Saytlardan biri xəbər verir ki, müğənni Röya Ayxan yıxılıb və ayağı əzilib. Bu barədə müğənni özü belə açıqlama verib: "Yıxılmışam, ayağımı möhkəm əzmişəm. Həkimlər dedi ki, hündür daban ayaqqabı geyə bilmərəm. Yalnız altı düz ayaqqabıda gəzə bilərəm".

P.S. Gərək həkimlər səhnəyə çıxmağı bir dəfəlik qadağan edəydilər ki, gənclərimizin mənəviyyatının pozulmasında misilsiz xidmətləri olan, sosial şəbəkələrdə və efirlərdə lüt ətçəbala olmaqla bu tərbiyəni bir az da artıq pozan  və sənətdən çox-çox uzaq olan Röyanın əlindən bu xalq rahat nəfəs ala bilsin.

***

Aparıcı Vüsalə Kərimova müğənni Yaşar Cəlilovla olan yeni fotosunu İnstaqram hesabında paylaşıb ki, bu da izləyicilərin marağına səbəb olub.

P.S. Marağa səbəb olar da, mehribancasına gülümsənən bu şəkili görən hər kəsi dərhal bu sual düşündürür ki, odla suyun nə alveri ola bilər?

***

Rusiya Dumasının üzvü, bütün qanı canı ilə erməni olan deputat Konstantin Zaturin öz açıqlamasında Ermənistanın adını çəkməklə digər respublikalara mesaj verərək bildirib ki, keçmiş respublikalar SSRİ-nin tərkibindən qanunsuz çıxıblar.

P.S. Belə yerdə adam istəyir desin ki, a donuz oğlu, donuz. Amma demirəm, sadəcə, deyirəm ki, ay qanmaz ayı, məgər bu respublikalar SSRİ-nin tərkibinə qanuni yolla daxil olmuşdular? Məgər bilmirsən ki, bu respublikalar 1920-ci ildə bolşeviklər bu respublikaları dava-qırğınla, zor gücünə SSRİ-nin tərkibinə qatmışdılar? Üç Pribaltika Respublikasını isə ruslar 1939-cu ildə işğal etmişdilər.

***

Qəzetlərin birində təzəlikcə vəzifəsindən çıxarılan Səfərbərlik Xidmətinin sabiq rəisi Arzu Rəhimovdan bəhs edən yazıya belə bir başlıq qoyulub: "Generalın 58 yaşında təqaüdə göndərilməsinin sirri - Arzu Rəhimovu nə gözləyir?".

P.S. Hamı yaxşı bilir Arzu Rəhimovu nə gözləyir... Gözümüzün qabağında "n" qədər belə  sabiqlər var. Ona görə də tam dəqiqliklə deyə bilərik ki, Arzu Rəhimovu nə gözləyir. Arzu müəllim ilk vaxtlar xoş istirahətlər, yığdıqları milyonları xımır-xımır yemək, nəvələri ilə oynamaq, bir az da keçəndən sonra isə namaz qılmaq, oruc tutmaq, bir-iki il də keçəndən sonra Həccə gedib hacı titulu qazanmaq və cəmiyyətdə hacı kimi hörmət, nüfuz sahibi olmaq və lap sonda isə "Vəzifədə olan şəxsin pul qazanmaq yolları" adlı xatirə kitab(lar) yazmaq gözləyir.

***

Ermənilər azıb əsir düşən əsgərlərimiz Hüseyn  Axundov və Aqşin Bəbirovu bizdə həbsdə olan diversant ermənilərə dəyişmək istəyirlər.

P.S. Bu, lap II Dünya Müharibəsində Stalinin əsir düşən oğlunu almanların rusların əlində əsir olan feld-marşal Paulyusa dəyişdirmək təklifinə bənzəyir. O zaman Stalinin belə cavab vermişdi: "Mən adi bir soldata feld-marşal dəyişə bilmərəm". İndi biz də adi iki əsgərə ərazimizdə diversiya törətmiş, əlləri əsgərlərimizin qanına bulaşmış qatil diversantları dəyişə bilmərik. O iki əsgəri azad etmək üçün isə təcili surətdə bir neçə erməni əsgərini gecə ikən əsir götürmək lazımdır. Bunu bacara biləcək bizdə Xüsusi Təyinatlı Qüvvələrin tərkibində canavar kimi oğullarımız var.

***

 Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli tarixi torpağa qayıtmaqdan danışarkən, mətbuata belə deyib: "Qərbi Azərbaycanla bağlı həqiqətləri dünyaya çatdırmağın zamanıdır".

P.S. Pah, nə danışır a, bu? Görsən, Əziz Ələkbərli 30 illik yuxudan nə vaxt ayılıb? Əziz bəy, qadan alım, bir 30 ildə gözləsəydiniz yaxşı olardı, sonra Azərbaycanla bağlı həqiqətləri dünyaya yayarsınız...

***

Üçü birində bəstəkar, müğənni, şairə və hər üçündən də ala-yarımçıq olan Elza Seyidcahanın bacısı Lalə Seyidcahan televizor proqramlarının birində bacısı haqqında belə deyib: "Elza Seyidcahan bütün bacıların, uşaqların psixologiyasını pozur. Bütün nəslimizi biabır edib".

P.S.Ay Lalə xanım, illərlə bizim dediyimizi təsdiq etdiyinə görə sənə ürəkdən təşəkkür edirəm. Amma maraqlıdır, o biabır olan nəsildən bir nəfər niyə tapılmır ki, bu Elzanı məcburi müalicəyə aparsın. Bununla sizlərin də və xalqımızın da canı Elza Seyidcahandan qurtarsın... O "Ulduz" filmində belə bir ifadə səslənir: "Səni qandırınca, adam özü qanacaqsız olar". İndi biz də əndirabadi saç düzümləri, geyimləri, düşük danışıq və şeirlərinə görə illərdir bu Elzanı qandıranacan, daha özümüz qanacaqsız olmuşuq, mən ölüm.

***

Millət vəkili, jurnalistlərin həmişə axtardığı, lakin telefon nömrələrini tez-tez dəyişdirdiyindən tapa bilmədiyi, rəhbəri olduğu partiyadan belə onunla əlaqə yaratmaqdan imtina edilən Qüdrət Həsənquliyev repetitorluğun ləğv edilməsindən danışarkən mətbuata belə deyib: "Bu gün repetitorluğun aradan qaldırılmasının tək yolu orta məktəbin buraxılış imtahanlarına uyğun olaraq ali məktəblərə qəbulun həyata keçirilməsidir".

P.S. Qüdrət bəy, sizin repetitotluğun ləğvi barədə verdiyiniz təklif vaxti ilə Zeynəb Xanlarovanın uşaqpulunun ləğv edilməsinə dair verdiyi təklifə bənzəyir. İndi uşaqpulunun ləğv edilməsinə görə Zeynəb Xanlarova qədər qarğış yiyəsi olan ikinci bir adam yoxdur. Bu səbəbdən Qüdrət bəy, aldığı cüzi maaşla dolana bilməyən, əvəzində repetitorluqla bir tikə çörək qazanan və seçiciləriniz olan müəllimləri ac qoyub qarğış yiyəsi olmaq istəyirsiniz? 

***

Məlumatlara görə, aparıcı Səma Abıyeva müvəqqəti olaraq, yaçamaq üçün İstanbula köçüb.

P.S. Deyirəm nə yaxşı olub e, heç olmasa, soyunub açıq-saçıq geyinənlərin birindən müvəqqəti olsa da canımız dincələrdi. İndi qoy Türkiyədə soyunsun. Türk qardaşlarımızın Səmadan xoşu gəlib-gəlməyəcəyini daha mən deyə bilmərəm.

***

Özünü sənətkar sayan amma sənətin "s" hərfindən belə xəbərsiz olan Üzeyir Mehdizadə efirlərdən uzaq düşməsi barədə danışarkən bir sayta belə deyib: "Bir balaca özümü kənar hiss edirdim, yenidən uyğunlaşmaq lazım idi".

P.S. Ay Üzeyir bala, vallah, biz də sənsizliyə elə təzəcə uyğunlaşırdıq. Sənə and verirəm o olmayan səsinə və sənətinə... Onsuz da indi olmasa da, bir müddətdən sonra olmayan səsinlə, sənətinlə birdəfəlik unudulacaqsan. Yaxşısı budur elə özün könüllü olaraq, beləcə uzaqlaşdığın kimi uzaqlaş. Qoy sənin də özünü zorlayıb müğənni olmaqdan canın dincəlsin, bizim də.

***

Xalq artisti Məleykə Əsədova "Zaurla Günaydın" verilişində bədən quruluşu formada qalmasından danışarkən belə deyib: "Mənim xüsusi həyat tərzim var. Qidalanmağa önəm verirəm, idmanla, plateslə məşğul oluram".

P.S. 56 yaşında bədəni formada saxlamaq, Məleykə xanım, çətin deyil. Əsas olmayan sənəti formada saxlamaqdır ki, bunu da Məleykə xanım hər hansı qida və ya idmanla saxlaya bilməz. Sənəti formada saxlamaq üçün gərək adam içindən, qanından gələn bir güclə sənətkar olsun. Dinənə kimi səhnədə göz yaşları ovcunda olmaq hələ sənətkar olmaq demək deyil. Məleykə xanım da, məhz bu səbəbdən həmişə sənətdən uzaq olub. Amma bu da var ki, sponsor olan yerdə sənət olmasa da olar.

ELÇİN

elcinmemmedliThis email address is being protected from spambots. You need JavaScript enabled to view it.

elcin-mmmdli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN