Azərbaycanda indiyədək ekoloji təmiz kənd təsərrüfatı və qida məhsullarının istehsalı, emalı, markalanması və satışı sahəsində hər hansı standart olmayıb.

Bunu Azərbaycan Standartlaşdırma İnstitutunun baş direktoru İlham Bayramov bildirib.

Onun sözlərinə görə, bu standartın işlənməsinə 2015-ci ildən başlanılıb. İndiyədək bu sahə üzrə belə bir standartın olmaması ölkədə ekoloji təmiz kənd təəssüratı və ərzaq məhsullarının istehsalının tənzimlənməsi və istehlakçılar arasında həmin məhsullara dair etibarın formalaşdırılmasını məhdudlaşdırırdı:

“Qəbul olunmuş dövlət standartı ekoloji təmiz kənd təsərrüfatı və qida məhsulları istehsalı prinsiplərinə uyğun üsullarla istehsal olunmuş və konkret inspeksiya-nəzarət qaydaları tətbiq olunan, emal olunmuş və olunmamış bitki və bitkiçilik məhsullarına, ev heyvanları və heyvandarlıq məhsullarına, nohur balıqlarına, bitki xammalı və səpin materialına, qida məqsədilə istifadə olunan mayalara və digər ərzaq məhsullarına şamil edilir”, -deyə İlham Bayramov vurğulayıb.

O, əlavə edib ki, ekoloji təmiz kənd təsərrüfatı məhsulu istehsal etmək üçün qəbul edilmiş standartda, müxtəlif məhsullara müvafiq olaraq, bir çox kompleks tədbirlərin və proseslərin həyata keçirilməsinə dair tələblər var.

“ İlk növbədə qeyd etmək istərdim ki, hər bir mala (işə, xidmətə), onunla əlaqəli prosesə (o cümlədən idarəetmə sisteminə) və istehsal metodlarına dair müvafiq standart var. Bununla yanaşı, qida məhsullarının istehsalı ilə məşğul olan subyektlərdə idarəetmə sistemlərinə dair HACCP Prinsipləri və AZS İSO 9000:2012, AZS İSO 9001:2020, AZS İSO 14001:2021, AZS İSO 22000:2022 və KODEKS ALİMENTARİUS standartlarının tətbiq edilməsi tövsiyə edilir” , - baş direktor diqqətə çatdırıb.

 Xatırladaq ki,  sentyabr ayında ölkəmizdə “Ekoloji təmiz kənd təsərrüfatı və qida məhsullarının istehsalı, emalı, markalanması və satışı. Rəhbəredici tələblər” AZS 921:2022 yeni dövlət standartı qəbul edilib.

Standart layihəsi ekoloji təmiz kənd təsərrüfatı məhsullarının standartlaşdırılması üzrə Texniki Komitənin təqdimatı əsasında hazırlanıb. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan “Azərbaycan Standartlaşdırma İnstitutu” AZSTAND publik hüquqi şəxs tərəfindən təsdiqlənərək Standartlaşdırma üzrə Normativ sənədlərin Dövlət Fonduna daxil edilib. 

Standartın tələbinə əsasən, ekoloji təmiz məhsulların istehsalı zamanı kimyəvi-sintetik (süni) maddələrin istifadəsi minimuma endirilməli və istehlakçıların sağlamlığının və ətraf-mühitin qorunmasına diqqət yetirilməlidir.

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN