Nizami Süleymanoğlu

“Azərbaycan üçün, xalqı üçün ağlaya bilən insanlar milliyyətindən, cinsindən, tutduğu mövqelərindən asılı olmayaraq sevgilidir, gözəldir, müsbət enerji daşıyıcılarıdır”

Hər şey zamana, zaman da Allaha bağlıdır. Bizim üçün fani dünya zamanı əvvəllə-son arasındakı vaxtdır. Qədər-qismətin gerçəkliyi vaxtı, ömür payı... Ziddiyyətlərlə dolu tale yolunda, axirət tarlasında imtahanlara çəkilirik. Allah bizə istədiyi hər şeyi verib. Amma mövcudluğumuz üzərində ZAMAN XƏBƏRDARLIĞINI günlərlə, aylarla, illərlə təkrar etdirir. Biz yatsaq da bu təkrar yatmır... Zamandan nələr istəyirik, nələr gözləyirik? Bir şeyi istəmənin yolu, həmin şeyin gerçəkləşməsi üçün lazım olan işləri görüb, şərtləri yerinə yetirməkdirsə, biz nələri yerinə yetirmişik, hansı şərtləri nəzərə almışıq və ya almamışıq? Bu barədə düşünməyə dəyər.

İnsan zamana dəyər qazandırmalıdır ki, zaman da onun özü üçün dəyərli olsun. Zamana heç nə verməyib, ondan nələrisə gözləmək, istəmək - gümanı “bəlkələrə” bağlamaq kimidir. Zaman reallığı sevir, səbəblər üstündə yoluna davam edərək nəticələrlə təzahür edir. O, öz imkanlarını hamının üzünə açaraq, bu imkanları güdaza verənləri qınayır. Elə buna görə də zamanı qınamaq əbəsdir.

Üç keşiş yolda öz aralarında söhbət edir. Biri digərlərindən soruşur: “Əgər dünya bir anın içində qaranlıq zindan olsaydı, neylərdiniz?” Keşişlərdən biri cavab verdi: “Həmin dəqiqə cənnətin qapılarını açması üçün Tanrıya dua etməyə başlardım”. Digər keşiş isə belə cavab verdi: “Allaha yalvarar, məni hansı cəzaya layiq görərsə, onu da çəkməyə hazır olduğumu söyləyərdim”. Sonuncu cavabı isə üçüncü keşiş verir: “Mən qaranlıqda necə yaşayacağımı öyrənməyə çalışardım”.

Qəlbi tərtəmiz, qonaqsevər, əliaçıq, sərvətləri bol bir xalqın dəyərləri, mirasları satılıb, əlindən alınaraq özü ac-yalavac buraxılıb. Doğma yurdlarının işğalı ilə Azərbaycanın iç ərazilərinə şəkilməyə məcbur olan ölkədən üstəlik milyonlarla sakini fərqli məhrumiyyətlər qarşısında vətənlərini tərk edib. Xalq - demokratiya, özgürlük, vətənin müdafiəsi, torpaq dərdi uğrunda mübarizəsini arzuladığı qədər apara bilmir. Çarəsizlik sindromu yaşayam kütlələr ağır şərt-şərait içində əzab çəkir. Insanların şüuru o dərəcədə aşınıb qorxub ki, heyvanlarda olmayan xüsusiyyətlər onlarda “çörək ağacına” çevrilib. Elə bir əcaib durumdur ki, hətta hönkür-hönkür ağlamaq da bu ölkədə insanları sakitləşdirib toxdada bilmir. Ağlamaq insan fitrətinin, özəlliyinin təbii halıdır. Məqamında təskinlədir, ovudur, ruhi məlhəm, əlac təsiri kimi gəlir. Ancaq Azərbaycanda hətta ağlamaq da  öz xalis keyfiyyətini itirib, ruhun yanğısını böyük miqyasda söndürmür. Deməli durum ağlamağın ötəsindədir, üstündədir, fövqəladədir.  Elə fövqəladə ki, vəziyyət belə davam edərsə, ağlamağı bacarmayıb və ya ağlamaqdan doymadığımdan gülən - yəni havalanan zavallı insanların saylarının artması müşahidə olunacaq. Yazıçı-şair olan kəs insan psixologiyasının incəliklərinə yetərincə bələd olmaqdan əlavə həm də informasiya ötürücüsüdür. Özünə gələn hisslər, duyğularüstü informasiyaları toplumlarına, bəşəriyyətə ötürməyə borcludur. Bu görəvdir. Bu təyinata əməl zərurət, imtina qəbahətdir, mənəvi ölülükdür, ləyaqətsizliyin cahilanə etirafı ilə mənliyin itirilməsidir. BIRI VAR ÖZÜN ÜÇÜN AĞLAYASAN, BİRİ DƏ VAR MİLLƏTİNİN AĞLAMAĞINA AĞLAYASAN...

Azərbaycan üçün, xalqı üçün ağlaya bilən insanlar milliyyətindən, cinsindən, tutduğu mövqelərindən asılı olmayaraq sevgilidir, gözəldir, müsbət enerji daşıyıcılarıdır. Belələrinə qarşı məhrumiyyətlər yaratmaq toplumun içindəki enerjini kəsməyə, məhdudlaşdırmağa və hətta yox etməyə hesablanır. Tarix boyu belə olub. Ağlamağı nəinki təbliğ etmirəm, nadir istisnaları nəzərə almaq şərti ilə kişilərə rəva da görmürəm. Millət üçün ağlamaq, fərqli dualar əsnasında Allaha yalvarışla ağlamaq və sair seyrək hallar xaricində ağlamaq mənə görə qəbul deyil.

20 Yanvardan sonra qərənfil yasında millət 40 gün hüznə daldı. Azadlıq meydanında yasını düşündü, qatil imperiya isə o ağlayışla xalqın sakitləşməsini...

Azərbaycan xalqının göz yaşı rəmzinə çevrilən böyük dünya şairi Sabir deyirdi:

“AĞLADIQCA KİŞİ BİQEYRƏT OLUR,

NECƏ Kİ, AĞLADI İRAN OLDU...”

Böyük Şeyx Şamil də ağlamağı yasaqlayıb, yüz çubuqla cəza təyin etmişdi ki, insanlar ağlayıb mübarizələrini zəiflətməsinlər.

Ağlartıların fəqrli formaları da olur... Üsyanlar, kütləvi etirazlar ağlayışların örtülü ifadə formalarındandır. Onlara zorakı müdaxilələr ağladanların sifarişlərindən gələn icraçılıq. Əlbəttə, dünyanın fərqli məntəqələrində fəqrli tələblərə görə.

Bu yazının müəllifi kimi ANALİTİK ağlamağa meylliyəm. Həm də iki qat... nəsr və nəzmlə, şairanə. Məncə Yazıçılar İttifaqı ya birliyi deyilən yer əslində, millət, Vətən dərdlərinin mövcud tarixi zamana görə həm də lazımi işini görməklə, məsuliyyətlərini yerinə yetirməklə ağlartı yuvası olmalı idi... HAYIF sözündən başqa heç nə demək istəmirəm! Məqamında bir söz də çox mətləbi anlada bilər.

Doğma dərdlər yad ürəkləri ağrıtmaz. Gözümü açandan Qarabağda böyüdüm. Bülbüllərin ötməsini, güllərlə təmasını oralarda anladım. Ilk dəfə orda dağın dibindəki çeşmədən, bulaqdan su içərkən görüb dərk etdim ki, dağ da ağlayarmış. Və biz zavallılar dağların göz yaşlarını içib sərinləyirik.

Dərgahda, Allah qatında ən dəyərli olan məsumların, uşaqların, qadınların, anaların, ixtiyar, nurani qocaların, ahılların göz yaşlarıdır. Kitabdan da, həyatdan da oxumuşam, hiss eləmişəm, nəinki bu halı, bu halın hal üstü halını da yaşamışam. Ərşə təsir edə bilir. Bizlər dürüstlüyün, haqqın, hüququn, vətənsevərliyin və sair dəyərlərə yetərli sevginin tam dərk edilmədiyi bir məmləkətin sakinləriyik. Bununla belə Azərbaycan qəhrəmanlığının mahiyyəti, ədalətliliyi dünyaya bəyan edilərsə, onu bəşəriyyət insanlığın qəhrəmanı kimi tanıyıb, özününkü kimi sevər. İşğalçılığın, təcavüzkarlığın qəhrəmanlığı ilə vətəni, haqqı, ədaləti müdafiənin qəhrəmanlığı olduqca fərqlidir. Neyləməli? Torpaqda qızılgüllər də bitir, eşşək qanqalları da. Yeri gəlmişkən, eşşək qanqallarının toxumlarının, özəlliyinin bir sıra xəstəliklərə sağaldıcı təsiri var. Ancaq bilənlər bilir ki, dünya fanidir. Fanilikdə fanilik olar. İnsan ruhu isə əbədidir və gənclik bunu dərk edir. Dünya oyanacaq, internet süurlara yeni oyanış impulsları aşılamaqda davam edir. Bunu yeni texnologiya erası dünyaya yaydı. Indi o texnologiyanı dünyaya bəxş edənlərə müxtəlif ironik və təhqiramiz ifadələr altında söyürlər. Bu, yanlışdır. Bəzən şərin altında xeyir həqiqətən xeyrin altında şər gizlənə bilir.

“Sən yanmasan, mən yanmasam,

nasıl çıxar qaranlıqlar aydınlığa?”

Nazim Hikmət vallah mən də mat qalmışam insandakı nadanlığa...

... ƏLEYHİNƏ MÜBARİZƏ aparılmış hər hansi şey də, məsələ də, insan da tətiklənmiş, qıcıqlandırılmış olur. Ötən yazıda “Qaçqınkom”dan bəhs etmişdim. İnsan duyğularının, düşüncələrinin frekansları, enerji, təsir dalğaları ilə kainata hansı enerjiləri yayırsa, yaydıqlarının dalğalarını cəzb edəcək. Şəxsi mövzularda şikayət enerjilərini yaymağı xoşlamıram. Ancaq başqa çıxış yolu olmayanda şəxsi dərdləri də dilə gətirməyə məsul bir insanam. Ömrüm boyu vətən, millət və başqa yüksək dəyərləri öz ailə mənafelərimdən çox-çox üstün tutdum. Anladım ki, özünün və ailəsinin qədrini yetərincə bilməyən və bu dəyəri anlamayan kütlələr üçün qurban verən insanlar qurban psixologiyasının daşıyıcıları olur.

Məqamında sərtlik şərtdir.

DÜNYA HAKİMİYYƏTİ YAŞANMAMIŞ QORXULARI QLOBAL MİQYASDA YAŞATMAQLA QURULMAĞA DOĞRU GEDİR. Ukraynalılar yer üzündə qeyri-adi qəhrəmanlıq səmimiyyəti sərgiləməkdə davam edir. QLOBALLAŞMA prosesi bütün dünya cəmiyyətlərində, məntəqələrində problemlərin yaranmasına, həmçinin pozitiv perspektivlərin ortaya çıxmasına şərait yaradır. QLOBALİZM zamanın sürətində, məkanın daralmasında, psixoloji durumlarda istehsal və məişət məsələlərində dövlət və ictimai qüvvələrin fərqli baxışlarında ictimai  təfəkkürü büruzə edir. Bütün dünyada xalqlar bəla və müsibətlərdən problemləri çözmə bacarığını inkişaf etdirmə qabiliyyətlərinə görə fərqlənəcək.

P.S. Ötən məqalənin təsiri özünü göstərir. Hələ ki, ö mövzuya qayıtmaq istəmirəm. Həmin mövzu ilə əlaqəli insaflı münasibət bildirən çox olmasalar da, bir sıra insanlara anlayışlarına görə təşəkkürlü ovqat yaşadım. Qınayanları da anlayıram. Bəzən insan elə vəziyyətə düşə bilir ki, heç məntiqi də işlədə bilmir. Xarakter xalqın və insanın müqəddəratını həll edir. Indiyə qədər olduğum kimi olmuşam. Bundan sonra ola bildiyim qədər olduğum kimi olmağa çalışacağam.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN