7 Yanvar 2026 / 18:53

Yeni il qabağı əhaliyə hədiyyə olaraq benzin qalxdı…

Maraqlıdır, neft ucuzlaşırsa, benzin niyə düşmür və ya neftdən gələn  pullar hara gedir?

Azərbaycanda yanacağın qiymətinin artımı təkcə iqtisadi məsələ deyil, həm də sosial narazılığın əsas səbəblərindən birinə çevrilib. Dünya bazarlarında neft ucuzlaşdığı halda, daxildə yanacağın qiymətinin, əksinə qaldırılması hökumətin qiymət siyasəti ilə bağlı ciddi suallar doğurur. 2026-cı il gəlməmiş Yeni ili ölkə əhalisi yanacağın bahalaşması ilə qarşıladı. Bunun ardınca isə, demək olar ki, hər şey bahalaşdı. Qaz, elektrik enerjisi, nəqliyyat, ərzaq, spirtli içkilər və s. Demək olar ki, qiymət artımı sosial həyatımızın bütün sahələrinə sirayət etdi.

Rəsmi dairələr və aidiyyəti qurumlar vətəndaşlara “hər şeyin nəzarət altında olduğu” mesajını versə də, bazarlardakı real vəziyyət bunun əksini göstərir. Azərbaycanda qiymətlər faktiki olaraq yalnız yuxarıya doğru hərəkət edir. Sanki Tarif Şurası qiymət qaldırmaq üçün yaradılıb. Ucuzlaşan məhsul tapmaq, demək olar ki, mümkünsüzdür. Vətəndaşlar narazıdır. Deyirlər ki, guya “hər şey  yaxşıdır”. Azərbaycanda isə qiymətlər yalnız qalxır. Hələ ki, hansısa bir məhsulun ucuzlaşdığına rast gəlinmir. Neft ölkəsi olmağımıza baxmayaraq, bizdə benzin və dizel, demək olar ki, “şor qiymətinə” yox, əksinə kəllə-çarxa qalxır.

***

Bu vəziyyət xüsusilə düşündürücüdür. Çünki Azərbaycan neft hasil edən və ixrac edən ölkədir. Əslində, neft ölkəsində yanacaq daha ucuz olmalıdır… Amma bizdə benzin hər il bahalaşır. 2024-cü ildə Aİ-92 markalı benzinin qiyməti 1 manatdan 1 manat 10 qəpiyə qaldırılanda bunu dünya bazarlarında neftin qiymətinin artması ilə əlaqələndirirdilər. Bildirilirdi ki, Azərbaycan da dünyanın bir parçasıdır və qlobal iqtisadi proseslər ölkəmizdən yan keçə bilməz. İndi isə vəziyyət tam əksinədir. Dünya bazarlarında neftin qiyməti günbəgün aşağı düşür, amma bizdə neft məhsullarının qiyməti yuxarı qalxır…  Son üç ayda bir bareli 85–88 dollar olan “Brend” markalı neft hazırda 60–63 dollar aralığında satılır. Buna uyğun olaraq bir çox ölkələrdə benzinin qiyməti də ucuzlaşıb. Amma neft ölkəsi olan Azərbaycanda benzinin qiymətində heç bir enmə müşahidə edilmir. Əksinə, dünya bazarında neftin ucuzlaşmasından itirilən pulları ölkədə benzini və dizeli bahalaşdırmaqla kompensasiya etmək istəyirlər.

Maraqlı məqamlardan biri də odur ki, Aİ-95 markalı benzin tənzimlənən qiymətlər siyahısına daxil deyil, yəni onun qiymətini Tarif Şurası müəyyən etmir. Vallah, bu Tarif Şurası nə bəladırsa, darışıbdı bu millətin canına. Amma əhalinin xeyrinə olan işlərlə yox, tam əksinə məşğuldur. Burada haqlı sual yaranır: neft ucuzlaşırsa, bəs ölkəmizdə benzinin qiyməti niyə düşmür?

Bir sözlə, əhali bu bahalaşmalardan cana doyub. Bu sakit, fağır xalq artıq dilə gəlib. Kimdən soruşursan, eyni fikri səsləndirir: “Qiymətlərin düşəcəyinə ümid yoxdur, təki daha da qalxmasın”. İctimai rəy belə formalaşıb ki, Azərbaycanda hansı məhsulun qiyməti bir dəfə artıbsa, onun yenidən enmə ehtimalı, demək olar ki, yoxdur. Halbuki bu bahalaşmaların mərkəzində məhz yanacağın qiymətinin artması dayanır. Yanacaq ucuzlaşacağı təqdirdə, ictimai nəqliyyatdan tutmuş ət və digər ərzaq məhsullarına qədər bir çox sahədə qiymətlərin aşağı düşməsi mümkün olardı. Bu isə insanların heç olmasa, bir qədər rahat nəfəs almasına şərait yarada bilərdi. Bir il əvvəl dizelin litri 60 qəpik olduğu halda, hazırda bu rəqəm 1 manat 10 qəpiyə çatıb.

İqtisadçı-ekspert Rəşad Həsənov bu məsələyə belə münasibət bildirir: “Azərbaycanda neft ucuzlaşanda büdcə gəlirləri azalır və büdcə tarazlığını qorumaq məqsədilə hökumət əlində olan resursları səfərbər edir. O cümlədən, qiymətləri dövlət tərəfindən tənzimlənən məhsulların bahalaşdırılması ilə bu təzyiq neytrallaşdırılır. Amma proses əksinə gedəndə, yəni neft bahalaşanda və büdcə riskləri azalanda, geri addımlar atılmır. Çünki bazarın mövcud qiymətlərə uyğunlaşması artıq bir proses kimi qəbul edilir və hökumət bazarı bu şərtlərə uyğunlaşdırır. Qiymətlərin endirilməsi gələcək dövrlərdə yeni risklər yarada bilər və bu qiymət ekvivalentliyinin qorunması baxımından arzuolunan sayılmır. Digər tərəfdən, hökumət bunu fürsətə çevirərək büdcə daxilolmalarını yüksək səviyyədə saxlamağa çalışır və gələcək risklərə qarşı preventiv yanaşma kimi qiymətləri indiki səviyyədə qorumağı üstün tutur”.

Yəni, ekspertin də vurğuladığı kimi, yanacaq bahalaşıbsa, onun əvvəlki qiymətinə qayıtması faktiki olaraq mümkün olmur. Nəticədə zərbə yenə vətəndaşlara, qəpik-quruş hesablayan kasıb təbəqəyə dəyir. Çünki bu sistemdə qiymətləri endirmək deyil, artırmaq daha cəlbedici görünür. Dünya bazarında yanacaq cəmi 1 qəpik bahalaşan kimi daxili bazarda qiymətlər dərhal yüksəldilir, lakin ucuzlaşma baş verdikdə bu heç vaxt istehlakda əks olunmur.

Qeyd edək ki, neftin dünya bazarlarında ucuzlaşması artıq bir aya yaxındır ki, bir çox ölkələrdə benzinin qiymətinin düşməsinə səbəb olub. Məsələn, qonşu Gürcüstanda bir ay əvvəl benzin litri 4 lari idisə, hazırda 3 lariyə, təxminən 1 dollar 15 sentə satılır. Türkiyədə isə bir ay əvvəl litri 70 lirə olan benzin indi 55 lirəyə, yəni təxminən 1 dollar 25 sentə satılır.

Yanacağın ucuzlaşması isə yalnız sürücülər üçün deyil, bütövlükdə iqtisadiyyat üçün müsbət nəticələr yaradardı. Bu proses xüsusilə kənd təsərrüfatında xərclərin azalmasına, istehsalın artmasına və ümumi iqtisadi fəallığın yüksəlməsinə təkan verərdi. Göründüyü kimi, yaxın qonşu ölkələrin nümunəsində vəziyyət belədir. Sual isə açıq qalır: bəzi xarici ölkələr riskləri tənzimləyib qiymətləri aşağı sala bildiyi halda, niyə bizdə bu mümkün olmur? Doğrudan da, çox “maraqlı” iqtisadiyyatımız və “maraqlı” iqtisadçılarımız var, elə deyilmi?

ELŞAD FƏRMANOĞLU

P.S.Mənə elə gəlir, nə qədər ki, Ramiz Mehdiyevdən miras qalan kifli düşüncəli kadırlar vəzifə başındadır, «qara qızıl» günümüzü ağ etmək əvəzinə, daha da qara edəcək…

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!