Ramiz MÖVSÜM

“Qonaq “spagetti” deyib durmuşdu”

Səfalı kəndinin yeməkxanasında yerli müştərilərlə bərabər, bir nəfər xarici turist də əyləşmişdi.O,mətbəxdə bişən milli xörəklərə bələd olmadığından, nə sifariş edəcəyini bilmirdi. Hər dəfə ofisiant sifariş qəbul etmək üçün əcnəbi qonağa yaxınlaşanda, o “no,no... “ deyib əliylə nəsə qandırmaq istəyirdi.

Məmiqulu bufetçi ilə üzbəsurət dayanıb söhbət edirdi, oğlu İbiş isə pəncərədən boylanaraq söyüd ağacına bağladıqları eşşəyə və onun böyür-başına fırlanan xotuğuna heyran-heyran tamaşa edirdi.

Kimsə bayırda Alabaşın qabağına gəmirilmiş, üstündə adda-budda xırdaca əti qalan iki parça sümük tulladı. Sümüklərdən biri itin qabağına, digəri isə sıçrayıb qoduğun yanına düşdü. Qoduq diksindi.

İt yaxınlığındakı sümüyü dişləri arasında şaqqıldadıb yerə saldı, ikinci sümüyə cumanda, qoduq hürküb üzü enişə götürüldü. Eşşək də qorxub dartındı, başladı anqırmağa.İbiş pəncərədən bu səhnəni görcək, hələ də bufetçi ilə şirin-şirin söhbət edən atasını səslədi:

-Ay dədə, sıpa getdi, tez gəl!..

Bayaqdan sakitcə əyləşib nə sifariş edəcəyini bilməyən xarici qonaq “sıpa getdi” sözünü eşitcək,yerində qurcalanmağa başladı və tez ofisiantı çağırıb dedi:

-Ay yem spagetti!...

Qonaq elə zənn etdi ki,ondan başqa da spagetti sifariş verən var. Buna görə də onun gülümsər baxışları İbişin üzünə dikilmişdi. İbiş isə bu səmimiyyətin hansı səbəbdən yarandığını dərk etmirdi.

Ofisiantın ləng tərpəndiyini görən əcnəbi qonaq sifarişini ona bir də xatırlatdı:

-Spagetti!..

Ofisiant bu dilbilməzin əlində qalmışdı, bilmirdi ona nə desin...

Qonaq bir də “spagetti “ deyəndə, ofisiant cavabında dedi:

-Hə, sıpa getdi!..

Bufetçi baxıb gördü ki, qonaqla ofisiantın söhbətində bir anlaşılmazlıq var. Bu vaxt onun beyninə qəribə bir fikir gəldi.Əyilib yavaşca Məmiqulunun qulağına pıçıldadı:

-Ə,deyəsən bu xarici qonaq sıpanı kəsdirib yemək istəyir. Bilirsən də xaricdə it əti, eşşək əti yeyirlər. Bizdə qanun onların xeyrinə işləyir. Bu dəqiqə başbilənlərimiz duyuq düşsələr ki, burada xarici turistin könlündən sıpa əti keçir, əlini sıpadan üz!..

Bu söhbəti eşitcək, Məmiqulunun dili topuq çalmağa başladı:

-Nə danışırsan, ay qohum?!

Bufetçi dedi:

-Başın haqqı elədir! Səni istəməsəm, demərəm. Qoy gədən sıpanın dalınca getsin, sən də eşşəyin başın aç, tərpən gəldiyin yerə. Amandır, bəri qayıtmayın, yoxsa bizi də işə salarsınız!.. Görək başımıza nə çarə qılırıq!..

Məmiqulu nə dedisə, İbiş sıpanın dalınca götürüldü. Özü də xəlvətcə sıpıxıb aradan çıxdı.

Həm ofisiantın, həm də bufetçinin yaxası qalmışdı əcnəbinin əlində. Qonaq “spagetti” deyib durmuşdu. Bu andaca aşbaz şişman qarnının üstündə dartışa qalan döşlüyünə əllərini silə-silə onlara yaxınlaşdı.

Bufetçi üzünü aşbaza tutub dedi:

-Ay fərsiz, gözünü niyə döyürsən? Müxtəsər, əcnəbi qonağın iştahından sıpa əti

keçir.Nə fərqi var, sıpa əti olmasın, mal əti olsun?!

Aşbaz boğuq səslə dilləndi:

-Ət qurtarıb, axırıncı tikələr supa getdi.

Qonaq sevincək dilləndi:

-Yes, yes, ay yem spagetti deyib, əliylə aşbaza işarə etdi ki, gətirsin.

Məsələ bir az da qəlizləşdi.Yazıq aşbaz söhbətə qoşulduğuna peşiman oldu. Turist ofisiantla bufetçidən əl çəkib, indi də düşdü aşbazın üstünə .

Qonaq bir də təkrar etdi:

-Ay yem spagetti!

Bufetçi söhbətə qarışdı:

-Sıpa getdi,yoxdur!.. Sonra da “yoxdur” sözünü qonağa anlatmaq üçün qollarını “X” şəklində çarpazlayıb ona göstərdi.

Turist onların donuq gözlərinə baxıb istehzayla gülümsündü. Durub gedəndə haradasa eşitdiyi və mənasını bildiyi bir söz dilinə gəldi:

-Ujas!..

Əcnəbi qonağın yeyəcəyi olmasa da, deyəcəyi oldu, özü də necə!..

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN