“Təzadlar”a Ağdamdan məcburi köçkün, Azərbaycan KP Ağdam şəhər təşkilatının 1-ci katibi Amil Ağaların Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanlı müraciəti daxil olub.

Müraciətdə deyilir:

“Hörmətli cənab Prezident!

Məlumdur ki, Ermənistanın 1988-ci ildən başlayaraq ölkəmizə hərbi təcavüzü, soyqırımı və deportasiya siyasəti nəticəsində 1 milyonadək soydaşımız öz daimi yaşayış yerlərindən məcburən köçkün düşərək respublikamızın müxtəlif regionlarındakı  uşaq bağçalarında, məktəblərdə, yataqxanalarda və s. yerlərdə məskunlaşıdılar. 

Ağdamın işğalından sonra Bakıya pənah gətirərək qeyri-yaşayış sahəsində olan bir otaqda məskunlaşdıq. O vaxtdan bugünədək darkeşlikdən əziyyət çəkirik. Hətta nəvələrim ikimərtəbəli çarpayıda yatırlar. Dərs hazırlığı üçün yer tapmırlar. Ali təhsilli kadr kimi gördüyüm işlərin əks olunduğu 47 illik əmək kitabçam əsasında aldığım təqaüd 320 manatdır. Özümün 81 yaşım var. Aldığım təqaüd bazar iqtisadiyyatının tələblərinə cavab vermir. Üstəlik də, 11 nəfərdən ibarət olan üç ailənin bir otaqda məskunlaşmasın çətinliyi. Vəziyyətlə bağlı əvvəlcə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə, sonralar isə Sizə və Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevaya müracət etdim.

Lakin uzun illər etdiyim müraciətlər cavablandırılması üçün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə yönləndirilirdi. “Qaçqınkom”dan isə eyni tipli cavablar gəlirdi ki, balansımızda boş mənzil yoxdur, ona görə də komitənin sizi yaşayış sahəsi ilə təmin etməsi imkanı xaricindədir.

Bu azmış kimi, avqustun 27-də Ağdam şəhər icra nümayəndliyindən zəng edib bildirdilər ki, sizin məcburi köçkünlük statusunuz ləğv olunur, sentyabr ayından “çörəkpulu”nuz dayandırılacaq. Səbəbini soruşdum, dedilər ki, oğlunuz İlham Quliyev 2019-cu ildə ipoteka yolu ilə mənzil alıb.

Halbuki həmin mənzili 1992-ci ildə oğlum İlham Quliyevin nənəsi Qasımova Sona Cavad qızı alıb. Mənzilin alınmasının səbəbi isə bu idi ki, Sona Qasımova və qızı onkoloji xəstə idilər və tez-tez Bakıya müalicəyə gəlməli olurdular. Sona Qasımova Bakıda müalicə müddətində qalacaq yerləri olmadığı üçün həmin mənzili alıb. Çox təəssüf ki, Sona Qasımova və qızı uzun sürən xəstəlikdən sonra vəfat etdilər. 2019-cu ildə həmin mənzil vərəsəlik yolu ilə Sona Qasımovanın nəvəsi İlham Quliyevin adına keçirildi. Axı məcburi köçkünlərin statusu haqqında Azərbaycan Respublikasının Qanunu mövcuddur. Bu Qanun 1999-cu il mayın 21-də Ulu Öndər Heydər Əliyev tərəfindən imzalanıb. Əgər bu status ləğv olunmayıbsa, niyə ailəmə verilən “çörəkpulu” dayandırılmalıdır?! Nənəsi tərəfindən miras qalmış mənzilin 2019-cu ildə nəvəsinin adına keçirilməsini ipoteka adı ilə mənim və öğlum İlham Quliyevin “çörəkpulu”nu artıq dayandırıblar. Bəs indi biz nə edək?! Axı mən Ağdamda yaşayanda 3 yerdə evim olub. Axundov küçəsində tikdirdiyim üçmərtəbəli yaşayış evimin 4000 kvadratmetr sahəsi olmaqla, mansarlı evimin 3-cü mərtəbəsində 40 nəfərlik banket zalı, iki yataq otağı, 4 tərəfində  eyvan, bilyard otağı vardı.

Onu da qeyd edim ki, 1969-cu ildən mən Ağdam şəhərindəki 33 nömrəli tikinti idarəsində baş mühəndis vəzifəsində çalışırdım. O vaxt Ağdam rayonunun birinci katibi Həsən Əliyev mənim 33 nömrəli tikinti idarəsinin rəisi vəzifəsinə təyin olunmağım barədə məktub tərtib etdi. Bakı şəhərində 4 nömrəli trestdə idarənin nömrəsini dəyişməklə 4 nömrəli tikinti idarəsinə rəis, daha sonra isə Sənaye Tikinti Nazirliyində şöbə rəisi vəzifəsinə təyin edildim. İlk başladığım iş Dəzgah Tərtibatı Zavodu oldu. Zavodun smeta dəyəri o zamankı qiymətlə 1,2 milyon manat idi. Xidməti qulluq üzrə 3 mərtəbəli bina, 530 nəfərlik yeməkxana, anbarlar və s. obyektlərin tikintisinə başlanılmışdı. 2000 nəfərlik işçi qüvvəsi tələb edən zavodun tikintisi Mərkəzi Komitənin qərarı ilə nəzarətə götürüldü. Dəzgah Tərtibatı Zavodunun tikintisinin gedişi ayda bir dəfə Azərbaycan SSR Ali Soveti sədrinin birinci müavini Həsən Seyidovun iştirakı ilə geniş müzakirə olunurdu. Mən Dəzgah Tərtibatı Zavodunu tikib təhvil verəndən sonra 9 nömrəli trestlə vidalaşdım. Sonra Ağdam şəhərində bir ilə respublikada ikinci olan 600 işçi qüvvəsi tələb edən Xalçaçılıq fabriki tikdim. Daha sonra tikdiyim Üzümçülər evi heç bir ölkədə tikilməyən layihə əsasında idi. Şellidə tikilən müalicə binası 900 kvadratmetr sahəni əhatə edirdi. Zövqlə tikilmiş “Aqroprom”un ikimərtəbəli binası da Ağdam şəhərinə yaraşıq verən tikililərdən idi.

Mən Ağdamda üç şərab emalı zavodu tikərkən ağlıma gəlməzdi ki, bu obyektlərin taleyi acınacaqlı olacaq. KP MK-nın 22-ci qurultayı adına sovxozda tikdiyim camaşırxana, məktəblər, Mərzili kəndində 1 May adına soxvozda 2000 başlıq iribuynuzlu mal-qara üçün tikdiyim ferma, Ergidə qoyunçuluq ferması üçün 3000 başlıq təsərrüfat tikilisi heç vaxt yadımdan çıxası deyil. O vaxtdan artıq 40 il keçir. Qarabağ sovxozunda tikdiyim orta məktəbin özünəməxsus layihə gözəlliyi vardı. 8 nömrəli TTSM üçün idarə işçilərinə tikdiyim 16 mənzilli iki yaşayış evini tikib 32 aliləyə, 3 və 4 mənzilli yaşayış evlərini təhvil verərkən nə hisslər keçirdiyimi bu gün təsəvvür edə bilmirəm. 8 nömrəli TTSM-in binası qarşısında tikdiyim ikimərtəbəli mağaza və yeməkxana idarənin işçilərinə xidmət edirdi.

Əhmədavar yolunda tikdiyim Şampan zavodu artıq xarici ölkələrə müqavilə əsasında hazır məhsul ixracına başlamışdı.

1990-cı illərdən başlayaraq əhalinin yaşayış səviyyəsinin daha da yaxşılaşdırılması məqsədilə çoxsaylı yaşayış evləri tikirdik ki, bu da bədnam qonşularımız gözünə ox olub batdı. Ona görə də ermənilər 204 minə əhalisi olan Ağdam şəhərini, ona yaxın qəsəbə və kəndlərimizi tarmar edərək, on minlərlə insanımızı qətlə yetirdilər, bir milyona yaxın soydaşımızı doğma el-obalarından didərgin saldılar...

Ancaq Azərbaycanın Ermənistan tərəfindən cəlb olunduğu və cəmi 44 gün davam edən döyüş - İkinci Qarabağ müharibəsi Qələbə ilə başa çatdı. Azərbaycan Ordusu 30 il davam edən işğala son qoydu, ərazi bütövlüyünü bərpa etdi. Son 200 ildə ilk dəfə idi ki, Azərbaycanın işğal altında qalan əraziləri igid sərkərdəmizin - dövlətimizin başçısının rəhbərliyi ilə geri qaytarıldı. Bu qələbə ilə Siz Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti olaraq Azərbaycanın yeni tarixinə qızıl hərflərlə yazılacaq sətirlərin müəllifi oldunuz.

24 saatlıq lokal xarakterli anti-terror tədbirləri isə Azərbaycan tarixinə qızıl həriflərlə yazıldı. Ordumuzun Qarabağdakı separatçı rejimə və oradakı qeyri-qanuni erməni silahlı qüvvələrə qarşı apardığı 24 saatlıq lokal xarakterli anti-terror tədbirləri növbəti dəfə Azərbaycan dövlətinin möhtəşəm zəfəri ilə başa çatdı.  44 günlük Vətən müharibəsidə olduğu kimi, 24 saatlıq anti-terror tədbiri də ermənilərin biabırçı məğlubiyyəti ilə nəticələndi. Növbəti qazandığımız bu möhtəşəm zəfər xalqımızın Ali Baş Komandan olaraq Sizə və ordumuza olan inamını ikiqat artırdı...

Sizin oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltmağınız isə tarixi bir gündür...

Hörmətli cənab Prezident!

30 illik erməni işğalından azad olan Qarabağda genişmiqyaslı bərpa-quruculuq işlərinin aparılması hər birimizin qəlbini fərəhləndirir. Bu gün ölkəmizin siyasi və iqtisadi potensialı Qarabağda işğaldan azad edilmiş ərazilərin tam dirçəlişinə yönəlib. Artıq Şuşa, Ağdam, Füzuli, Cəbrayıl şəhərlərinin baş planları təqdim olunub, digər şəhərlərdə də bu iş sürətlə davam etdirilir. Dövlət başçısının iştirakı ilə Şuşa, Ağdam, Füzuli, Cəbrayıl və digər rayonların ərazilərində salınacaq yaşayış binalarının təməli qoyulub. Ərazilərin çoxsahəli potensialına uyğun olaraq, bölgədə iqtisadi fəaliyyətin tezliklə bərpası diqqət mərkəzindədir. Konkret olaraq sənaye zonalarının, istehsal sahələrinin yaradılması və fəaliyyətinin təşkili, həmçinin bölgəyə investisiyaların cəlb edilməsi istiqamətində addımlar atılıb.

Qazanılmış tarixi zəfərin kökündə cənab İlham Əliyevin uzun illər ərzində böyük fədakarlıqla gördüyü çoxşaxəli işlər durduğu kimi, azad olunmuş ərazilərin dirçəldilməsi və bu yerlərə qayıdışın təmin edilməsi də dövlət başçısının böyük əzmkarlığı, qətiyyəti və güclü siyasi iradəsinə əsaslanır.

Əminəm ki, tezliklə Ağdam şəhəri, Şuşa və digər bölgələrimiz yenidən dirçələcək, o yerlərdə həyat yenidən bərpa olunacaq. Qarabağ camaatının zəhmətsevər, yorulmaq bilməyən, yaradıcı  olduqlarına qətiyyətlə inanıram. Mən bütün xalqımızı dövlətimizin ətrafında sıx birləşərək, quruculuq işlərinə, ölkəmizin abadlaşdırılmasına dəvət edirəm.

Hörmətli cənab Prezident!

Ona da əminəm ki, Sizin tapşırığınızla aidiyyəti qurumlar tərəfindən əsassız olaraq ləğv olunan məcburi köçkünlük statusumuz və sentyabr ayından dayandırılan “çörəkpulu”muzun  verilməsi bərpa ediləcək”.

Məsələ ilə bağlı qarşı tərfin də mövqeyini dərc etməyə hazırıq.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN