Bəlkə də insan oğlunun və insanlığın mahiyyəti özünü müqəddəs "Avesta"dakı "Yaxşı fikir, yaxşı söz, yaxşı əməl" fikrində ifadə edir.

Mənə elə gəlir ki, bu fikir ötən əsrin 80-ci illərindən mənfur qonşularımızın xalqımıza qarşı torpaq iddiaları ilə başlayan müharibə və bu müharibədə yaşamalı olduğumuz köçkünlük həyatı zamanı özünü daha qabarıq şəkildə göstərmiş oldu. Düşmənin arxalandığı havadarları ilə Qarabağdakı işğalları  köçkün düşən əhali üçün bir formada, bu əhaliyə qucaq açan əhali üçün də bir formada sınaq deyildimi? Həmin illərdə xalqımıza məxsus olan müsbət milli dəyərlər özünü gaha qabarıq şəkildə göstərdi. İlk növbədə də xeyirxahlıq kimi özünü göstərən əməllər. 90-cı illərin əvvəllərində ev-eşiyindən, doğma yurd-yuvasından didərgin salınmış, özləri ilə “problemlər” gətirən dərdli insanlara qucaq açmaq adi bir iş deyildi. Bu, milli-mənəvi dəyər və xeyirxahlıqdan qaynaqlanan xeyriyyəçilik idi. Xeyirxahlıq da insan üçün heç zaman köhnəlməyən libasdır (bir dahi)...

İsti avqust ayının ikinci ongünlüyündə telefonuma Mərzili kənd orta məktəbinin müəllimi olmuş, tanınmış idmançı, bu gün yaşının ahıl dövrünə qədəm qoymuş Məmmədov Qələndər İsgəndər oğlundan zəng gəldi. Səsindəki kövrəklik, hiss etdiyim qəhər əziz müəllimimin ovqatından xəbər verirdi. Torpaqlarımızın azad olunması yurd həsrətini səngitmiş olsa da, doğma Mərziliyə dönüşümüzün gerçəkləşməməsi Qələndər müəllimin nigarançılığının səbəbi olduğunu düşünməyə bilməzdim. Danışdıqca cözələnən xatirələr məni də köçkün düşdüyümüz illərin ovqatına köklədi. Qələndər müəllim kəndimizə düşmənlərin ilk dəfə daxil ola bildikləri və 50-dən çox evi yandırdıqları 1992-ci ilin qarlı-şaxtalı dekabr günlərində köçkün düşərək Beyləqan rayonunun Araz Çəmənlisi deyilən kəndə, 3 ildən sonra İsmayıllı rayonunun Baskal kəndinə və nəhayət Ağdam rayonu ərazisində salınmış “4 yol 1” qəsəbəsində nisbi “rahatlıq” tapdıqlarını xatırlatdı. Söz arasında ovqatına uyğun olaraq ömrünün neçə onilliyinin Dəlidağ yaylaqlarında keçirdiyini də yada salan Qələndər müəllim məni İsmayıllı dağlarına yay gəzintisinə dəvət etdi...

Mənimsə ürəyimdən keçən düzlərindəki yovşanının ətrini hələ də unutmadığım doğma Mərziliyə getməkdir ki, hətta bundan ötrü Qarabağ regionunda prezidentin rəsmi nümayəndəsi Emin müəllimə rəsmi müraciət də etmişəm. Ancaq telefonu qapatdıqdan sonra da əziz müəllimimin söhbətinin təsirindən çıxa bilmədim və nəticə də aşağıdakı şeir bir təsəllim oldu.

Ustad, çağırırsan “yad elə”  məni,

Hansı  şad xəbərlə, soraqla gəlim?

Çağır Qarabağa - doğma yerlərə,

Minbir həvəs ilə, maraqla gəlim.

 

Alqışlaram nəğmə deyən dilləri,

Səngərlərdə silah tutan əlləri,

Qələbə gətirən ötən illəri...

Vəsf üçün qələmlə, varaqla gəlim.

 

Kim deyər ki, şair elsiz keçinə,

O, qoşulub geri dönən köçünə.

Çağır məni Şühralıda biçinə,

Mən ora ovxarlı oraqla gəlim.

 

Vətəndə vətənsiz düşdü yadıma,

30 il yanmışıq həsrət oduna...

İllərdir Yusifin elin adına

Yazdığı kitabı varaqla gəlim.

Şeiri göndərməyimdən 10 dəqiqə sonra  yenidən müəllimimin telefon zəngini açası oldum. Bu dəfə Qələndər müəllim daha böyük ərkiyanəliklə danışmağa, necə deyərlər, “ürəyini boşaltmağa “ başladı:

- Bu dəfə səni elə bir yerə dəvət edirəm ki, imtina edə bilməyəsən... Çoxdandır getmək istədiyim ünvana müxtəlif səbəblərdən gedə bilməmişəm. Oranı görmək, bizə 1992-ci ildə qucaq açmış insanı-adaşım Qələndər Alışovu ziyarət etmək istəyirəm. İmtina etmə, birlikdə gedək böyük ürək sahibi olan insanın, onun ailəsinin görüşünə. Özü də “Tərəqqi” medallı “Əməkdar müəllim” Allahverdi Nəsiboğlunun maşını ilə gedək. Elə-belə demirlər ki, hər şey vaxtın əlində, qismət baxtın əlindədir. O zaman qismətimiz bizi adaşım Qələndərə ürcah etdi. Onunla raştlaşmağımızı həqiqətən də taleyin uğurlu bir qisməti hesab etmişəm həmişə. O insanın xeyirxahlığının, xeyriyyəçiliyinin bənzəri ola bilməz. O, 11 nəfərlik ailəmizə yaşadıqları evin ikisini verdi, özləri ikisinə sıxlaşdılar, məhləsini verdi. Gör xalqımızın necə kişiləri var...

Müəllimim danışdıqca kövrəlir və hərdən təkrar olaraq deyirdi ki, səhhətimdə rahatsızlığım var, mən o zaman bizə ocağının odunu verən ailəni ziyarət etmədən bu dünyadan köçə bilmərəm... Təbii ki, müəllimimin ikinci təklifindən imtina edə bilməzdim. Telefonu qapatdıqdan sonra yenə Qələndər müəllimin danışığının təsiri ilə yenidən qələmi götürüb onun adından dostuna həsr etdiyim aşağıdakı şeiri yazası oldum.

“92”,  cətin günün bir sınaq,

Baş üstündə hər gün tənə , bir qınaq...

Saf, təmiz insana biz olduq qonaq,

Qarşıladı hərarətlə, odla bizi.

 

“Quşbaşı”dan qar qalxarkən lap dizə,

Qardaş kimi qucaq açdı o bizə,

Tez öyrəşdik-biz onlara, o bizə,

Çağırmadı “qaçqın”, “köşkün” adla bizi.

 

Sildi ürəyimdə olan qubarı,-

Ev  verdi-yaşadıq neçə baharı.

Dərərdik bağından heyvanı, narı...

Bağı təmin etdi hər “dadla”  bizi.

 

Ürək açıb, sirr söyləyib sirdaş etdi,

Üz tutduğu ünvanlara yoldaş etdi.

İnanaraq gör kiminlə qardaş etdi-

Ağatək insanla, ustadla bizi.

 

Tək yaxşılıq gələn gördüm əlindən,

Xoş kəlmələr düşməz idi dilindən,

O, tutmadı bizi ayrı elindən,

O - adaşım dost eylədi yadla bizi.

Bəli, səfərimiz reallaşdı. Hörmətli müəllimimin ağrılı-acılı 30 il əvvəl Beyləqanın Araz Çəmənlisi kəndində Qələndər Alışovla əsası qoyulan dostluğuna yeni bir səhifə də əlavə olundu. Bizi qurban kəsməklə qarşıladı Qələndər Alışov və onun ailə üzvləri. Bu görüş iştirakçılarının sayına görə böyük bir tədbiri xatırladırdı. Qələndər müəllimin görüşünə gələnlərdən Əzizağa Çəmənlini, Elsevər Şirinovu, Rafiq Şirinovu, Alışovun qudasını, oğlunu, nəvəsi - Balaca Qələndəri, Dəyirmançı Ağanı, Səməndər Bəşiroğlunu və daha bir çox qonum-qonşuları xatırlada bilərəm.

Kaş, bütün insanlar sınaqlardan xeyirxahlıqlarının qələbəsi və xeyirxahlığın qədrini bilən tanıdığım Qələndərlər kimi çıxaydı! Biz Çəmənlidən qayıdarkən ağır atletika üzrə SSRİ idman ustası, 7 dəfə Azərbaycan çempionu olmuş 4-cü Qələndərlə də (Xıdırovla) görüşməyi özümüzə borc bildik...

Yusif Millətoğlu,

şair-publisist, AYB-nin üzvü

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN