqtəsidir! Axı həyat başdan ayağa imtahandır.

Arximed deyirmiş: “Mənə istinad nöqtə verin, yer kürəsini yerindən tərpədim...”. Teyyub Abdullayev həyatın və tarixin bütün imtahanından-sınağından üzü ağ çıxandır. Çünki o, özü istinad nöqtə tapıb problemləri yerindən qaldırdığı kimi, özü də çoxları üçün istinad nöqtədir!

Yubileyin və doğum günün mübarək, qara torpaqla öz dilində danışan üzü ağ adam!!!

Asif MƏRZİLİ

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN