"Beyləqan rayonunda "Meliorasiya və Su Təsərrüfatı” ASC-nin 200-dən çox artezian quyusu var. Həmin quyuların sayğaclarındakı rəqəmlər hər ay 2-3 dəfə şişirdilir, bir müddətdən sonra izi itirmək üçün həmin sayğaclar qəsdən yandırılır. Hərbi hissələr var ki, yerləri dəyişdirilib, köhnə hərbi hissələrin sayğacları yoxdur, deyək ki, orda təkcə gözətçi qalır. Sayğac və binada fəaliyyət olmadığı halda,1 şişirdilmiş rəqəmlərlə işıqpulu yazılır. Halbuki bir gözətçi o binada nə qədər işıq işlədir ki? Bu rəqəmlər gəlib mənə çatanda, onları sistemə vurmaqdan imtina edirdim, deyirdim, bu rəqəmlər şişirdilib. Bu da şəbəkə rəhbərliyinin xoşuna gəlmirdi”.

Beyləqan sakini Füzuli Həsənov Aran Regional Enerji Təchizatı və Satışı İdarəsinin Beyləqan Elektrik Şəbəkəsinin rəhbərliyinin qanunsuz əməllərini ifşa etdiyinə görə işsiz qaldığını bildirir.

Onun sözlərinə görə, şəbəkəyə yeni rəhbərlik gələndən qanunsuzluqlar çoxalıb. O da bu barədə müxtəlif qurumlara yazıb: "Beyləqan Elektrik Şəbəkənin rəisi Zülfü Salahov, Satış şöbəsinin rəisi Anar Mirzəyev, Aran Regional Enerji Təchizatı və Satışı İdarəsinin rəisi Elnur Həsənov əlbir olaraq qanunsuzluqlarla məşğul idilər. Mən isə onlardan bu qanunsuzluqları dayandırmağı tələb edirdim. Mən informasiya mühəndisiydim, onların bütün qanunsuzluqlarını görən bəlkə də yeganə işçiydim. Çünki bütün məlumatlar gəlib məndən keçirdi. Onlar çox vaxt məni də bu qanunsuzluqlara ortaq olmağa məcbur edirdilər, mən isə razı olmurdum. Buna görə də məndən zəhlələri gedirdi, çünki əl-ayaqlarına dolaşırdım”.

Füzuli Həsənov bildirir ki, onlardan DTX-ya, digər qurumlara yazmağa başlayanda bu adamlar da onu hədələməyə başlayıblar: "Dedilər, səni ləkələyib işdən Əmək Məcəlləsinin 70c bəndi ilə qovacağıq, əmək kitabçanı korlayacağıq, heç yerdə səni işə götürməyəcəklər”.

Keçmiş işçinin sözlərinə görə, şəbəkənin rəisi 2020-ci ilin oktyabrında, satış şöbəsinin rəisi Anar Mirzəyevsə 2021-ci ilin avqustunda həmin vəzifələrə təyin olunub. Elə həmin vaxtdan da şəbəkədəki qanunsuzluqlar, rüşvət halları artıb: "Mən bunların qanunsuz əməllərindən yazdıqca, bunları çağırıb sorğu-sual etməkdənsə, vəzifələri artırılır. Anar Mirzəyev əvvəllər Bakının Xətai rayonunda işləyib, qanunsuz əməllərinə görə işdən çıxarılıb, sonra nə yollasa Füzuliyə göndərilib. Orda da düzgün işləməyib, işdən çıxarılaraq bizə – Beyləqana göndərilib. Mənim qurumlara yazdığım məktublardan sonra – bu ilin martında qanunsuz əməllərini ört-basdır etmək üçün Zərdaba göndərilib”.

Füzuli Həsənovun bildirdiyinə görə, elə onun özü də bu ilin martından işsiz qalıb: "Aran Regional Enerji Təchizatı və Satışı İdarəsinin rəisi Elnur Həsənov martın əvvəli məni yanına çağırıb dedi ki, sənin işin çətindir. Hamıyla düşmən olmusan, münasibətləri korlamısan. Biz məcburuq ki, səni maddəylə işdən çıxaraq, əmək kitabçan korlanacaq, özünə iş tapa bilməyəcəksən. Gəl, özün ərizə yaz, narahat olma, işsiz qalmayacaqsan, başqa şəbəkəyə keçirərik. Mən də düşündüm ki, sonradan işsiz qalmaqdansa, ərizə yazım, bəlkə ən doğru yolu bu olar. Ərizəmi yazan kimi əmrimi verdi, özümü də qovdu”.

Füzuli Həsənov bu ilin yanvarından DTX-ya, DİN-ə, Baş Prokurorluğun Korrupsiya İdarəsinə, Müdafiə Nazirliyinə, Meliorasiya və Su Təsərrüfatı ASC-yə, "Azərişıq” ASC-yə elektron məktublar göndərib. Ancaq həmin qurumların heç biri məsələ ilə maraqlanmayıb: "Yalnız zəng vuraraq bildiriblər ki, müraciətiniz quruma çatdı, vəssalam. Nə bir maraqlanan var, nə də araşdıran…”.

F.Həsənov mart ayından işsiz qalıb və çətinliklərə düşdüyünü bildirir: "İki övladım var, ikisi də nitq qüsurludur, 5-6 yaşları var, danışmırlar. Onların müalicəsi üçün bankdan 8 min manat kredit götürmüşəm, işləyib kreditimi ödəyirdim, indi borcların qarşısında çarəsiz qalmışam. Uşaqların müalicəsi dayanıb. Mənim bircə yolum qalıb ki, gəlib "Azərişıq” ASC-nin qarşısında aksiya keçirim. Bir var yararsız kadr olasan, çıxarıb atalar çölə. Bir də var, dediyim kimi, 12 il qüsursuz, töhmətsiz işləmişəm. Həmişə qanuna hörmətlə yanaşmışam, özbaşınalığa etiraz etdiyim üçün məni işsiz qoyublar. Fakrlar yazıram ki, bu adamlar belə edir, baxan da yoxdur”.

Beyləqan Elektrik Şəbəkənin rəisi Zülfü Salahov bildirib ki, Füzuli Həsənovun özünün fəaliyyətində neqativ hallar olub: "Əslində o neqativ hallarla bağlı işdən çıxarılmalıydı. Ancaq öz ərizəsi ilə işdən çıxdı. İşdən çıxandan sonra da yazdıqları ilə bağlı araşdırma olub, izahat verib ki, əsəbləşib yazmışam”.

F.Həsənov isə keçmiş rəisinin doğru danışmadığını bildirir: ""Azərişıq” ASC-dən zəng vurub dedilər ki, belə bir şeylər yazmısan, əsəbi olub yazmısan, gəl bir izahat yaz ki, əsəbi olmuşam, mən isə onların dediklərini etmədim”.

E.ŞİRİNOV

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN