Azərbaycan yaşadığımız bu tarixdə təkcə 30 illik işğala son qoymaqla ərazi və şərəf bütövlüyümüzü təmin etmədi, həm də özümüzə qayıdışı təmin etdi…

…2005-ci ildə Ağdam 119 saylı Seçki Darirəsindən Milli Məclis deputatlığına namizədliyimi irəli sürmüşdüm. Seçkiqabağı platformamın və İTV-dəki reklam xarakterli efir çıxışlarımın əsas şüarı belə idi: «Biz nə vaxtsa itirilən Qarabağı geri qaytaracağıq, amma itən qarabağlılığı çətin ki qaytara bilək!» Və bununla da yurdunu, elini-obasını itirmiş və Azərbaycanın müxtəlif bölgələrinə səpələnmiş köçkünlərə çağırış edirdim ki, nəyin bahasına olursa-olsun, Qarabağın koloritini, adət-ənələrini, qonaqpərvərliyini, bir də yurda qayıdış ümidinizi  itirməyin, onları qaytarmaq çox çətin olacaq!

 1993-cü ildən «Qarabağı xilas etməyən xalqı Allah da xilas etməyəcək!» şüarımızın da fəlsəfəsi budur ki, xalqımız Ali Baş Komandanın ətrafında müsəlləh əsgər kimi birləşərək o yurda qayıtmalıdır! Və 2020-ci ilin 44 günlük Zəfər müharibəsi ilə bu fəlsəfə tamamlandı-dualarımız və arzularımız yerini tapdı!

Yurda qayıdış-özümüzə qayıdış!

…Artıq iki ildir Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış” başlayıb. Bu təkcə yurda qayıdış deyil, həm də tariximizə, keçmişimizə, özümüzə qayıdışdır! İndi 30 il erməni işğalı altında inləmiş torpaqlarda həyat qaynayır, yeni qəsəbə və kəndlər-yurdlar salınır.

ilham-qubadli

 Bu dəfə lap ötən günlərimizin qayıdışına birgə nəzər salacacıq. Budur, Prezident  İlham Əliyev mayın 4-də Cəbrayıl rayonunda Xudafərin qəsəbəsinin təməlinin qoyulması tədbirində iştirak etdi. Bu qəsəbə Azərbaycan xalqı üçün tarixi əhəmiyyət daşıyan Xudafərin körpüsünün yaxınlığında, yeni dəmir yolu xəttindən və avtomobil yolundan 7 kilometr məsafəsində salınır. Qəsəbənin layihələndirilən ümumi ərazisi 25 hektardır. Baş plana əsasən, gələcəkdə burada 149 ev tikiləcək. Qəsəbədə birinci mərhələdə 20 evin inşası nəzərdə tutulur. Burada iki, üç, dörd və beş otaqlı fərdi evlər tikiləcək. Hər evin həyətyanı sahəsi 600 kvadratmetr təşkil edəcək. Qəsəbəyə birinci növbədə 77 sakin köçürüləcək.

Zəngilanda yeni yurd nişanələri…

Prezidenti İlham Əliyev mayın 4-də həm də Zəngilan rayonunun Cahangirbəyli kəndinin təməlqoyma mərasiminə xeyir-dua verib. Xatırladım ki, kəndin layihələndirilən ərazisi 179,5 hektardır. Kənd perspektivdə 2520 nəfər əhalinin (573 ailə) yaşaması üçün planlaşdırılıb. Cahangirbəyli kəndində birinci mərhələdə iki, üç, dörd və beş otaqlı olmaqla ümumilikdə 242 fərdi evin tikintisi nəzərdə tutulur. Birinci mərhələdə burada 1200 nəfərin məskunlaşdırılması planlaşdırılır. Cahangirbəylidə fərdi evlərlə bərabər, bloklaşdırılmış üçmərtəbəli binaların inşası da nəzərdə tutulur. Kənddə məktəb binası, uşaq bağçası, inzibati bina, klub icma mərkəzi və qonaq evi, çoxfunksiyalı bina, bazar kompleksi, idman sağlamlıq mərkəzi, sənətkarlıq emalatxanası, tibb məntəqəsi, mərasim zalı, iaşə obyektləri və digər müəssisələr olacaq.

Laçın rayonu tarixi keçmişinə qayıdır…

Prezident İlham Əliyev həmin gün bu dəfə Laçın rayonunun Güləbird kəndinin təməlqoymasında iştirak edib. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Azərbaycan görülən və görüləcək işlər barədə məlumat verib. Məlum olur ki, Güləbird kəndində ümumilikdə 581 ailənin məskunlaşması planlaşdırılıb. Layihələndirilən ərazinin ümumi sahəsi 172 hektardır. Birinci mərhələdə kəndə 150 ailənin köçürülməsi üçün fərdi evlərin inşası planlaşdırılır. Kənddə tikiləcək evlər ikiotaqlı, üçotaqlı, dördotaqlı və beşotaqlı olacaq. İkiotaqlı evlərin sahəsi 70, üçotaqlılar 88, dördotaqlılar 103, ikimərtəbəli olacaq beşotaqlıların sahəsi isə 120 kvadratmetr təşkil edəcək. Burada, həmçinin 432 şagird yerlik məktəb, 80 yerlik uşaq bağçası tikiləcək.

Cəbrayılda isə sənaye parkı qurulur…

Dünən mayın 4-də Prezident İlham Əliyev Cəbrayıl rayonunda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında “Avto Lizinq Azərbaycan” MMC-nin tikintisi ilə tanış olub, “Holcim Azərbaycan” ASC-nin, “Az-Tex-Import” MMC-nin, “Improtex Qarabağ Sənaye Kompleksi” MMC-nin müəssisələrinin təməllərini qoyub. Bu yurda qayıdışın və nəinki sadəcə qayıdışın, həm də qayıdıb qurub-yaratmağın mahiyyəti deməkdir. Belə ki, 44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı böyük Zəfərlə ərazi bütövlüyümüzün bərpa olunması, işğaldan azad edilmiş torpaqlarımızın ölkə iqtisadiyyatına reinteqrasiyası, regionda mövcud yeni reallıqlar və əməkdaşlıq imkanları azad edilmiş ərazilərimizə investor marağını da artırmaqdadır.

ilham-cebrayl

Şərqi Zəngəzur iqtisadi rayonunun Arazboyu ərazisinin əsasən düzənlik relyefə və bölgənin cənub istiqamətində giriş qapısı mövqeyinə malik olması “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının fəaliyyəti üçün əlverişli şəraiti təmin edir. Beləliklə, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında ölkədə mövcud digər sənaye parklarında olduğu kimi, sahibkarlar üçün əlverişli investisiya mühiti formalaşdırılır. Sənaye Parkının ilk rezidenti kimi qeydiyyatdan keçən və 2021-ci il oktyabrın 5-də təməli qoyulan “Avto Lizinq Azərbaycan” MMC-nin texniki servis mərkəzinin tikintisi işləri burada yüksək səviyyədə davam etdirilir. Texniki servis mərkəzinin 2023-cü ildə fəaliyyətə başlaması nəzərdə tutulur. Bu isə bölgədə aqrar sahələrin inkişafının texniki şərtləri həyata vəsiqə almağa hazırdır…

Xocavənddə yeni həyat işartıları qürurvericidir…

Onu da xatırladım ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 5-də isə  Xocavənd rayonuna səfərə çıxıblar. Prezident və xanımı tarixi Tuğ kəndində həyata keçiriləcək turizm layihələri barədə məlumatlandırılıblar. Çünki Tuğ kəndinin təbii relyefi, sanki turizm üçün yaradılıb. Prezident İlham Əliyev Tuğda  İnzibati Mərkəzin və ilk yaşayış məhəlləsinin təməlini qoyub. Bunun ardınca isə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Hadrut qəsəbəsində tam orta məktəbin bərpa layihəsi ilə tanış olub, ilk yaşayış məhəlləsinin təməlqoyma mərasimində iştirak ediblər. Bu gün Prezident Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolunun 8,2 kilometrlik hissəsinin, Hadrut “Qovşaq” yarımstansiyasının və Rəqəmsal İdarəetmə mərkəzinin açılışlarını da edib… Bu yollar gələcəyimizə uzanan həyat yollarıdır ki, hər birimiz keçəcəyik.

agali-sakinler1

Bəli, bu gün Qarabağa «Böyük qayıdış» nəinki başlayıb, artıq iki ildir davam edir. Bu qayıdışın isə baş memarı Ali Baş Komandan İlham Əliyevdir… Biz Şuşanı da, Ağdamı da, Laçını, Kəlbəcəri, Cəbrayılı, Zəngilanı, Füzulini, Qubadlını, Xocalını, Ağdərəni… də özünə-keçmişinə, ruhuna qaytaracağıq! Yuxarıda dedim, vacib olan budur ki, o yurdların sakinləri düşmənin işğalçılıq siyasətində müvəqqəti də olsa torpaq itirsələr də, qarabağlılığı-Qarabağın koloritini, incilərini, incə sənətini və yurdun özünəməxsus çalarlarını itirmədilər!  

Qayıdışımız mübarək!

(Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır(İst.6.3.7.).

A.Məmmədli

 

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN