Üçü birində bəstəkar, müğənni, şairə və  hər üçündən də ala yarımçıq olan (dad yarımçıq əlindən) Elza Seyidcahanın AYB-ə üzv olması  respublikada, sanki zəlzələ effekti yaradıb. Beş-üç nəfərdən başqa əhalinin və sənət adamlarının hamısı Elzanın bu quruma layiq olmadığını bildirdiyi halda, şair Baba Vəziroğlu görün necə açıqlama verir: “Elza Seyidcahanın şeirlərinə bəziləri qəzəblənir, əksəriyyəti gülür. Olsun da gülüş. Mirzə Ələkbər Sabirin şeirlərini oxuyub necə gülürdük?!”.

P.S. Bu gün özünə şair deyən Baba Vəziroğlu Mirzə Ələkbər şeirlərinin satirik gülüşü ilə Elzanın mənasız, şit, söz yığınından ibarət şeirlərinin doğurduğu lağlağı gülüşünü eyni tutursa, aralarındakı gülüşün fərqini bilmirsə, bu, şair kimi Baba Vəziroğlunun və üzvü olduğu AYB-nın faciə içərisində gülüşüdür. Görünür, Baba müəllimin,  özünün dediyi kimi, Kəmaləddin Heydərovla dostluğu, onunla gəmidə tez-tez kabab yeməsi Elza şeirlərinin necə əttökən olduğunu dərk etməyə imkan verməyib və ona görə də Elza barədə açıqlamasında belə deyib: “Yüz dollar deyil ki, hamının xoşuna gəlsin”. Məhz bu səbəbdən də Baba müəllim Elzanın şeirlərinə şeirin gözü ilə yox, 100 dolların gözü ilə baxır. Əşi, Kəmaləddin müəllimlə oturub-duran 100 dolları qoyub, əsl şeirdən, ədəbiyyatdan danışmayacaq ki...

***

Müğənni Röya Ayxan bir sayta verdiyi açıqlamada ailə məsələsindən danışarkən belə deyib: “Heç vaxt ailə qurmayacağam. Amma bir ərəb şeyxi tapsam, səhnədən uzaqlaşacağam”.

P.S. Nə oldu ay Röya, Azərbaycanda kişilər qırılıb-qurtardı? Azərbaycan kişilərinin hesabına bu mərtəbəyə gəlib çatmamısan məgər? Yoxsa, menyunu dəyişmək istəyirsən? M.Müşfiqin  təbirincə desək, “Arzuya bax sevgilim, tellərindən incəmi, Ərəb şeyxi ürəyincəmi?”. Rəhmətliyin nəvəsi, elə bil ərəb şeyxi çölə tökülüb. Bu da sənə Anar deyil e, arvadından boşatdırasan... Ərəb şeyxlərinin arvadlarının sayı-hesabı yoxdur. Hansı birini boşatdıracaqsan?

***

Mətbuatdan məlum olur ki, Gəncə şəhəri, Kəpəz rayonundakı hərbi şəhərçiyin sakini, 100 manat rüşvət alma ittihamı ilə 6 il iş almış Ədalət Məmmədov 6 saylı Cəzacəkmə Müəssisəsinin rəisinə rüşvət verməsindən danışarkən deyib: “...Məmməd Mahmudova 5500 manat rüşvət verib azadlığa çıxdım. İndi 2017-ci ildə rəisə verdiyim 5500 manat pulu tələb edirəm”.

P.S. Rəhmətliyin oğlu elə bil ki, 5500 manat pulu rəis Məmməd Mahmudovun bankına qoyub və üstündən 6 il keçdikdən sonra pulu bankdan çıxartmaq istəyir. Hörmətli Ədalət bəy, hanı bəs sənin ədalətin? Əvvəlla, sən o pula görə azadlığa çıxmısan. Azadlıq istəmirdinsə, o pulu verməyəydin. Bu, bir. İkincisi, mən o rəis Məmməd Mahmudovun yerinə olsaydım, həmin 5500 manat pulu qaytarardım və azadlığın qədrini bilməyən Ədalət Məmmədovu yenidən qaytarıb “içəri” salardım. Sən get 100 manata görə səni  “içəri” salanlarla mübarizə apar, səni “içəri”dən çölə çıxardanlarla yox...

***

Xəbər verilir ki, “Tərtər işi” üzrə bəraət almış hərbçi Emin Aibova maddi və mənəvi zərərə görə 123 min manat təzminat ödəniləcək. Məhkəmənin qərarı ilə həmin pulun verilməsinə cavabdeh kimi Maliyyə Nazirliyi göstərilib.

P.S. Doğrudan da, biz absurdlar ölkəsiyik. A başınıza dönüm, hərbçi Emin bəyə ağıla gəlməyən amansız işgəncələri Maliyyə Nazirliyinin işçiləri vermişdi? Dövlətə xəyanət və digər oxşar maddələri Emin bəyə məgər Maliyyə Nazirliyi yükləmişdi? Məhkəmə prossesində “Tərtər işi”ndə işgəncə verənlərin də, qondarma maddələrlə ittiham edən müstəntiqlərin, bu ittihamlara “dobro” verən hərbi prokurorların da adları konkret göstərilmişdir. Ona görə də saxta ittiham irəli sürən 6 müstəntiq haqqında artıq həbs-qətimkan tədbiri seçilib. Bu günahların sahibi Müdafiə Nazirliyinin, başda Nəcməddin Sadıqov olmaqla, yüksək çinli zabit və generalları, Hərbi Prokurorluğun rəisi Xanlar Vəliyevin və onun başkəsən, quldur prokurorları ola-ola, niyə maddi və mənəvi təzminatı Maliyyə Nazirliyi ödəməlidir? Bax bu, absurdu heç cürə başa düşə bilmirəm.

***

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev “Rossiyskaya qazeta” üçün yazdığı məqalədə nüvə müharibəsindən bəhs edərək yazıb: “Üçüncü dünya müharibəsi başlasa, heç kimə qələbə gətirməyəcək. Yer kürəsinə aclıq və epidemiyalar gələcək. Dünya Karib böhranı zamanı olduğundan daha pis bir qarşıdurma içərisindədir”.

P.S. Deməli, bu “Medved”yev Rusiya ordusunun Ukrayna cəbhəsində uduzmağa doğru getməsini görüb, dünyanı nüvə müharibəsi ilə hədələyir. Maraqlıdır, görəsən, dünyaya “xox” gələn sözləri yazanda “Medved”yev nə qədər “vurubmuş”? “Faciənin” miqyasının böyük olmasından görünür ki, Dima ölü yerindən yarım litri tək aşırıb. Yəqin bir az da “vursaydı”, indi  biz nüvə müharibəsinin törətdiyi fəlakətlərdən yazırdıq.

***

Ötən həftə Bakıda keçirilən Qoşulmama Hərəkatının iclasında prezident İlham Əliyev Ermənistana və Qarabağ ermənilərinə açıq dəstək verən Fransa hökümətini və onun prezidenti E.Makronu sözün birbaşa mənasında və haqlı olaraq yıxıb-sürüdü. Sitat: “Maraqlısı budur ki, Fransa öz daxilindəki etnik qrupların hər hansı separatçılıq meyillərinə qarşı olduqca amansız yanaşır. O cümlədən, hətta korsika dilinə qadağa qoyur və etnik azlıqların konsepsiyasını qəbul etmir. Lakin eyni zamanda özünü Azərbaycandakı erməni milli azlığının müdafiəçisi kimi göstərməyə çalışır, onları bu və ya digər üsullarla separatçılığa təhrik edir”.

P.S. Prezidentin  bu iclasda ingilis dilində Fransa və onun prezidenti E.Makron barədə dedikləri böyük cəsarət nümunəsidir. İndi görək, vaxtilə korrupsiya əməlinə görə Türkiyədən qovulduğundan Fransaya gəlmiş keçmiş bankir erməni Hrant Makronyanın qızı Emma Makronyanın oğlu Emannuel Makron prezidentimizin söylədiyi haqlı iradlardan dərs götürəcəkmi? Amma damarında erməni qanı daşıyan bu zatı çətin ki, dərs götürsün. Bu yerdə neçə deməyim ki, İkinci Dünya müharibəsində Şarl de Qolun silahdaşı, Fransanın Alman faşistlərindən azad olunmasında misilsiz qəhrəmanlıqlar göstərmiş və buna görə Fransanın Milli Qəhrəmanı adına layiq görülmüş azərbaycanlı Əhmədiyyə Cəbrayılovun Fransa dövləti üçün elədikləri burnunuzdan gəlsin. Belə haqqı itirib, çörək tapdalamaq tezliklə Fransaya və onun erməni yanlı prezidenti Makrona baha başa gələcəyinə heç bir şübhəm yoxdur.

***

“Avroviziya” təmsilçimiz olmuş müğənni Samirə Əfəndinin çimərlik paltarında etdiyi rəqsini sosial şəbəkədə paylaşması, guya izləyicilərin marağına səbəb olub.

P.S. Mən başa düşə bilmirəm ki, bu rəqsdə  maraq doğuran nədir axı? Söhbət çimərlik paltarında olan rəqsdən gedirsə, burada da maraqlı heç nə yoxdur. Çünki Samirə Əfəndinin sosial şəbəkələrdə, efirlərdə geydiyi açıq-saçıq paltarlara baxanda, indiki çimərlik paltarı daha abırlı, neçə deyərlər, əsl toya getməlidir.

ELÇİN

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 elcin-mmmdli

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN