“Azərbaycanın Türk dövlətləri ilə ticarət dövriyyəsi ötən ilin uyğun dövrü ilə müqayisədə 50.0 faiz artıb.”

 “Qırğızstandan sonra Azərbaycan Prezidenti cənab İlham Əliyev digər Türk dövlətinə - Qazaxıstana işgüzar səfərə gəlib. Bu arada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da Astanadadır”.

 Bunu millət vəkili Vüqar Bayramov ölkə prezidentinin türk dövlətlərinə işgüzar səfərlərinin ölkələrimiz arasında strateji əlaqələrin inkişafına töhfə verməsindən bəhs edərkən deyib.

 O, vurğulayıb ki, son dövrlər Türk dövlətləri arasında strateji əlaqələrin sürətlə inkişaf etməsi müşahidə edilir.

“Bu özünü iqtisadi münasibətlərdə də göstərməkdədir. Digər tərəfdən, inkişaf fondlarının yaradılması qarşılıqlı sərmayə imkanlarını daha da gücləndirəcək.

Bu ilin ilk 7 ayında Azərbaycanın Türk dövlətləri ilə ticarət dövriyyəsi 3 milyard 991 milyon dollar olub. Həmin müddətdə Türkiyə ilə 3 milyard 376 milyon, Qazaxıstan ilə 350.1 milyon, Türkmənistan ilə 156.9 milyon, Özbəkistan ilə 103.7 milyon, Qırğızstan ilə isə 4.5 milyon dollar dövriyyə qeydə alınıb. Ötən ilin ilk 7 ayında isə ölkəmiz qardaş Türk dövlətləri ilə 2 milyard 662 milyon dollarlıq ticarət dövriyyəsinə sahib olub. 2021-ci ilin həmin müddətində Türkiyə ilə 2 milyard 502 milyon, Qazaxıstan ilə 58.4 milyon, Özbəkistan 54.2 milyon, Türkmənistan ilə 41.6 milyon, Qırğızıstan ilə 5.7 milyon dollar dövriyyəyə malik olmuşuq”, - deyə o, statistik rəqəmlərdən misal çəkib.

 Millət vəkilinin sözlərinə görə,  bu ilin ilk 7 ayında Azərbaycanın Türk dövlətləri ilə ticarət dövriyyəsi ötən ilin uyğun dövrü ilə müqayisədə 50.0 faiz artıb:

“Kifayət qədər ciddi artımdır. Türk dövlətləri yeni inkişaf və əməkdaşlıq mərhələsinə qədəm qoyur. İnvestisiya fondlarının yaradılması, strateji qərarlar, birgə layihələr Türk dünyasını daha da yaxınlaşdıracaq və bütövləşdirəcək”, -deyib.

Xatırladaq ki, oktyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qırğızıstana səfər edib.

 Bişkekdə Azərbaycanla Qırğızıstan arasında Birinci Dövlətlərarası Şuranın geniş tərkibdə iclası başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi olub.

Daha sonra Bişkekdə Qırğızıstan-Azərbaycan Dostluq Parkının açılışı olub.

Parkın açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov iştirak ediblər.

 Bu gün isə ölkə başçıları Bişkekedə  Heydər Əliyev adına  20 saylı Məktəb-Gimnaziya təhsil-tərbiyə kompleksinin və  Nizami Gəncəvi adına 103 saylı məktəbin açılış mərasimində iştirak ediblər.

Oktyabrı 12-də dövlət başçımızın Qırğızıstana səfəri başa çatıb və o, Qazaxıstana səfərə gəlib.

Qeyd edək ki, Prezidenti İlham Əliyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısında və MDB Dövlət Başçılarının iclasında iştirak etmək üçün  Qazaxıstan Respublikasına işgüzar səfərə gəlib.

 

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN