Avropa İnsan Haqları Məhkəməsi (AİHM) məhkəmə reqlamentinin 39-cu Qaydasına (təcili tədbirlər) əsasən qərar çıxarıb və Rusiya hökumətinə Ukraynadakı silahlı münaqişə fonunda “Novaya qazeta”nın işinə maneçilik törətməkdən çəkinməyi tövsiyə edib.

Qərar məhkəmənin saytında dərc olunub.

Təcili tədbirlər sorğusu  (Konvensiyanın 10-cu maddəsinin pozulması çərçivəsində şikayət) “Novaya qazeta” və “Dojd” telekanalının ərizələri əsasında həyata keçirilib.

Məhkəmənin qərarında Rusiya hökumətinə növbəti bildirişə qədər “Novaya qazeta”nın nəşrini tamamilə əngəlləmək və ya dayandırmağa yönəlmiş hərəkətlərdən və qərarlardan, habelə Konvensiyanın 10-cu maddəsinə  əsasən (ifadə azadlığı) qəzetin öz hüquqlarını həyata keçirilməsinə mane ola biləcək hər hansı digər hərəkətlərdən çəkinməsi tapşırılıb.

AİHM-in qərarı “Novaya qəzeta”nın baş redaktoru Dmitri Muratovun martın 3-də verdiyi ərizəsi əsasında qəbul edilib.

“Novaya qazeta”nın məlumatına görə, baş redaktor ərizəsində qeyd edib ki, “Roskomnadzor” qəzetdən Ukraynadakı “xüsusi əməliyyat” haqqında fevralın 24-dən martın 1-dək dərc olunan materialların silinməsini tələb edib, həmçinin “Dojd” telekanalını və onlarla başqa KİV-in fəaliyyətini həmin hadisələri işıqlandırdığına görə bloklayıb.

 Muratov məhkəmədən  RF hökumətinə Ukraynadakı münaqişə ilə bağlı Rusiya hakimiyyətinin rəsmi mövqeyindən fərqli məlumatların yer aldığı nəşrləri bloklamamağı tövsiyə etməyi xahiş edib.

Qeyd edək ki, fevralın 5-dən etibarən “Novaya qazeta”nın informasiya xidməti fəaliyyətini dayandırıb.  Bu barədə qəzetin informasiya xidmətinin rəhbəri Nikita Kondratyevin yaydığı bəyanatda bildirilmişdi.

Kondratyev bunun müvəqqəti olduğunu və  tezliklə işlərinin başına dönəcəklərini açıqlamışdı.

“Biz artıq Ukraynada gedən döyüşlər barədə - hər iki tərəfə söz haqqı verərək, həqiqəti deyə bilməyəcəyik.  Qardaş ölkənin şəhərlərinin atəşə tutulmasını müvəqqəti olaraq unutmalı olacağıq. Biz - yenə müvəqqəti olaraq, öz iradəsinə zidd olaraq tez-tez qaynar nöqtələrə düşən əsgərlərimizin, həmyaşıdlarımızın taleyini unutmalı olacağıq” ,- deyə qeyd etmişdi.

Xatırladaq ki, martın 5-də Rusiyada “Rusiya hərbçilərinin hərəkətləri haqqında feyk xəbər yaymaq” və “Rusiyaya qarşı sanksiyalara çağırışlara” görə cinayət məsuliyyəti haqqında qanunlar qüvvəyə minib. Rusiya Cinayət Məcəlləsinin 207.3 maddəsində nəzərdə tutulmuş ən yüksək cəza -10 ildən 15 ilədək müddətə azadlıqdan məhrum etmə (ağır nəticələr olduqda) müəyyən edilir.

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN