Vaqif Allahverdiyev, ADPU-nun Ağcabədi filialının dosenti

XIX əsrdə Türkmənçay, Gülüstan müqavilələri əsasında İranla çar Rusiyası arasında bölünmüş, Sovet dövründə hissə-hissə qonşulara paylanmış Vətən torpaqları əsrlər boyu bu xalqın dərd yükünə çevrilərək bədii əsərlərimizdə də öz kədərli notları ilə səslənmişdir. Bu baxımdan, yazıçı Aqil Abbasın “Dolu” romanı Qarabağ hadisələrinə həsr edilmiş ən son və ən dəyərli əsərdir. Yazıçının oxuculara təqdim etdiyi bu əsər müasir həyatımızla, xalqımızın başına gələn faciələrlə bağlı çox aktual bir mövzuya həsr edilmişdir.

Əsərdə məlum Qarabağ hadisələri, torpaqlarımızın işğalı, qəhrəman oğullarımızın fədakarlığı, o dövrki səriştəsiz rəhbərlərin satqınlığı, vətən uğrunda canını qurban verərək şərəfli döyüş yolu keçmiş qəhrəmanlarımıza qarşı biganəlik və Ağdam şəhərinin işğalı əsərin əsas mövzusunu təşkil edir.

Müəllifin əsəri “Dolu” adlandırması təsadüfi deyildir. Əsərin əvvəlində təbiətin dolu yağdırmaq mözücəsini elə ustalıqla təsvir etmişdir ki, sanki oxucu özü bu ecazkar səhnəni seyr edir, dolu yağan zaman onun səsinin yaratdığı ahəngdar musiqini duyur, hiss edir.

Əsərin əvvəlində verilmiş bu gözəl təbiət təsviri ilə yazıçı vətənimizin ən gözəl guşəsi olan Qarabağ torpağının, onun mərkəzi olan Ağdam şəhərinin gələcək taleyinə işarə edir, oxucu qəlbini riqqətə gətirən bu maraqlı hadisələri daha çox sətiraltı mənalarla açıqlamağa çalışır.

Görkəmli ədəbiyyatşünas alim Yaşar Qarayev “Tarix – yaxından və uzaqdan” adlı əsərində yazırdı: “Bütövlüyün, vəhdətin izini, bəlkə də sərhədlərdən silmək olar, amma yaddaşdan, sümükdən, qandan yox: odur ki, bu xalqın yaddaşından silinməyən, “böyük bir həsrət” ədəbiyyatını yaradan müqəddəs Vətən məhəbbəti Azərbaycan ədəbiyyatını səciyyələndirən əsas mövzulardan biri olmuşdur”. Bu baxımdan, müasir nəsrimizdə bu mövzuda yaranmış, son illərin boşluğunu doldurmaq baxımından “Dolu” romanı böyük əhəmiyyət kəsb edir.

Dünən təbiətin yağdırdığı doludan, onun yaratdığı gözəllikdən zövq alan insanlar bu gün şəhərin üstünə yağan Doludan canlarını qurtarmaq üçün: “Yenə gecə yarıdan keçmişdi. Bu şəhəri Dolu necə vurmuşdusa... Maşını olanlar çolum-cocuğunu maşına doldurub şəhərdən çıxarmağa çalışırdı. Maşını olmayanlar isə yenə çolum-cocuğunu evin dərin yerinə çəkib ümidlərini onları çoxdan yaddan çıxarmış Tanrıya bağlayaraq xəcalətlərindən domuşmuş, balalarının qorxudan bərəlmiş gözlərinə də baxmağa ürək eləmirdilər”

Əsərin əvvəlində verilmiş bu müqayisəli sətirləri oxuyan oxucu söhbətin hansı “doludan” getdiyini dərhal başa düşür.

Əsərdə verilmiş obrazların çoxu öz adları ilə deyil xalq, camaat arasında öz qabiliyyətlərinə görə aldıqları adlarla verilmişdir. Yazıçı bədii-obrazlı cümlələrlə həmin obrazların daxili aləmini açmağa, bu xalq qəhrəmanlarını, Vətən, torpaq uğrunda canlarını əsirgəməyən bu vətən oğullarını gözdən salmaq üçün onların haqqında böhtan və iftira yayan, öz vəzifələrini, yığdıqları pulları saxlamaq üçün hər cür alçaqlıqlara gedən At Belində olan adamların xalqımızın düşməni olduğunu, ermənilərə kömək göstərdiklərini açmağa müvəffəq olmuşdur.

Əsərdə Drakon, Pələng, Komandir, Rəis, Eldar Bağırov, Şükür Rzayev, Katib, Pələngin anası müsbət obraz kimi diqqəti cəlb edir. Əslində bu adamlar xalqın içərisində dərin hörmət və məhəbbət qazanmış, şəhəri düşməndən qorumaq üçün öz canlarını belə əsirgəməmişlər. Drakonun şəxsi keyfiyyətlətini bədii çalarlarla obrazlı şəkildə qələmə alan yazıçı bu müsbət keyfiyyətləri açıqlamaqla onu tanımayanların və oxucuların qəlbində bu vətən oğluna qarşı böyük məhəbbət hissi aşılamışdır.

Əsərin ən müsbət və dəyərli cəhətlərindən biri də insanların haqqında maraqlı adamlar tərəfindən məqsədli şəkildə xalq içərisinə yayılmış böhtan və yalanlara son qoyub onları həyatda olduğu kimi oxuculara çatdırmaq idi.

Əsərdə təqdim olunan Drakon belə insanların ümumiləşmiş obrazı kimi diqqəti cəlb edir. Əgər belə qəhrəmanlar ixtiyar sahibi olsa idilər, onların ordusu, cəbhəsi, cəbhəxanası olsa idi, əlbəttə, ermənilər onlara heç vaxt güc gələ bilməzdilər.

Bəli, bu həmin Drakondur ki, bu gün vətənin dar günündə də öz şəxsi keyfiyyətləri ilə hamıya nümunə göstərir, “Dünyanın ən varlı şəhərin”in erməni və rus millətçilərindən müdafiə etmək üçün mübarizə aparır, öz əqidə yoldaşları ilə şəhəri müdafiəyə qalxır. Bu müqəddəs işdə onun ən yaxın silahdaşı “Pələng” ləqəbi ilə tanınan dostu idi.

Ağır bir kəşfiyyata və döyüşə yollanan Drakon bir azdan sonra arxadan kiminsə gəldiyini hiss edir. Dönüb baxanda Pələngi görür. Ən çətin məqamda dostunu tək buraxmayan Pələng hamıya örnək ola biləcək bir qəhrəmanlıq nümayiş etdirir.

Pələng erməni “BMP”-sini vurduqdan sonra Drakonu nişan alınmış ermənini görür və bir anın içərisində özünü nişan almış Drakonun qarşısına atır və güllə ona dəyir. Dostuna görə özünü güllə qabağına verən Pələngin bu qəhrəmanlığı, Drakonun çox çətinliklə Pələngi ordan uzaqlaşdırması və nəhayət Pələngin ölümünün yaxınlaşdığını görən Drakonun bulağa gedib papağının içində ona su gətirməsini, Pələngin son vəsiyyətlərini müəllif elə dramatik və obrazlı şəkildə qələmə almışdır ki, əsəri oxuyan hər bir oxucunu bu ana yetişəndə qəhər boğur və hər kəsdə bir daha düşmənə qarşı nifrət və vətənpərvərlik hissləri qabarıq şəkildə büruzə verir.

Hər iki gəncin – Pələngin və Drakonun bu əməliyyatda faciəli şəkildə həlak olması bizi kədərləndirsə də, onların keçdiyi şərəfli yol, şərəfli ölüm bir daha onu göstərir ki, Vətənin belə qəhrəman oğulları var, Vətən həmişə belə qəhrəmanlarla fəxr etmiş və yenə də fəxr edir. Vətən yolunda şəhid olmuş bütün qəhrəmanlarımızın, şəhidlərimizin ümumiləşdirilmiş obrazı olan bu gənclər dostluq və vətənpərvərlik simvolu kimi gənclərimizə əsl örnəkdir. Yazıçı üslubunun ahəngi, obrazlı cümlələr əsər boyu bir-birini izləməklə bir daha romanın bədii dəyərini artırır.

Mən burda müəllifin üslubundan, dilinin sadəliyindən söz açmaq fikrində deyiləm. Amma yazıçının hadisələri düzgün qiymətləndirmək bacarığını və onu özünəməxsus şəkilə salmaq məharətini xüsusi qeyd etmək istəyirəm. Müəllif demək olar ki, Qarabağ müharibəsinədək və müharibə dövründə gedən bütün siyasi oyunları mərhələ-mərhələ izləmiş, ölkəni müharibəyə doğru aparan siyasi səbəbləri araşdıra bilmiş, müharibənin doğurduğu bütün faciələri, acınacaqlı həyat tərzini bütün çılpaqlığı ilə açıqlamış, həm də dərin bir vətəndaşlıq hissi, ürək ağrısı ilə öz dərdini, o cümlədən, hamımızın dərdini bu əsərdə məharətlə ümumiləşdirə bilmişdir.

Əsəri mövzu, konflikt, süjet və kompozisiya, obrazlar aləmi baxımından təhlil etdikdə isə deyə bilərəm ki, bu əsər müasir nəsrimizin ən yeni bir tapıntısıdır. Belə ki, hadisələrə qiymət vermək, ona yanaşmaq tərzi, obrazların daxili aləmini açıqlamaq, müəyyən yer – şəhər və kənd adlarının obrazlaşdırılması, klassik ədəbi ənənələri yaşatmaq və bu günümüzün nəsrinə gətirmək baxımından A.Abbasın “Dolu” romanı yeni bir ədəbi hadisə kimi son illər nəsrimizdə yaranmış boşluğa son qoymuşdur. Bəli, bu gün hörmətli yazıçımız Aqil Abbasın “Dolu” romanı nəsr sahəsində yeni bir tapıntı, yeni bir orijinal quruluşa malik əsər kimi diqqət mərkəzindədir.

Əsərdə verilmiş Ana obrazı, yəni Pələngin anası, bütün şəhid vermiş, oğullarını itirmiş Analarımızın ümumiləşdirilmiş obrazıdır.

Pələng və Drakondan başqa əsərdə təqdim olunmuş Rəis, Komandir, Eldar Bağırov, Qatır Məmməd, Allahverdi Bağırov, Şirin Mirzəyev müsbət obraz kimi diqqəti cəlb edir. Belə ki, hadisələrin qızğın və gərgin dövründə bu insanların qəhrəmanlığı, vətənpərvərliyi haqqında çox eşitmişik. Bu gün həmin insanları bədii əsərə gətirmək, onların haqqında deyilmiş yalanlara və şaiələrə son qoymaq, onları tarixin yaddaşına salmaq baxımından olduqca böyük tarixi əhəmiyyəti vardır.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN