2 noyabr 2021-ci il tarixdə Milli Televiziya və Radio Şurasında ümumölkə televiziya kanallarının proqram direktorları və xəbər departamentlərinin rəhbərləri ilə görüş keçirilmişdir.

Görüşdə son günlər cinsi təcavüzə məruz qalmış, dünyaya uşaq gətirmiş 11 yaşlı qızla bağlı bir sıra televiziya kanallarında yayılan xəbərlərdə şəxsi toxunulmazlıq məsələlərinə əməl olunmamasından, belə halların efir məkanında geniş müzakirəyə səbəb olmasının mənfi təsirlərindən danışılmışdır.

Şura sədri İsmət Səttarov bildirmişdir ki, müxtəlif cinayət əməlləri ilə bağlı azyaşlıların kimliyinin efirdə açıq şəkildə yayılması yanlışdır. Azərbaycan və ümumən digər ölkələrdə jurnalistlərin peşə etikası kodeksində bu məsələ açıq şəkildə əksini tapmışdır ki, uşaqlar cinsi istismara məruz qalıbsa, yaxud cinayət törədibsə, efirdə onların anonimliyi qorunmalı, proqramlarda hadisələr təqdim olunduqda şəxsi toxunulmazılıq ilə bağlı tələbələrə əməl olunmalıdır – üz göstərilməməli, ad və soyad dəyişdirilməli, zərərçəkənin tanınması və bununlada əlavə psixoloji təzyiqə məruz qalmaması üçün lazımi tədbirlər görülməlidir. Baş vermiş hadisənin ümumi və ya birtərəfli şərh olunması, zərərçəkmiş uşaqlardan müsahibə alınması, subyektiv fikir yürüdülməsi, hadisə ətrafında sosial şəbəkələrdə gedən müzakirələrin ümumölkə efirinə daşınması yolverilməzdir.

Görüş zamanı, həmçinin, Vətən müharibəsi şəhidləri ilə bağlı televiziya kanallarında yayımlanan süjet və reportajların statistikası ətrafında fikir mübadiləsi aparılmış, haqqında heç bir kanalda efirə süjet və ya reportaj getməmiş şəhidlər barədə materialların hazıllanması və yayımlanması tövsiyə olunmuşdur.

***

"Əmin olun ki, bəzi məsələlərdəki həssaslığımız, o cümlədən susmağımız da elə cəmiyyətimizin mənafeyi naminədir"

Qeyd edək ki, dünən Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov da Facebook hesabında təcavüzə uğrayan uşaqla bağlı yayılan xəbərlərə münasibət bildirib. O qeyd edib ki, məsələni müzakirəyə çıxarmaq məcburiyyətindəyik və onu da görürəm ki, bəzi həmkarlarımız bu tip diskussiyaları az qala kütləvi informasiya vasitələrinə təzyiq göstərmək niyyəti olaraq ictimailəşdirir. Nəticədə  həm də problemdən uzaq düşürük:

"Baxın, 11 yaşlı qıza təcavüz məsələsi medianın baş mövzusu oldu. Əlbəttə, hadisə son dərəcə dəhşətlidir, ağlagəlməz dərəcədə dəhşətli. Ancaq fikrimcə, ən böyük dəhşət bu xəbərə həddən artıq çox yer verilməsi, bəzən hiddətli təqdimatların nəzərə çarpmasıdır. Diqqət edək, bu təqdimatlar sosial şəbəkələrdə yayılır. Onlara verilən reaksiyalara da diqqətlə nəzər salaq. Hadisədə təqsirli bilinənin asılmalı, güllələnməli və yazmağa çətinlik çəkdiyim başqa cəzalara layiq görülməli olduğunu bildirənlər var. Əzizlərim, bunları ictimai qınaq sayırsınız? Düşünün, media olaraq XXI əsrin azərbaycanlısından orta əsr cəza mexanizmlərini tətbiq etmək istəyən obraz formalaşdırırsınız. Yenə də deyirəm, hadisə dəhşətlidir. Cəmiyyətimiz də yekcins deyil təbii. Hərənin bir reaksiya tərzi var. Sabah mövzu ilə bağlı mütəmadi xəbərlər, müxtəlif təqdimatlar oxuyan sıravi vətəndaş, zərərçəkənin qohumu, əzizi, doğması istəməzmi ki, gedib cinayət şübhəlisi ilə haqq-hesab çürütsün? Bəs hüquqi dövlət? Axı biz bu anlayışın dərinləşməsi üçün çalışırıq.
Cəmiyyətdə xəstə, naqis, yaramaz, davranışları heç bir əndazəyə sığmayan insanlar hər zaman olub. Bəli, belələrinə qarşı ictimai qınaq da vacibdir. Amma hər məsələ spesifikdir. Eləsi var ki, üzərində çox dayanılmamalı, hətta ümumiyyətlə yazılmamalı, deyilməməlidir. Və əmin olun ki, bəzi məsələlərdəki həssaslığımız, o cümlədən susmağımız da elə cəmiyyətimizin mənafeyi naminədir. Haqqında söz açdığım hadisə ilə əlaqədar nəhayət susmağımız da".
TƏQDİM EDTDİ: Y.MƏMMƏDLİ
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN