Rusiya rublunun dollara nisbətən məzənnəsi psixoloji həddən aşağı düşüb. Son həftələr milli valyutası kəskin ucuzlaşan Rusiyada 1 dollar almaq üçün artıq 90 rubldan çox ödəniş etmək lazımdır. Dollara nisbətən rublun məzənnəsi bu gün 92.0 olub.
Bunu Milli Məclisin deputatı, iqtisadçı ekspert Vüqar Bayramov bildirib.
O, vurğulayıb ki, Moskvada səsləndirilən nikbin açıqlamalara rəğmən, sanksiyalar rublu sıxmaqdadır.
"Şimal qonşumuza daxil olan xarici valyutanın azalması məzənnəyə təsirsiz ötüşmür. İxrac imkanları məhdudlaşan Rusiyada xarici valyutaya tələbin artması da müşahidə olunur.
Sanksiyalar genişləndikcə Rusiya iqtisadiyyatında neqativ trendlərin dərinləşəcəyi gözləniləndir. Reallıq bundan ibarətdir ki, Rusiya Mərkəzi Bankının alətləri çoxsaylı deyil və bu da intervensiya imkanlarını məhdudlaşdırır.
Rublun ucuzlaşmasının manata təsirlərinə gəldikdə isə bir daha qeyd etmək istərdik ki, Azərbaycan üzən məzənnə rejiminə keçmədiyi üçün milli valyutanın məzənnəsində Mərkəzi Bankın mövqeyi həlledicidir", - deyə diqqətə çatdırıb.

Xatırladaq ki, bir neçə gün əvvəl “Sberbank” rəhbəri German Qref enişə doğru gedən rublun möhkəmlənəcəyini bildirib.

German Qrefin sözlərinə görə, rublun məzənnəsinin həddən artıq aşağı səviyyədə olması üçün heç bir ilkin şərt yoxdur. Onun sözlərinə görə, gələcəkdə Rusiya valyutasının məzənnəsi möhkəmlənəcək.

“İqtisadi sektorların yeni reallıqlara uyğunlaşması olacaq və yeni sabitləşmə gələcək. Mən əmin deyiləm ki, hazırda məzənnə optimal səviyyədədir, mən hesab edirəm ki, o, güclənməlidir, əlbəttə ki, keçən ilki həddən artıq aşağı səviyyələrə düşməyəcək”, - deyə Qref ümidverici açıqlama verib.

Y.MƏMMƏDLİ
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN