Tezadlar TV-nin 7 oktyabr 2022-ci il tarixli canlı yayımında (“Təzadlar”ın Youtube kanalında) Gəncədən olan fermer Akif Rzayevin “Fermer Akif Rzayevin Əhəd Abıyevdən şikayəti” başlıqlı videoşikayəti ictimailəşmişdir.

Daşkəsən Rayon İcra Hakimiyyətindən bu videşikayətə cavab məktubu daxil olmuşdur. "Media haqqında" Qanunun tələblərinə uyğun olaraq aşağıda olduğu kimi təqdim edirik:

"Bildiririk ki, bu gün Daşkəsəndə sabitlik olmaqla, rayon özünün yeni uğurlu inkişaf dövrünü yaşayır. Daşkəsəndə idarəçilik etibarlı əllərdədir, kimliyindən asılı olmayaraq sabitliyi heç kim poza bilməz. Çox təəssüf ki, məkrli niyyətləri ilə ölkəmizdəki inkişafa, sabitliyə maneçilik törədən, iqtidara qarşı təxribatyönümlü şaiyələr yaymaqla qarşıdurma yaratmaq istəyən cinayətkar şəbəkələrlə işbirliyində olanlar vardır. Belələrindən biri də dövlətçiliyə, möhtərəm Prezident cənab İlham Əliyevə xidməti vəzifəsində öz sədaqəti ilə fərqlənən, təcrübəli, peşəkar kadrların işinə kölgə salmaq istəyən, bəzi saytlarda yalan məlumatlar yayan, Qərb bölgəsində yaylaq torpaqlarının alverçisi, özünü fermer, çoban adlandıran, əvvəllər törətdiyi ağır cinayətlərə görə məhkum olunmuş, Gəncə şəhərində qeydiyyatda olan 06.05.1946-cı il təvəllüdlü Rzayev Akif Nağı oğludur.

 Belə ki, əvvəllər Baş Nazirin sabiq müavini Abbas Abbasovun Gəncədə yaxın qonşusu kimi onun dostu və çobanı adından istifadə edən Akif Rzayev uzun müddətdir, özünün şəxsi heç bir mal-qarası olmadığı halda pul müqabilində Goranboy, Göygöl, Samux, Yevlax rayonlarından və Gəncə şəhərindən olan çobanların, fermerlərin, şadlıq evi sahiblərinin sürülərini öz adına çıxıb qanunsuz olaraq Daşkəsən rayonunun yay otlaq sahələrinə gətirib yerli sakinləri şərləməklə, hədə-qorxu gəlməklə ərazilərdə yerləşdirmiş, bu işi Abbas Abbasovun fermeri adı altında o vaxtdan özünə peşə seçmişdir. “Yeni Musavat” qəzetinin 28 aprel 2015-ci il tarixli 90-cı nömrəsinin 6-cı səhifəsində dərc edilən “Abbas Abbasovun fermeri çoban Akif Rzayev haqqında sensasion bilgilər” başlığı ilə geniş məqalədə onun əvvəlki fəaliyyəti və cinayətkar kimliyi ətraflı xarakterizə olunmuşdur.

 Akif Rzayev özünün şəxsi heç bir mal-qara təsərrüfatı olmadığı halda, pul müqabilində Goranboy, Göygöl, Samux, Yevlax rayonlarından və Gəncə şəhərindən olan çobanların, fermerlərin, şadlıq evi sahiblərinin sürülərini öz adına çıxıb qanunsuz olaraq Daşkəsən rayonunun yay otlaq sahələrinə gətirib yerli sakinləri şərləməklə, bələdiyyəyə hədə-qorxu gəlməklə ərazilərdə yerləşdirmişdir. Belə ki, Akif Rzayev özünə aid olan yay otlaq sahələri ilə kifayətlənməyərək, əlavə də olaraq Daşkəsən rayonunun Xoşbulaq kənd sakinlərinə məxsus yay otlaq sahələrini zəbt edib, həmin əraziləri də kənar şəxslərə alverçi kimi satıb pul alaraq özünə aid olmayan 4 min baş qoyun sürüsünü və 150 baş mal-qaranı gətirib yerləşdirməklə qarşıdurma yaradır. Bu da Xoşbulaq kənd əhalisinin böyük narazılığına səbəb olmuşdur. Xoşbulaq kəndində yaratdığı narazılıq və qarşıdurmalarla bağlı çoxsaylı sakinlərin kollektiv müraciətləri əsasında Akif Rzayev 5 dəfə ayrı-ayrı vaxtlarda Daşkəsən Rayon İcra Hakimiyyətinə, rayon prokurorluğuna və Polis Şöbəsinə çağırılaraq onunla qanunazidd hərəkələrinə dair söhbətlər aparılmış, yalnız icarəsində olan özünə aid torpaq sahəsindən istifadə etməsi barədə məhkəmə tərəfindən qərar qəbul edilərək xəbərdarlıq olunmuşdur, həmçinin qanunazidd hərəkətlərlə kənar rayonlardan olan şəxslərin mal-qarasını, sürülərini kənd sakinlərinin ərazisinə bir də gətirməməsi ilə bağlı ona dəfələrlə ciddi xəbərdarlıqlar edilmişdir.

 Dəfələrlə kənar rayonlardan olan şəxslərin, fermerlərin sürülərini pul müqabilində Xoşbulaq kəndinin ərazilərinə gətirərək süni sıxlıq yaradıb qeyri-qanuni hərəkətlər etdiyi üçün çoxsaylı Xoşbulaq kənd sakinləri ilə Akif Rzayevin arasında kriminal münaqişələr yaranmışdır. Nəticədə 100-dən artıq Xoşbulaq kənd sakininin Akif Rzayevin qanunazidd əməllərini sübut edən faktlarla Prezident Administrasiyasına, Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə, Dövlət Təhlükəsizliyi Xidmətinə, o cümlədən Daşkəsən Rayon İcra Hakimiyyətinə şəxsiyyət vəsiqələri və imzaları ilə təsdiq etdikləri əsaslı çoxsaylı kollektiv müraciətləri vardır və həmin müraciətlərdən biri də hazırda fakt üzrə rayon Polis Şöbəsində araşdırılır.

 Akif Rzayev Daşkəsəndə məqsədinə çatmaq üçün planlı şəkildə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısının işgüzar nüfuzuna qarşı qərəzli olaraq özünün maliyyələşdirdiyi qəzetlərdə və saytlarda silsilə əsassız, uydurma məqalələr dərc etdirmişdir. Daşkəsən Rayon İcra Hakimiyyətinin Akif Rzayevin mətbuatda etdiyi əsassız müraciətləri ilə bağlı Prezident Administrasiyasına, Respublika Prokurorluğuna, Daxili İşlər Nazirliyinə və aidiyyəti üzrə məhkəməyə müraciətlərindən sonra bəzi mətbu orqanları təkzib verərək üzr istəmiş və bir daha da mətbuatda Akif Rzayevin qərəzli yazılarını yaymayacağını bildirmişdir.

 Onu da bildiririk ki, Akif Rzayev 30.12.1969-cu il tarixdə törətdiyi ağır cinayətə, yaxın qohumu olan azyaşlı qızı zorladığına görə 1970-ci ildə Azərbaycan SSR Cinayət Məcəlləsinin 129.1.2., 146.1., 109.1., 109.3. və 38-ci maddələri ilə təqsirli bilinərək keçmiş Qasım İsmayılov rayon məhkəməsinin (indiki Goranboy rayonu) hökmü ilə 13 il müddətinə azadlıqdan məhrum edilmiş və cəzasını ciddi rejimli həbsxanada çəkmişdir. Mal-qara oğurluğuna, habelə fırıldaqçılıq və dələduzluq etdiyinə görə o, sonralar yenidən məhkəmələrin hökmləri ilə 4 il həbs cəzasına məhkum edilmiş və ümumilikdə 17 il həbsxanada yatmışdır.

 Akif Rzayev qanunazidd əməllərini həyata keçirmək məqsədi ilə fəaliyyətini təkcə Daşkəsən rayonu ərazisində deyil, 20 ildən çoxdur, Goranboy, Göygöl, Samux rayonlarında və Gəncə şəhərində mütəmadi olaraq davam etdirir. Yuxarıda qeyd olunan şəhər və rayonların məhkəmələrində onunla bağlı çoxsaylı araşdırmalar aparılmış, həmin məhkəmə prosesləri dövri mətbuatda, saytlarda ictimailəşdirilmişdir. Akif Rzayevin yalançı, böhtançı şəxs olması məhkəmə qətnamələri ilə sübut olunaraq dəfələrlə rəsmi təsdiqini tapmışdır. Belə ki, onun təkcə Gəncə şəhərində və Goranboy rayonunda şər, böhtan, əsassız müraciətlərinə dair 58 məhkəmə çəkişməsi olmuşdur, nəticədə də ciddi xəbərdarlıqlar almışdır. Akif Rzayevlə bağlı bu ciddi məsələlər olan yuxarıda qeyd edilən məhkəmələrdəki çoxsaylı faktlar yoxlandıqda tam təsdiqini tapacaqdır.

 Təsdiqini tapmış çox ciddi faktla bağlı Daxili İşlər Nazirliyində araşdırma aparılarkən Akif Rzayevin cinayətkar, kriminal şəxs olmasına görə Daxili İşlər Naziri cənab Viyayət Eyvazov ona ciddi xəbərdalıq etmişdir. Belə ki, 28 iyun 2020-ci il tarixdə Akif Rzayev oğlanları ilə birgə Daşkəsən rayon Çovdar kəndində məskunlaşmış Kəlbəcər rayonundan olan məcburi köçkünlər Alqayıt Allahverdiyevi, Əfqan Musayevi və Yelmar Kərimovu aldadaraq onların ailə təsərrüfatlarına məxsus ümumilikdə 103 baş xırdabuynuzlu heyvanı pulunu 3 gündən sonra verəcəyi vədi ilə sürü şəklində yığıb aparmış, sonra da heyvanların pulunu verməmiş, həmin sakinləri kriminal şəxs kimi nalayiq söyüşlərlə təhqir etmiş, şərləmiş və ölümlə hədələmişdir. Kənd sakinlərinin Akif Rzayevin dələduzluğu və fırıldaq əməlləri barədə həmin vaxt Daşkəsən Rayon İcra Hakimiyyətinə etdikləri müraciətləri tərəfimizdən Daxili İşlər Nazirliyinə göndərilmişdir. Bir həftə Bakı şəhərində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan Akif Rzayev törətdiyi cinayət əməlini orada etiraf edərək təsdiqləmiş, kənd sakinlərinin xırdabuynuzlu heyvanlarını həmin İdarədən sərbəst buraxıldıqdan 3 gün sonra Daxili İşlər Nazirliyinin nəzarəti ilə sakinlərin özlərinə qaytarmışdır. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi Əbülfət Rzayev tərəfindən belə qanunsuz hərəkətlərinə görə Akif Rzayevə ciddi xəbərdarlıq edilmişdir.  Bu tam təsdiqini tapmış məsələni rayonunun hüquq-mühafizə orqanları və rayon əhalisi bilməklə mətbuatda da ictimailəşdirilmişdir.

 Özünü Akif Rzayevin köməkçisi kimi təqdim edən Goranboy rayon Todan kənd sakini, 03.11.1942-ci il təvəllüdlü Rəhimov Əhəd Səməd oğlu Akif Rzayevin Gəncə şəhərində yaşadığı İ.Orucov küçəsi ev 8 ünvanından Əhəd Abıyevin barəsində yazılan qərəzli və şər-böhtan müraciətlərə qol çəkir və onlar birgə fəaliyyət göstərirlər.
2020-ci ildə belə qərəzli, yalan, böhtan yazılarına görə Goranboy Rayon Məhkəməsinin qərarı ilə Akif Rzayevə və Goranboy rayon sakini Əhəd Rəhimova ciddi xəbərdarlıq edilməklə qanunazidd əməllərinə, habelə müxtəlif yuxarı orqanlara qərəzli, həqiqəti əks etdirməyən müraciətlər ünvanlayıb həyata keçirə bilmədikləri halda və araşdırma aparılarkən həmin müraciətlər təsdiqini tapmayanda özlərini müdafiə məqsədilə Akif Rzayev yaşının 77, Əhəd Rəhimov isə yaşının 81 olmasını, hər ikisi də 3-cü dərəcəli əlilliyini və ağır şəkər xəstəliklərini bəhanə edib cinayət məsuliyyətindən yayınırlar. Belə ki, Əhəd Rəhimov icra başçısı Əhəd Abıyevlə bağlı qərəzli yazdığı müraciətə görə üzr istəyib təkzib vermiş, peşmançılığını yazılı olaraq bildimişdir. Bu barədə onun məktubu vardır.

Maraqlıdır, əvvəllər müxtəlif yuxarı orqanlara, şəxsən Cənab Prezidentə göndərdiyi çoxsaylı müraciətlərində Akif Rzayev Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin ünvanına xoş sözlər yazmış, icra başçısını “peyğəmbər, dahilər dahisi, xalqın və iqtidarın etimadını doğruldan qəhrəman” adlandırmışdır. Belə müraciətlər ünvanlaması onun açıq-aşkar riyakarlığını göstərir, çünki Akif Rzayev həbsxana qanunları ilə danışaraq yaşayır.

Akif Rzayev 8 fevral 2022-ci il tarixdə həbs edilmiş “Yeni İctimai Nəzarət Şurası” adlı qanunsuz təşkilatın sədri hazırda həbsdə olan Ramil Şükürovun mətbuat katibi olan Mingəçevir şəhər sakini Zakir Süleymanovla da işbirliyində olmuşdur. Dələduzluq və korrupsiya əməllərinə görə Ramil Şükürov həbs olunsa da, amma barəsində cinayət işi açılan Zakir Süleymanov dolayı yollarla cinayət məsuliyyətindən yayınmış və mütəşəkkil dəstənin əsas üzvü olmasına baxmayaraq, hazırda öz əvvəlki qanunsuz əməllərini Daşkəsəndə radikal müxalifətçi kimi davam etdirir. Zakir Süleymanovun fəaliyyəti yoxlandıqda onun cinayət əməlləri tam təsdiqini tapacaqdır. Hansı ki Zakir Süleymanov heç bir müharibədə iştirak etmədiyi və hərbçi olmadığı halda, özünü qazi kimi Daşkəsəndə təqdim edərək iqtidar-hakimiyyət əleyhinə rayonun şəhid anaları adından sui-istifadə eləyir. Belə ki, 29 sentyabr 2022-ci il tarixdə Vətən müharibəsi şəhidi Orxan Şıxıyevin Daşkəsən Şəhidlər Xiyabanındakı məzarı başında yüksək səviyyədə qeyd edilən  doğum günündə şəxsən Əhəd Abıyev, Rayon İcra Hakimiyyətinin kollektivi,  rayon prokuroru Şahin İmanov, rayon Polis şöbəsinin rəisi Seymur Əfəndiyev, DTX-nin rayon şöbəsinin rəisi Natiq Musayev, SHXÇDX-nin Daşkəsən rayon bölməsinin rəisi Mirqasım Abbasov, Şəhidin anası Sevda Şıxıyeva, atası Raqif Şıxıyev, qardaşı Sərxan Şıxıyev, bacısı Xalidə Şıxıyeva, habelə yaxınları, rayonun şəhid anaları, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Şəhid Orxan Şıxıyevin məzarına gül dəstələri düzülüb, dualar oxunub. İcra başçısı Əhəd Abıyev çıxış edərək Şəhidin ailəsinə rayon ictimaiyyəti adından bir daha da dərin hüznlə başsağlığı vermiş və həmin tədbir KİV-lərdə geniş işıqlandırılmışdır. Mərasimdən sonra isə Akif Rzayevlə birgə planlı sürətdə hazırladıqları tapşırığı Zakir Süleymanov Daşkəsən rayon Dəstəfur kəndinə gedərək əlavə yığıncaq təşkil edib Şəhid anası Sevda Şıxıyevanın Daşkəsən Rayon İcra Hakimiyyətinin işgüzar nüfuzuna xələl gətirməklə təhqir edən qərəzli və əsassız çıxış etməsini həyata keçirmiş və 4 oktyabr 2022-ci il tarixdə həmin video materialı özlərinin Youtube kanalında “Daşkəsənin icra başçısını hələ belə biabır edən olmamışdı” başlığı altında ictimailəşdirmişdir.

Akif Rzayev özünü yazı və müraciətlərində respublikanın ilk fermeri, şəhid və qazi ailələrinə köməkliklər edən, prezident seçkilərində böyük fəaliyyətlər göstərən xeyriyyəçi kimi qələmə verir və guya Prezident cənab İlham Əliyevə, o cümlədən Prezident cənab Rəcəb Tayyib Ərdoğana aeroporta gedərək yüzlərlə qurbanlar kəsməsi kimi cəfəngiyatlar uydurur. Onun bütün bu dedikləri tamamilə yalandır, çünki özünün şəxsi təsərrüfatı olmayıb və hətta rayonun heç bir şəhid ailəsinin tədbirində də iştirak etməyib. Yoxlandıqda onun əsassız və uydurma danışıqları tam təsdqiqini tapacaqdır.

Akif Rzayev Daşkəsəndə ixtişaş, qarşıdurma, sabitliyi və asayişin pozulmasına zəmin yaratmağa cəhd göstərərək Rayon İcra Hakimiyyətinin işgüzar nüfuzuna xələl gətirilməsinə çalışır. Öyrədilmiş kriminal oyunbaz Akif Rzayevi rayonun hüquq-mühafizə orqanları, ictimaiyyət nümayəndələri və ziyalıları açıq-aşkar bilib tanıyırlar.

  Daşkəsən Rayon İcra Hakimiyyəti olaraq bildiririk ki,  Akif Rzayevin “Təzadlar” İnformasiya Agentliyinin efirindən səsləndirdiyi fikirləri tamamilə yalan, qərəzli və əsassızdır, qəti surətdə təkzib edirik.

 Hörmətlə,

Daşkəsən Rayon İcra Hakimiyyəti".

REDAKSİYADAN: çox təəssüf ki, 76 yaşlı fermer Akif Rzayevlə Daşkəsən RİH rəhbərliyi arasındakı yaylaq qalmaqalı hələ də nöqtələnmir. Amma bir daha inanmaq istərdik ki, nəhayət, bu qalmaqala son veriləcək.  

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN