Ermənistan öz hərbçilərini Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlı qüvvələrinin tərkibində Qazaxıstana göndərib.

Sputnik Ermənistanın məlumatına görə, söhbət kontingentin tərkibində strateji obyektlərin mühafizəsini təmin edəcək 70-ə yaxın hərbi qulluqçudan gedir.

Qeyd edək ki, Qazaxıstanda baş verən kütləvi etirazlar fonunda, dünən Təhlükəsizlik Şurasının iclasında çıxış edən ölkə prezidenti Qasım-Jomart Tokayev yardım üçün KTMT ölkələrinin liderlərinə müraciət edib.

 Bunun ardınca yanvarın 6-na keçən gecə Ermənistanın baş naziri Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Təşkilatının  sədri kimi bildirib ki, iştirakçı ölkələrin liderləri Qazaxıstana kollektiv sülhməramlı qüvvələrin göndərilməsi barədə qərar qəbul ediblər. Kollektiv sülhməramlı qüvvələrin tərkibinə KTMT tərəfindən ayrılan xüsusi hərbi, polis və mülki heyət, qüvvələr və vəsaitlər daxil ola bilər. Rusiyadan gələn kontingentə hava-desant qoşunları daxildir.

Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan 2022-ci ilin yanvarın 1-dən KTMT-yə sədrlik edir.

Qeyd edək ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı 15 may 1992-ci ildə yaradılmış hökumətlərarası hərbi ittifaqdır. 1992-ci ildə  Müstəqil Dövlətlər Birliyinə üzv olan altı  postsovet dövlətləri - Rusiya, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan Kollektiv Təhlükəsizlik Müqaviləsi imzalayıblar.

 Üç digər postsovet ölkəsi olan Azərbaycan, Belarus və Gürcüstan isə 1994-cü ildə bu müqaviləni imzaladı. Beş ildən sonra bu müqaviləni imzalamış doqquz dövlətdən altısı (Azərbaycan, Gürcüstan və Özbəkistan istisna olmaqla) müqavilənin müddətini daha beş il artırmaq barədə razılığa gəldilər. 2002-ci ildə isə həmin altı ölkənin razılığı ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı adı altında hərbi ittifaq təşkil olundu. Özbəkistan 2006-cı ildə yenidən KTMT-yə üzv olsa da, 2012-ci ildə təşkilatı tərk etdi.

Üzv ölkələr hər hansı başqa bir hərbi ittifaqa və ya ölkə qruplarına qoşula bilməz, həmçinin üzv ölkələrdən hansısa birinə qarşı təhlükə yaranacağı təqdirdə bu təşkilata üzv olan digər ölkələrə qarşı da aqressiya kimi qəbul edilir. Təşkilatdaxili əməkdaşlığı inkişaf etdirmək məqsədilə KTMT ölkələri hər il müntəzəm olaraq hərbi təlimlər təşkil edir. "Rubej 2008" adı altında Ermənistanda təşkil olunan hərbi təlimdə üzv ölkələrin hər birindən ümumilikdə 4000 nəfər iştirak edib. KTMT-də "rotasiya qaydasında sədrlik" sistemi fəaliyyət göstərir ki, bunun da nəticəsində təşkilata rəhbərlik edən ölkə hər il dəyişir. Hazırda təşkilatın altı üzv ölkəsi var – Rusiya Federasiyası, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Belarus və Ermənistan.

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN