Şair Baba Vəziroğlu  doğum günündə  oxuculara  yeni şeir hədiyyə etdi...

Bu gün, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Fəxri oxucusu, nəğməkar şair, nasir, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü Baba Vəziroğlunun doğum günüdür. Yasamal rayon MKS-nin kollektivi və oxucuları adından şairi təbrik edir, ona yaradıcılıq uğurları arzulayırıq. 

Mərkəzi kitabxanadan Tezadlar.az-a bildirilib ki, oxucuların sevimlisi şair Baba Vəziroğlu kitabxanada həyata keçirilən “Yaradıcı oxucularımız” layihəsinə növbəti dəfə  “Sənsən” şeirini təqdim edib. Kövrək sevgi notlarına köklənən şeir həzin bir nəğmə kimi ürəkləri riqqətə gətirir. Saf, təmiz, şair duyğuları misralara çevrilərək məhəbbət adlanan şirin nəğmənin sözlərinə çevrilir.

Tezadlar.az həmin şeiri təqdim edir:

               Sənsən

 Dünyanın sevinci, həm də qəmiyik,

Bir tarın alışan qoşa simiyik,

Yarıya bölünmüş alma kimiyik,

Bir üzü mənəmsə, bir üzü sənsən...

                        ****

Səsini eşidək yağan yağışın,

Hər ötən baharın, hər gələn qışın.

Dünyaya boylanan bircə baxışın

Bir gözü mənəmsə, bir gözü sənsən...

                    ****

Tənha yolçulara bu yollar çətin,

Dərələr keçilməz, qayalar mətin.

Məhəbbət adlanan bu məmləkətin

Bir dağı mənəmsə, bir düzü sənsən...

                   ****

Şirindir, acıdır sevginin dadı,

Həsrət bir adıdır, vüsal bir adı.

Məhəbbət özü bir bütöv dünyadı,

Gecəsi mənəmsə, gündüzü sənsən...

                       ****

Qoşa gülləriyik biz bu çəmənin,

O nərgiz mənimdi, bu lalə sənin.

Məhəbbət adlanan şirin nəğmənin

Bir sözü mənəmsə, bir sözü sənsən...

JASMİN

 

 

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN