İki hüquqi şəxs arasında malların təqdim edilməsinə dair bütün mühüm şərtlər, tərəflərin iradə ifadələri e-mail yazışmalarında təsbit və bəyan olunub.

Başqa bir yazılı sənəd formasında müqavilə tərtib edilməyib. Bunun əsasında qaimələr tərtib edilib və ödənişlər həyata keçirilib. Qanunla buna yol verilirmi?

TEZADLAR.AZ xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, “Mühasibat uçotu haqqında” Qanunun 3.1-ci maddəsinə əsasən, bütün mühasibat uçotu subyektlərində mühasibat uçotunun bu Qanunla müəyyən edilmiş müvafiq mühasibat uçotu standartlarına və uçot qaydalarına uyğun aparılması məcburidir.

Vergi Məcəlləsinin 16.1.3-cü maddəsinin müddəalarına əsasən, qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq bütün vergi ödəyicilərinin vəzifəsidir.

Bunlarla yanaşı, Vergi Məcəlləsinin 71-1-ci maddəsinə əsasən malları təqdim edən, işləri görən və xidmətləri göstərən vergi orqanında uçotda olan şəxs elektron qaimə-faktura təqdim etməlidir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 mart 2017-ci il tarixli 89 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın (bundan sonra - Qaydalar) 1.2-ci bəndinə əsasən elektron qaimə-faktura - bu Qaydalara uyğun olaraq tərtib edilməklə, elektron formada hazırlanan və malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs tərəfindən fərdi sahibkarlara və hüquqi şəxslərə təqdim edilən ilkin uçot sənədidir.

Qeyd olunanlara əsasən, vergi ödəyicisi tərəfindən malların (işlərin, xidmətlərin) təqdim edilməsi ilə bağlı həmin malların (işlərin, xidmətlərin) alıcısına elektron qaimə-faktura təqdim edilməlidir. Elektron qaimə-faktura ilə yanaşı, malların təqdim edilməsi ilə bağlı tərəflər arasında təhvil-təslim aktları, müqavilələr, ödəniş sənədləri və digər ilkin uçot sənədləri tərtib edilə bilər.

Vergi ödəyicisi tərəfindən malların (işlərin, xidmətlərin) təqdim edilməsi zamanı təhvil-qəbul aktının, habelə digər ilkin uçot sənədlərinin tərtibatı tərəflər arasında bağlanmış müqaviləyə və mühasibat uçotu haqqında qanunvericiliyə uyğun olaraq həyata keçirilir.

Əsas: Vergi Məcəlləsinin 16-cı, 71-1-ci maddələri, “Mühasibat uçotu haqqında” Azərbnaycan Respublikasının Qanunu, Nazirlər Kabinetinin 14 mart 2017-ci il tarixli 89 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”