Moldova Azərbaycanın timsalında özünün enerji təhlükəsizliyinin təmin olunmasını və enerji şaxələndirilməsini görür.

Bunu iqtisadçı ekspert, Moldova parlamentinin keçmiş deputatı Veçeslav İonitse ölkələrimiz arasında əməkdaşlıqdan danışarkən bildirib.

O, ölkəmizin  Moldova ilə həmişə dost ölkə münasibətində olduğunu, lakin əvvəllər Moldovaın daha çox Rusiyaya, Belarusa, Qazaxıstana və Avropa İttifaqına diqqət yetirdiyini də qeyd edib.

“İndi Azərbaycan Moldova üçün xüsusi əhəmiyyət kəsb edir. Hələ 2000-ci illərdə Moldova enerji təhlükəsizliyinə nail olmaq istəyirdi, sonra biz liman terminalının tikintisi kimi böyük layihəyə başladıq. Bununla belə, bəzi çətinliklərimiz oldu və bilirsinizmi bizə ilk yardım edən kim idi? Azərbaycan. Moldova Azərbaycanın timsalında özünün enerji təhlükəsizliyinin təmin olunmasını və enerji şaxələndirilməsini görür. Bu, həm neft, həm də qaz sahəsinə aiddir”, - deyə bildirib.
İqtisadçı ekspert vurğulayıb ki, biz (Moldova-red) neft məhsulları baxımından bazar yaratmışıq və az-çox rəqabət var, qazla bağlı isə çox böyük çətinliklər yaşayırıq.

Lakin o, etiraf edib ki, ölkəsi elektrik enerjisi baxımından da 100 faiz asılıdır, “çünki bu sahədə də qaza böyük tələbatımız var”.

 Veçeslav İonitse  oktyabrın 1-dən "Qazprom"un Moldovaya verdiyi qazın həcmini 30% - sutkada 8 milyondan 5,7 milyon kubmetrədək azaltmasına da diqqət çəkib.

“Moldova LNG layihələrini təkbaşına yaratmayacaq, lakin bu, Rumıniya və Azərbaycanla əməkdaşlıq sayəsində mümkündür”, - deyib.

Ekspert qeyd edib ki, Azərbaycanın həm ənənəvi enerji resursları, həm də alternativ enerji üçün böyük potensialı var, həmçinin Azərbaycan enerji təchizatının şaxələndirilməsi baxımından Moldovanın əsas tərəfdaşıdır: “Hazırda Moldova 2 aylıq tədarükünü təmin etmək məqsədilə qaz anbarlarını doldurmaq üçün tərəfdaşlar axtarır”,- o, deyib.

 ***

Qeyd edək ki, bu ilin yanvar-iyun aylarında Azərbaycan ilə Moldova arasında ticarət dövriyyəsinin həcmi 13 milyon dollara yaxın olub.

Məlumata əsasən, altı ayda Azərbaycandan Moldovaya 10,7 milyon dollar həcmində məhsul ixrac olunub. Moldovadan ölkəmizə isə 2,1 milyon dollar dəyərində məhsul idxal edilib.

Xatırladaq ki, bu ilin may ayında Azərbaycan-Moldova arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi qeyd edilib.

Bu yaxınlarda isə ölkəmizdə Azərbaycan Respublikası və Moldova Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 4-cü iclası keçirilib.

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN