Lerik rayonunun Aşağı Aran kənd sakini Faiq Əliyev “Azəriqaz” İB-dən şikayətçidir.

Şikayətçi bildirir ki, 2019- cu ildə fərdi yaşayış evinə qaz xəttinin çəkilməsi ilə bağlı yerli qaz istismarı idarəsinə rəsmi qaydada müraciət edib.

Bir müddət sonra Lənkəran Regional Qaz İstismarı İdarəsinin Lerik xidmət sahəsi Faiq Əliyev üçün yaxın qaz xəttindən mənbə verib.

Lakin abonent işin icrasından narazı qalıb. Faiq Əliyev deyir ki, 400 manata yaxın pul ödəyib: “Amma mənbə verilərkən və qaz sayğacı quraşdırılarkən mən Sumqayıtda olmuşam. Bundan istifadə edən  xidmət sahəsinin işçiləri sayğacı və mənbəyi evimdən 300 metr aralıda quraşdırıblar. Mən məsələni biləndən sonra xidmər sahəsinin rəhbəri Rüfət Bəbirovun yanında oldum. O, dedi ki, 6 aya sayğacın yerini dəyişdirəcək. O vaxtdan 3 il keçib. Amma sayğacın yeri dəyişdirilməyib. İndi çətin vəziyyətdə qalmışam. Özüm işlə bağlı çox zaman evdə olmuram. Həyat yoldaşım da yataq xəstəsidir. Hər dəfə dağa qalxıb düşə bilmir. Dəfələrlə Lənkəran Regional Qaz İstismarı İdarəsinin Lerik xidmət sahəsinə sayğacın yerinin dəyişdirilməsi ilə bağlı müraciət etmişəm. Lakin müraciətim cavabsız qalıb”.

Şikayətlə bağlı Lənkəran Regional Qaz İstismarı İdarəsinin Lerik xidmət sahəsindən bildirilib ki, qaz sayğacı mövcud layihəyə uyğun quraşdırılıb: “Sayğacın uzaq olmasına gəldikdə isə, ara məsafəsi 300 yox, cəmi 157 metrdir. Abonent vaxtında sayğacın yeri ilə razılaşıb. İndi isə uzaq olduğunu iddia edir. Bu vəziyyətdə isə biz heç nə edə bilmərik”.

“Azəriqaz” İB-nin mətbuat katibi Eldəniz Vəliyev isə problemin sadə və hüququ həll variantını belə izah edib: “Sayğacın bu və ya digər səbəbdən yerinin dəyişdirilməsi bütün hallarda abonentin vəsaiti hesabına həyata keçirilir. Bunun üçün abunəçi rəsmi qaydada yerli qaz idarəsinə müraciət etməlidir. Eyni zamanda, sayğacın yerinin dəyişdirilməsi üçün müvafiq podaratçı təşkilata pul ödənilməlidir. Yalnız bundan sonra sayğacın yeri dəyişdirilə bilər”

Rəsmi cavablardan belə çıxır ki, günahkar abonentdir (?).

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN