Bu gün Bakıda ilk dəfə olaraq Bitki Karantini və Mühafizəsi üzrə Avropa və Aralıq Dənizi Təşkilatı (EPPO) Şurasının 74-cü sessiyası işə başlayıb. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) və EPPO-nun birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Kənd Təsərrüfatı Nazirliyi və təşkilata üzv dövlətlərdən olan nümayəndələr iştirak edir.

Tezadlar.az xəbər verir ki, ikigünlük sessiyanın açılışında çıxış edən AQTA sədrinin müavini Zəkiyyə Mustafayeva bildirib ki, dünya miqyasında bitki sağlamlığının önəmi artır, bitkilərin xəstəlik və zərərvericilərdən mühafizəsi insanlar üçün həyati zərurətə çevrilir: “EPPO tərəfindən bitki sağlamlığının qorunması, invaziv zərərli orqanizmlərin yeni ərazilərə keçməsi və yayılmasının qarşısının alınması üçün strategiyaların hazırlanması, zərərli orqanizmlərə qarşı müasir, təhlükəsiz və elmə əsaslanan effektiv mübarizə üsullarından istifadənin təşviq edilməsi isə olduqca əhəmiyyətlidir”.

Z.Mustafayeva vurğulayıb ki, Agentlik ötən dövr ərzində EPPO-nun fəaliyyətində aktiv iştirak etməklə yanaşı, ölkə ərazisində “Vahid sağlamlıq” konsepsiyasının, o cümlədən bitki sağlamlığının təmin edilməsi üçün zəruri və ardıcıl tədbirlər həyata keçirib: “Qida zəncirinin əsas elementlərindən olan bitki sağlamlığı sahəsində hüquqi bazanın təkmilləşdirilməsi, bitki sağlamlığı və bitki mühafizəsi vasitələrinin və aqrokimyəvi maddələrin dövriyyəsinə nəzarət sisteminin inkişafı, bu istiqamətdə müasir tələblərə cavab verən laboratoriya infrastrukturunun yaradılması, kadr və elmi potensialın gücləndirilməsi, beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, informasiya sisteminin müasirləşdirilməsi və digər istiqamətlərdə əhəmiyyətli işlər görülüb. Eyni zamanda əhalinin və ətraf mühitin sağlamlığının qorunması məqsədilə qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, 238 adda yüksək toksikliyə malik pestisidlərin təsiredici maddələrinin ölkəmizdə tətbiqi və dövriyyəsi qadağan edilib. Hazırda isə Agentlik bitki sağlamlığı sahəsində zərərli orqanizmlərə dair risklərin idarə edilməsi sisteminin qurulması, bitki mühafizəsi vasitələrinin qeydiyyatının və idxalı prosedurlarının sadələşdirilməsi, inteqrir bitki mühafizəsi üsullarının tətbiqinin genişləndirilməsi, bioloji mübarizənin təşviqi hesabına zəhərli kimyəvi vasitələrdən istifadənin minimuma endirilməsi kimi hədəflər üzərində iş aparır. Eyni zamanda beynəlxalq ekspertlərin iştirakı ilə yeni “Bitki sağlamlığı haqqında” Qanun layihəsi hazırlanıb və razılaşdırılması üçün aidiyyəti qurumlara göndərilib. Həmçinin işğaldan azad olunan torpaqlarda fitosanitar tədbirlərin daha geniş miqyasda həyata keçirilməsinə imkan verəcək Tədbirlər Planı hazırlanıb”.

Z.Mustafayeva Agentliyin bitki sağlamlığı ilə bağlı fəaliyyətinə beynəlxalq təşkilatlar, o cümlədən Bitki Mühafizəsi haqqında Beynəlxalq Konvensiya, EPPO kimi təşkilatların daim böyük dəstək göstərdiyini və bundan sonra bu əməkdaşlığın daha da genişlənəcəyinə ümid etdiyini vurğulayıb.

Qeyd edək ki, ötən gün Bakıda EPPO-nun İcraiyyə Komitəsinin iclası keçirilib. Bu sessiya və iclasın ölkəmizdə keçirilməsi EPPO Şurasının ötən il sentyabrın 27-28-də Fransanın Paris şəhərində təşkil olunan 73-cü sessiyası zamanı EPPO rəhbərliyi tərəfindən təklif edilib.

R.XUDATQIZI

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA