Redaksiyamıza Ucar şəhəri, Babək küçəsi ev 6 ünvanında yaşayan İbrahimov Mikayıl Hüseyn oğlu tərəfindən şikayət məktubu daxil olub.

Mikayıl İbrahimov 63 yaşlı anadangəlmə şikəst, həm də danışa bilməyən qardaşı Şahin İbrahimova əlilliyə görə təyin edilmiş təqaüdünün əlillik müddəti bitdiyi üçün ala bilməməsindən şikayətçidir. Və yataq xəstəsi olan qardaşının hazırkı vəziyyətini əks etdirən videogörüntüsünü də göndərib. Hansı ki, əvvəlcədən youtube-yə yerləşdirilib. Bu videoçəkiliş barədə az sonra bəhs edəcəyik...

Qeyd edək ki, şikayətçi məktubunda “Mənim qardaşım 25 iyul 1959-cu il tarixdə anadan olmuş İbrahimov Şahin Hüseyn oğlu anadangəlmə şikəst doğulub. Buna görə o, əlil hesab edilib və təqaüd alıb. Qardaşım hazırda tam iflic vəziyyətində olmaqla hərəkət edə və danışa bilmir, həmçinin əqli gerilik xəstəliyi də var. Bir neçə aydır ki, qardaşımın əlillik müddəti bitib. Yataq xəstəsi olduğu üçün onu xəstəxanaya müayinəyə apara bilmirik ki, sənədlərini Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərsinlər”, - deyə bildirir.

Şikayətçi daha sonra məktubunda qardaşının ağır vəziyyətdə olmasına baxmayaraq, Ucar rayon Xəstəxanasının (Zeynal həkimin) və 13 saylı Tibbi Sosial Ekspertiza Komissiyasının laqeyd münasibətindən bəhs edir.

 “Bunu isə Ucar rayon Xəstəxanası və 13 saylı Tibbi Sosial Ekspertiza Komissiayası etmək istəmirlər. Dəfələrlə onlara müraciətlər etsəm də heç bir tədbir görmürlər. Qardaşım ağır xəstə olduğu üçün ailə həyatı qurmayıb. Ona valideynlərim sağ olanda baxıb. İndi isə valideynlərimiz vəfat edib deyə, mən və ailə üzvlərim ona baxırıq. O, tam hərəkətsizdir, danışa belə bilmir. Belə bir ağır yataq xəstəsinin əlilliyinin təkrar təyin edilməməsi qanunsuzluqdur. Gücümüz çatmır deyə onu ayaqyoluna apara bilmirik. Buna görə yatağına... edir. Çox acınacaqlı və dəhşətli mənzərədir. Mənim övladım, həyat yoldaşım onun altını təmizləyir və buna görə onlar çox əziyyət çəkirlər. Sizdən xahiş edirəm, nümayəndənizi göndərin, gəlib baxıb, müayinə etsinlər və ağır yataq xəstəsi olan qardaşım Şahin İbrahimova əlillik dərəcəsinin təyin edilməsinə köməklik göstərəsiniz”, - deyə qeyd edib.

Qeyd edək ki, şikayətçi əlaqə telefonunu da bizə göndərib. 

Məktubda yazılanlardan və (bizə linki göndərilib) həmin youtube-yə yerləşdirilmiş videodan mənzərənin deyildiyi kimi olduğunu biz də gördük... Orda çəkiliş aparan jurnalist (?) kimdirsə gördüklərini (xəstənin üzundən, daha sonra şalvarının üstündən yorğanı götüzdürərək), hətta burnu hiss etdiklərini də dilə gətirir... Bu isə dəhşət idi, həm də qeyri-etikdir. Çəkiliş aparan şəxs yataq xəstəsinin üzünü açdıraraq, üzünü göstərməyə məcbur edir (o, bəlkə də halından utanaraq üzünü örtmüşdü), yatağına  ... etməsi barədə, həmçinin ətrafdan gələn üfunət qoxusu barədə danışır...

Əvvəla, yatağından qalxa bilməyən, baxıma möhtac olan birinin (danışıb etiraz edə bilmirsə) yataq qoxusundan danışmaq mədəniyyətsizlikdi, həmin şəxsə qarşı tərbiyəsizlikdir. Əgər baxıma möhtacdırsa, onu bu qədər aşağılamağa (onun guya bu yolla halını göstərmək istəyir aidiyyatı qurumlara və ictimaiyyətə)  kim ixtiyar verib?

 

*** 

İndi isə (əvvəllər ikinci qrup) əlilik dərəcəsi təyin edilmiş, hazırda təqaüdü kəsilmiş yataq xəstəsinin əlillik məsələsinə toxunaq. 

Birincisi, bu insan doğuşdan yataq xəstəsidirsə, baxıma möhtaclı biridirsə, belələrinə birmənalı olaraq ömürlük əlillik təyin edilir – müddətli yox. Əgər müəyyən səbəbdən onun təqaüdü kəsilirsə və vəziyyəti ilə bağlı dəfələrlə müraciət edilməsinə baxmayaraq, əlaqədar qurumlar gözardı edirsə, bu, qanun pozuntusudur, cinayətdir. Belə vəzifəli şəxslərin davranışı insanları ƏƏSMN-dən və şəxsən nazir Sahil Babayevdən narazı salmağa xidmət edir.

İkincisi, belə yataq xəstələrinə təqaüd təyin edildikdən sonra ailələrində onlara necə qayğı göstərilməsi də nəzarətə götürülməlidir. Məsələn, elə şikayətçi Mikayıl İbrahimovun qardaşı üçün tələb etdiyi təqaüdü qardaşının qidasına, əyin-başına, dava dərmanına necə xərclədiyi onun yatağındakı vəziyyətinə baxanda məlum olur. Məgər pensiya verilən vaxt Şahin İbrahimovun yatağı təmiz olub, gündəlik təlabatları yerinə yetirilib, çimizdirilib, xidmətində durulub, onunla insan kimi davranılıb? Axı hər şey göz önündədir. Əgər onun təmizliyinə riayət olunsaydı, ayaqlarını yara basmazdı, qulluğunda durulsaydı, çirkab içində yatmazdı. Ürəyində rəhm, insaf deyilən hiss olan birisi bütün bunlara yol verə bilməz. Ən azından baxmaq istəmirsənsə, müraciət et, onu xəstəxanaya, xüsusi baxıma ehtiyacı olanlar üçün nəzərdə tutulan müalicə müəssisəsinə - qocalar evinə yerləşdirsinlər. Axı o, insandı!

Sonda, əlaqədar təşkilatlara üzümüzü tutaraq bildiririk ki, Ucar şəhəri, Babək küçəsi ev 6 ünvanında yaşayan İbrahimov Şahin Hüseyn oğlunun vəziyyəti ilə maraqlanın, qanuni haqqı olan təqaüdünü bərpa edin, lakin o vəziyyətdə yaşamağa məcbur edilən yataq xəstəsini ailəsinə deyil, dövlət müəssisələrinə etibar edin. Çünki o da insandı və onun da insan kimi yaşamağa haqqı var.

Mövzunu diqqətdə saxlayacağıq.

JASMİN

Pin It

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN