150 km-lik yeni magistral avtomobil yolunun tikintisi vaxtından əvvəl yekunlaşmaqdadır…

 Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin kollektivi indi iki cəbhədə çalışır: biri Qarabağ İqtisadi Rayonudursa, digəri ölkənin digər əraziləridir! Biri məsuliyyət simvoludur, digəri məsuliyyətin meydanı! Amma vacib olan budur ki, kollektiv var gücü ilə qarşıda duran tapşırıqların öhdəsindən gəlir və yeni layihələrə və ilklərə imza atır.

Onu da deyək ki, Prezident İlham Əliyevin imzaladığı sərəncamlara əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi “Şimal-Cənub” beynəlxalq nəqliyyat Dəhlizinin tərkib hissəsi olan Bakı-Quba-Rusiya dövlət sərhədi yeni avtomobil yolunun “Yaşma bağları” yaşayış məntəqəsindən başlayaraq tikintisi sürətlə və keyfiyyətlə davam etdirilməkdədir.  Hazırda bu strateji əhəmiyyət daşıyan magistral yol layihəsinin tikintisi 5 hissə üzrə, özü də məhz Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri Saleh Məmmədovun birbaşa nəzarəti və rəhbərliyi altında həyata keçirilir.  
d0893a1f-9b7c-4827-8383-6d1da81ad638

 Agentliyin rəsmi saytının məlumatında da bildirilir ki, qeyd olunan magistralın Xızı rayonunun Yaşma və Giləzi qəsəbələri arasındakı 30 km-lik birinci hissəsi üzrə (layihə üzrə 0-29.9 km) tikinti işləri artıq sona çatdırılıb. Sitat: «…Layihə üzrə körpü və yol ötürücüsü, yolaltı keçid, müxtəlif ölçüdə suötürücü borunun, yolun ayırıcı zolağında beton baryerlərin tikintisi, həmçinin ödəmə məntəqələrinin və yol avadanlıqlarının quraşdırılması üzrə işlər başa çatdırılıb (aşınma layı 150 km yolun bütün hissələrində işlər yekunlaşandan sonra inşa ediləcəkdir).  Yeni magistral yolda aparılan işlər çərçivəsində 23.5 km-lik 2-ci (layihə üzrə 29.9-53.5 km) və 20 km-lik 3-cü (layihə üzrə 53.5-73.5 km) hissələr üzrə torpaq yatağının tikintisi, süni qurğularda, körpülərdə və yol qovşaqlarında tikinti-quraşdırma, yol geyiminin əsas laylarının tikintisi işləri yerinə yetirilib. Yolun 29.9-60 km hissəsində hər iki istiqamət üzrə asfalt-beton örtüyünün döşənməsi işləri də yekunlaşıb. 60-73.5 km hissəsində isə yol əsasının, süni qurğuların və körpü keçidlərinin tikintisi işləri başa çatıb, aşınma qatı istisna olmaqla asfalt-beton işləri yekunlaşıb…».

Onu da xatırladaq ki, bu magistralın 18.5 km-lik 4-cü (layihə üzrə 73.5-92 km) hissəsi üzrə tikinti işləri davam etdirilir. İndi bu hissədə yol əsasının, yolötürücü və drenaj boruların, körpülərin tikintisi işləri başa çatıb aşınma qatı istisna olmaqla asfalt-beton örtüyündə son tamamlanma işləri həyata keçirilir. Və yeni magistralın 58 km-lik 5-ci (layihə üzrə 92-150 km) hissəsi üzrə tikinti işləri tam olaraq yekunlaşdırılıb. Bu hissədə suötürücü və drenaj qurğular, alt və ehtiyat keçidləri, yol geyimi tikintisi, yol avadanlıqları və mühafizə çəpərlərinin quraşdırılması, nişanlama və işıqlandırma işləri tamamlanıb. 

***

«Təzadlar» onu da qeyd etməyi vacib sayır ki, inşa edilən 150 km-lik magistralda yolboyu 55 yol ötürücüsü və körpü, 44 yolatı keçid və 509 müxtəlif diametrlərdə dairəvi və düzbucaqlı suötürücü borular inşa olunub. Beləliklə, H.Z.Tağıyev qəsəbəsindən başlayaraq Rusiyanın ilə dövlət sərhədinə qədər uzanacaq yeni avtomobil yolunun ümumi uzunluğu 150 km, eləcə də Bakı şəhərindən Samur sərhəd-keçid məntəqəsinə olan məsafə isə 195 km təşkil edəcək. Bu layihənin icrası ilə indiyədək olan yol 13 km qısaldılmış olur.

 Onu da deyək ki, bu il tikintisinin yekunlaşdırılması planlaşdırılan yeni magistral avtomobil yolu nəqliyyat xidmətlərini daha da yaxşılaşdırmaqla yanaşı, bölgədə turizmin inkişafına əlavə təkan verəcək, nəqliyyat infrastrukturunun inkişafına, yeni iş yerlərinin açılmasına şərait yaradacaq.

 Qısası, bu yol Azərbaycanda daim arzulanan rahat və geniş yollardan biri kimi tarixə düşəcək. Çünki bu tarixi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin zəhmətkeş kollektivi inşa edir…

A.Məmmədli

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN